“Araz şahiddir”

Tarixin müxtəlif dövrlərində olduğu kimi, 1918-1920-ci illərdə də Naxçıvan əhalisinə daşnak erməni quldur dəstələri hücumlar etmiş,  amma  məğlub olaraq fərar ediblər. 1999-cu ilin 4 fevralında, hələ o dövrdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının 75 illiyinin qeyd edilməsi haqqında verdiyi xüsusi fərmanında Naxçıvanın qədim və müasir tarixinin, mədəniyyətinin, onun qəhrəmanlıq ənənələrinin, böyük şəxsiyyətlərinin dərindən və ətraflı öyrənilməsini bir vəzifə olaraq qarşımıza qoyub. Bu fərman sayəsində vaxtilə sovet dövründə, kommunist rejimində yazılmasına və deyilməsinə imkan verilməyən, daim xalqdan gizli saxlanılan sənədlərin, tarixi hadisələrin və xatirələrin yazılıb geniş xalq kütləsinə çatdırılmasına əlverişli imkan yaranıb.

 

Məlum bir həqiqətdir ki, “Böyük Ermənistan” yaratmaq ideyasını gerçəkləşdirmək üçün ermənilər 1918-1920-ci illərdə Azərbaycanın başqa bölgələrində olduğu kimi Naxçıvanda da türk-müsəlman əhalisini qırıb yox etmək cəhdi ilə qanlı cinayətlər törədib. Ermənilərin törətdiyi bu cinayətlər sovet dövründə ört-basdır edilsə də, lakin həmin cinayətləri öz  gözləri ilə görənlər daşnakların bu əməllərini xalqımıza çatdırmağa nail olub.

 

Bu cinayətləri öz gözləri ilə görənlərdən biri də 1903-cü ildə Naxçıvanda doğulub, boya-başa çatan Lətif Hüseynzadədir. Lətif  Hüseynzadə 1930-cu ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsindən məzun olduqdan sonra uzun illər İrəvanda, Naxçıvanda, Bakıda  müəllimlik edib.  “Əməkdar müəllim” adına qədər yüksələn L.Hüseynzadə Türkiyə-Azərbaycan dostluq əlaqələrinin möhkəmlənməsində də yaxından iştirak edib. O, türk ordusunun, Şərq cəbhə komandiri general Kazım Qarabəkir Paşanın qəhrəmanlıq şücaətlərinin təbliği sahəsində xidmətlərinə görə Türkiyənin “Türk Kara Küvvetleri Komutanlığı” ordeni ilə də təltif olunub. 106 illik mənalı həyat sürən Lətif müəllim tariximiz, ədəbiyyatımız, mədəniyyətimizə dair dəyərli kitablar, memuarlar, xatirələr yazıb.

 

Ulu  öndərimiz  Heydər Əliyev Lətif  Hüseynzadənin elm, maarif və pedaqoji fəaliyyət sahəsində göstərdiyi xidmətlərini həmişə yüksək qiymətləndirib, onu “İstiqlal”  ordeni ilə təltif  edərək  demişdir: “Lətif Hüseynzadə - özü  bir  tarixdir!”

 

Lətif Hüseynzadənin müəllifi olduğu “Araz şahiddir. Türk ordu generalı  Kazım Qarabəkir Paşa Naxçıvanda” adlı kitabının təkrar  nəşri (2018, ADPU nəşriyyatı. Elmi redaktoru və ön  sözün müəllifi akademik  İsmayıl Hacıyev, rəyçi akademik  İsa Həbibbəyli və redaktor professor Rüfət Hüseynzadə) yenə  də  yaddaşımızı,  keçmiş hadisələri  bir  daha  bizə  xatırlatdı.  Lətif  Hüseynzadə kitabında gözləri ilə gördüyü, şahidi olduğu o dövrün acısını, qanlı hadisələrini qələmə alıb. O həmçinin kitabında  özünü Kazım Qarabəkir Paşanın əsgəri olması ilə fəxr edərək, onun qəhrəmanlıq şücaətlərini, Naxçıvanın taleyində oynadığı rolu əks etdirib.

 

Lətif Hüseynzadə öz xatirələrində yazmışdır: “1918-ci il mart ayının əvvəllərində Naxçıvan camaatı əziz Novruz bayramını şən keçirmək həvəsi ilə hazırlaşdıqları bir zamanda ermənilər şəhərin Şahab, Əlixanlı, Zaviyə məhəllələrini top atəşinə tutdular. Yaşadığımız Sarvanlar məhəlləsini və bu məhəlləyə yaxın Gomayi, Dizə, Xoşulu məhəllələrinə od vurub yandırdılar... Əgər türk ordusu, Kazım Qarabəkir Paşanın ordusu Naxçıvana köməyə gəlməsəydi bu vilayətdə bir nəfər türk-müsəlman qalmayacaqdı. Bütün bunlar mənim gözlərimin qarşısında olmuşdur”.

 

Bu kitabda  tarixi faktlar elə dəqiq və müfəssəl şərh edilib ki, hər bir tarixçi bu kitabdan faydalana bilər. Kazım Qarabəkir  Paşa ilə  Hüseyn Cavidin  dostluğuna xüsusi yer ayıran müəllif kitabda yeri gəldikcə şeir, bədii  parça  nümunələrindən də məharətlə istifadə edib. Həmçinin kitabda  döyüş səhnələri, həbri strategiyalar və siyasi anlaşmalar yerli-yerində tam dəqiqliklə öz əksini tapıb. Lətif Hüseynzadənin hadisələri, döyüş meydanlarını  öz gözləri ilə görməsi və iştirakçısı olması, həmçinin dahi şairimiz Hüseyn Cavidin şagirdi, Kazım Qarabəkir Paşanın əsgəri, xatirələrinin isə daha canlı və aydın, daha zəngin və məlumatlı olması kitabın maraqlı və oxunaqlı olmasına zəmin yaradıb. Bu cəhətdən kitabı oxuduqca  sanki özünü bu hadisələrin içində hiss  edirsən, hadisələrin iştirakçısına  çevrilirsən. Elə  bu səbəbdən də bu kitaba istinad edilərək profesoor Adil Babayev pyes, yazıçı-müəllim, pedaqoq, məktəb  direktoru Səadət İskəndər “Qarsa gedən yol” adlı  roman,  yazıçı Güllü Məmmədova isə “Qarabəkir əfsanəsi” adlı sənədli  roman  yazıb.

 

Kitabda qeyd edilir ki, Azərbaycanda Demokratik Cümhuriyyət yarananda Kalbalı Xan Naxçıvanski Kəngərli Naxçıvanda yenicə yaradılmış “Milli komitə”nin təşkil etdiyi orduya baş komandan təyin olunur. Lətif müəllim bu ordunun yaradılmasını təfsilatı ilə  dəqiq  təsvir  və hətta ordu quruculuğunda çeçen zabiti Böyük Xanın bu orduya top, silah-sursatla  yardım etməsini nadir bir fakt kimi  qeyd edir.

 

Ermənilərin daşnak erməni birləşmələrindən yardım alaraq Naxçıvanı daim narahat etdiyini qeyd edən Lətif Hüseynzadə göstərir ki,  Naxçıvan ordusu onlara güc gələn kimi, ermənilər tez aman diləyir, təslim olurdular. Amma yenidən qüvvə toplayan ermənilər öz quldurluqlarından əl çəkmirdilər.

 

Kitabdan oxuyuruq ki, 1918-ci ilin iyun ayının əvvəllərində Andranik 15 minlik quldur dəstəsi ilə qəflətən Naxçıvan ərazisinə soxulmuşdu. Onlar ilk addımlarında 700 evlik Culfanın Yaycı kəndinin əhalisini qılınc, xəncər və süngü ilə qətl edərək Araz çayına tökmüşdülər. Araz bu qanlı cinayətlərə şahiddir.

 

Andranikin qoşunu Nehrəm kəndini mühasirəyə alıb kəndi top atəşinə tutmuşdusa da kəndə girə bilməmiş, amma kənd ətrafinda obalara hücum edərək oradakı qadın, uşaq və çobanları vəhşicəsinə öldürmüşdülər. Andranik Naxçıvanın türk-müsəlman əhalisini qırıb, şəhəri işğal etmək üçün ciddi hərəkətə keçmişdi. Əhali soyqırım qarşısında, vətən erməni işğalı təhlükəsində idi.

 

Bu  zaman 1918-ci ilin iyul ayının 7-də şanlı Türk ordusu Naxçıvanı erməni işğalından xilas etmək üçün zəfər marşı ilə şəhərə daxil oldu. Naxçıvan əhalisi türk ordusunu böyük məhəbbətlə qarşıladı. Məlum olur ki, Mustafa Kamal Atatürk Naxçıvana xüsusi diqqət və qayğı göstərib və bu diyarı “Türk qapısı” adlandırıb. Kazım Qarabəkir Paşa isə  Naxçıvanı “Şərq qapısı” adlandırıb. Naxçıvanda nəşr olunan  dövlət qəzeti “Şərq qapısı” adı da məhz   buradan götürülüb.

 

Əsərdə Kazım Qarabəkir Paşanın təşəbbüsü ilə “Naxçıvan Araz-türk cümhuriyyəti”nin təşkilindən və o zaman Naxçıvanda yaşayan böyük şairimiz Hüseyn Cavidlə Kazım Qarabəkir Paşa arasındakı dostluq əlaqələrindən, Naxçıvanın gələcək taleyi üçün bu dostluq əlaqələrinin böyük əhəmiyyətindən bəhs olunur. Burada bir sıra maraqlı faktlar, hadisələr verilib ki, bunlar tarixşünaslığımız, cavidşünaslıq və habelə Kazım Qarabəkir Paşanın həyat və döyüş fəaliyyətinin indiyə qədər bilinməyən cəhətlərini öyrənmək baxımından həm Türkiyə oxucusu, həm də Azərbaycan oxucusu üçün oduqca əhəmiyyətlidir.

 

Lətif  Hüseynzadə kitabında Hüseyn Cavid barədə  məlumat  verərkən öz müəlliminə olan dərin hörmət və məhəbbətini səmimi sözlərlə təsvir  edir. Kazım Qarabəkir Paşanın özü də Cavid Əfəndiyə ustad kimi yanaşmışdır. Əsərdən bəlli olur ki, Türkiyənin Naxçıvana ordu göndərməsində Kazım Qarabəkir Paşanın cani-dildən  çarpışmasında hadisələrin bizim xeyrimizə istiqamətlənməsində Hüseyn Cavidin böyük rolu olub.

 

Türk ordusunun Naxçıvandan getməsi ərəfəsində Rüşdiyyə məktəbində Kazım Qarabəkir Paşa ilə vida görüşü keçirilib. Lətif Hüseynzadə xatirələrində qeyd edir ki, bu görüşdə Kazım Qarabəkir Paşa “Naxçıvan xatirələrini” nümayiş etdirərkən burada çəkdiyi rəsmləri göstərib və “Çocuklara öyüdlərim” adlı əsərinin bir əlyazma nüsxəsini Cavid əfəndiyə hədiyyə olaraq verib. Sonra üzərində Şərur, Naxçıvan, Culfa, Ordubad bölgələrində “Erməni məzalimi”-adlı yazdığı kitabın  əlyazmasını göstərərək deyib: “Bən bu xatirələrimdə bu bölgələrdə ermənilərin fənalıqlarını, öldürdükləri insanların sayını, yakdıqları köylərin miqdarını toplayıb yazmışam. Bunu Türkiyədə çap etdirib bütün dünyaya yayacağam”. Sonralar Cavid əfəndi 1921-ci ildə “Çocuklara öyüdlərim” əsərini Bakıda nəşr  etdirdi.

 

Məktəbdə vida görüşündən sonra şəhər  camaatı, Kazım Qarabəkir Paşa, bir çox əsgər və zabitlər, Cavid əfəndi o zaman “Sultaniyyə” adlanan indiki “Böyük bağ”da döyüşlərdə həlak olmuş türk əsgərlərinin məzarlarını ziyarətə-vida görüşünə getdilər. Müəllimimiz türk dünyasının böyük şairi Cavid əfəndi şəhidlərin ruhuna fatihə oxuduqdan sonra dedi: Şəhidlər tanrı aşiqləri ərlər-ərənlərdir, millət vətən fədailəri qəhrəmanlardır. Şəhidlər ölməz, onlar əbədiyyətə qovuşarlar. Sonra  bir şeirini  dedi: 

 

 

“Vətən eşqinə can nişan edən ərlər

 

Əbədi bir həyat içində gülər”

 

 

Sonra Kazım Qarabəkir Paşa məzar önünə keçərək şəhidlərin ruhuna fatihə oxuduqdan sonra məzarın başdaşı yanında diz çöküb çox hüznlü bir halda dedi:

 

 

Yolçu: Gel bir kaç dakika yolundan kal!

 

Bir fatihe sun! Büyük sevap al!...

 

Korkma .. Eger açıqsa alnın,

 

Toprağın altı, üstünden de aydın!.

 

Ben gideyorum, sen rahat uyu bu toprakda

 

 

Ana yurtdur, türk yurtudur bu toprak da

 

 

Al kanından kızıl lalə, elvan güller bitecekdir bu toprakda

 

Geliceyim yine  bir gün mezarının önünde ben

 

Secde  edib muhebbetle görüşerik seninleben bu toprakda

 

Paşa gözlərı yaşarmış halda ayağa qalxdı. Əsgərlər vida xatirəsi olaraq 12 yaylım atəşi açdılar.

 

Kazım Qarabəkir Paşanın ordusu Naxçıvanı tərk  edərək Təbrizi  də   xarici müdaxiləçilərdən  azad etməyə getdikdə  daşnak erməni birləşmələri xarici  havadarları ilə birlikdə Naxçıvanı və hətta Şərqi Anadolunu  bölmək və işğal etmək  cəhdlərinə başladılar.

 

Belə bir vəziyyətdə Türkiyə Böyük Millət Məclisi öz nümayəndələrini Moskvaya göndərərək sülh yolu ilə həm Rusiya, həm də Ermənistanla münasibətləri tənzimləməyə çalışdı. Lakin Ermənistan imperialist dövlətlərin Türkiyəni parçalamaq siyasətini fürsət sayaraq Türkiyənin bir sıra bölgələrini işğal etməyə cəhd göstərdi. 1920-ci il sentyabrın 24-də türk ordusu əks hücuma keçərək Sarıqamışı, Qarsı, Gümrünü (Aleksandropol) və bir sıra başqa əraziləri geri qaytardı. 1920-ci il noyabrın 18-də türk komandanlığı daşnakların xahişini nəzərə alaraq atəşi dayandırdı. Türk tərəfinin irəli sürdüyü şərtləri ermənilər qəbul etdikdən sonra noyabrın 25-də Gümrüdə türk və erməni nümayəndələri arasında danışıqlar başlandı. 18 maddədən ibarət bu müqavilənin 2-ci və 12-ci maddələrində  Naxçıvanın Azərbaycanın  tərkibində Muxtar Respublika olması göstərilir.

 

Xalqımızın böyük oğlu Heydər Əliyev Qars müqaviləsinin tarixi əhəmiyyəti haqqında danışarkən belə demişdir: “... Qarsda Azərbaycan xalqı üçün çox əhəmiyyətli olan Qars anlaşması, müqaviləsi imzalandı. Onu Türkiyə imzaladı, Rusiya imzaladı, Azərbaycan imzaladı, Ermənistan imzaladı. Bu imzalarla Naxçıvanın Azərbaycanın tərkibində olması təsdiq edildi. Burada da əsas rolu Türkiyə oynadı. Həmin o Qars müqaviləsinin altında bizim hörmətli Paşamız Kazım Qarabəkir Paşanın imzası vardır”.

 

Bu müqavilədə və daha sonra 1921-ci ilin 16 martında Moskvada imzalanmış “Dostluq və qardaşlıq haqqında” RSFSR və Türkiyə müqaviləsində Naxçıvanın Azərbaycanın tərkibində olması göstərilmiş, sərhədləri müəyyənləşdirilmiş, təhlükəsizliyinə Türkiyə hökuməti təminat vermiş və hər hansı bir dövlətin Naxçıvana təcavüzü zamanı türk ordusunun buna biganə qalmayacağı rəsmi olaraq təsbit edilmişdir.

 

Naxçıvanın statusunun beynəlxalq müqavilələrdə əks olunması istər o dövrdə və istərsə də indiki dövrdə böyük siyasi əhəmiyyət kəsb edir. Bu kitab keçmişimizin bir parçasını öyrənmək, günümüzün hadisələrini düzgün qiymətləndirmək baxımından həm Azərbaycan, həm də Türkiyə oxucusu üçün dəyərli bir vəsaitdir.

 

 

Şəhla ASLAN,

yazıçı-jurnalist



28.04.2019 | 12:02