Dövlətimizin innovativ inkişaf istiqamətlərindən biri bilik əsaslı iqtisadiyyatın formalaşdırılmasıdır

“Dövlətimizin innovativ inkişaf istiqamətlərindən biri bilik əsaslı iqtisadiyyatın formalaşdırılmasıdır. Həmçinin gənclərə məktəb yaşlarından etibarən tolerantlıq, başqa millətlərə, dinlərə və mədəniyyətlərə hörmət kimi dəyərlərin aşılanması çox mühümdür. Gələcək nəslin hərtərəfli inkişafı isə bu günün təhsilindən asılıdır. Bu baxımdan müəllim və şagirdlərin XXI əsr bilik və bacarıqlarının artırılması istiqamətində “eTwinning Plus” layihəsinin rolu əhəmiyyətlidir”. 

 

 

Bunu təhsil nazirinin müavini Firudin Qurbanov Bakıda “eTwinning Plus” layihəsi çərçivəsində keçirilən “Rəqəmsal təhsil” mövzusunda üçgünlük seminarın açılış mərasimində çıxışında bildirib.

 

 

Nazir müavini layihə çərçivəsində Azərbaycan şagirdlərinin Avropadan olan həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmasını, onların adət-ənənələri, mədəniyyətləri ilə tanış olmaq imkanı qazanmasını müsbət dəyərləndirib. Həmçinin bildirib ki, bu da öz növbəsində şagirdlərdə müasir və dünyəvi keyfiyyətlərin formalaşdırılmasına mühüm təsir göstərir. 

 

 

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov çıxışında “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq təhsil sisteminin informasiyalaşdırılması istiqamətində reallaşdırılan tədbirlərdən danışıb. Bildirib ki, “eTwinning Plus” layihəsi Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir. 2013-cü ildən ölkəmizin də iştirak etdiyi layihənin əsas məqsədi pedaqoji işçilər arasında əməkdaşlıq imkanlarını genişləndirmək, 35 Avropa ölkəsindən olan həmkarlar ilə birgə təhsilin inkişafı istiqamətində müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır.

 

 

Mayın 3-də başa çatacaq seminar çərçivəsində yerli və türkiyəli mütəxəssislərin rəhbərliyi ilə İKT-nin təhsilə tətbiqi, layihə əsaslı təhsil və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlim və müzakirələr təşkil olunacaq.

 

 

Qeyd edək ki, “eTwinning Plus” layihəsi çərçivəsində Azərbaycanda bu günədək 494 məktəbdən 1750 müəllimin iştirakı ilə 1417 təhsil layihəsi həyata keçirilib. Layihə çərçivəsində müəllimlərin bilik və bacarıqlarının artırılması üzrə onlayn təlimlər, Avropa ölkələrində müxtəlif seminar və konfranslar təşkil edilir.

 

 

Seminar Təhsil Nazirliyi və Türkiyə Respublikasının “eTwinning” Mərkəzi ilə birgə təşkil olunub. 3 gün davam edəcək tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən 24 və Türkiyədən isə 20 nəfər müəllim iştirak edir.



01.05.2019 | 11:55