Məktəbdə din

Ötən həftə Azərbaycanda ən çox müzakirə olunan mövzulardan biri ali və orta məktəbdə din dərsi oldu. Dinin tarixi, əsasən dünyəvi dinlərin yayılma arealı və ya coğrafiyası, əsasları barədə ilkin məlumatlar Din bilgisi və Tarix dərsliklərində var. Ali məktəbdə isə bır sıra fənlər keçilir ki, burada din barədə kifayət qədər geniş məlumat dinə maraq və bağlılıqdan asılı olmayaraq da əldə edilir. Məsələn, fəlsəfə. Ölkədə İlahiyyat İnstitutu fəaliyyət göstərir. Belədirsə, din barədə ayrıca dərs və dərsliklərin olması lazımdır, ya yox? Azərbaycanda bu mövzuda müzakirə və hətta mübahisələrin tarixi nisbətən yenidirsə, dünyada problemə artıq oturuşmuş yanaşma mövcuddur. Hər ölkədə din və məktəb problemini özünəməxsus yolla həll ediblər. Dövlət məktəblərində ümumi yanaşma bundan ibarətdir ki, dinin dünyəvi təhsilə müdaxiləsi arzuolunan deyil. Ancaq çoxsaylı özəl məktəblər də var ki, uşaqlara din dərsləri keçilir. Gəlin müxtəlif ölkələrdə problemə münasibətin necə olduğuna diqqət yetirək.

 

 

Hamburqda din, Berlində “Etika”

 

 

Almaniyada məktəblərdə din dərsinə yanaşma fərqlidir. Ölkə federativ quruluşlu olduğundan subyektlərin özləri həll edir: məktəbdə din dərsi olsun, ya olmasın. Məsələn, Hamburq və Bavariyada məktəblərdə din dərsi keçilir. Berlində isə tədris proqramında “Etika” fənni var. Aydın olduğu kimi, uşaqlara din barədə ümumi məlumat məhz “Etika” dərsində verilir. Kurs ərzində şagirdlər dinin fəlsəfəsi və mənəvi tərəflərinə dair məlumat alırlar. Heç bir dini bağlılıqdan söhbət gedə bilməz.

 

Almaniyada məktəblərdə dini istək əsasında öyrənmək olar. Özü də 14 yaşınadək bu barədə qərarı uşaq yox, valideyn verir. Kim ki, din barədə məlumat almaq istəyir, əsasən katoliklik və protestantlığa müraciət edir. Son illər ərzində Almaniyanın federal torpaqları tədris proqramına islam dini barədə də ümumi məlumatlar daxil edirlər. Rəsmi yanaşma bundan ibarətdir ki, hökumət ənənəvi islam dəyərləri ilə demokratik prinsiplər - tolerantlıq və cinsi bərabərliyi bir araya gətirmək istəyir.

 

Almaniyada məktəblərdə din dərslərinə dair fakültativ yanaşmanı Avropanın bir sıra ölkələri - İspaniya, Portuqaliya, Çexiya, Xorvatiya, Slovakiya, Macarıstan və b. ölkələrdə müşahidə etmək olar. Polşada isə məktəblərdə uşaqlar həftədə iki dəfə olmaqla “Tanrı qanunu” dərsini keçir və katolikliyin əsasları barədə məlumat alırlar.

 

Aşağı siniflərdə uşaqlara duaları öyrədirlər, körpələr dini mövzularda şəkillər çəkir. Yuxarı siniflərdə isə şagirdlər kilsənin tarixini öyrənməklə yanaşı, fəlsəfi diskussiyalarda iştirak edirlər. Kursun proqramını katolik kilsəsi hazırlayır. Din barədə dərs deyən müəllim kontingenti də kilsəyə bağlıdır.

 

Formal olaraq məktəblərdə din dərsləri məcburi deyil. Əgər hər hansı uşaq kursda iştirak etmək istəyirsə, məktəblər valideynlərdən müvafiq ərizənin yazılmasını tələb edirlər. Nəzəri cəhətdən məktəblinin başqa din barədə kurslara yazılmaq, dünyəvi etika dərslərinə getmək, yaxud müstəqil şəkildə kitabxanada məşğul olmaq hüququ var. Reallıq göstərir ki, polşalı məktəblilərin 90%-i din dərslərinə gedir, onların aldıqları qiymət isə orta məktəbi bitirəndə orta balın hesablanmasında nəzərə alınır və attestata yazılır.

 

Finlandiyada da seçimi valideynlər etməlidirlər: uşaqları din barədə dərslərə yazılsınlar, ya etika? Əgər seçim din üzərinə düşübsə, artıq 1-ci sinifdən etibarən uşağa dinin əsasları barədə məlumat verilir. Finlandiyada əsas etibarilə lüteranlığı seçirlər. Ancaq istək əsasında azlığın dini barədə də dərslər keçilə bilər. Bunun üçün ən azı 3 şagirdin müraciəti lazımdır. Belə bir “qrup” müraciəti olarsa, məktəb həmin uşaqlar üçün onların dini barədə məlumat verəcək müəllim, yaxud din adamını dəvət etməlidir.

 

 

İsraildə dünyəvi məktəblərə üstünlük verilir

 

 

Pakistanda dövlət dini islamın sünni təriqətidir. Uşaq dünyaya gələrkən müxtəlif dua və mərasimlərə dair xüsusi kitabla təmin olunur. Uşaq böyüdükcə məscidlərdə formalaşan xüsusi qrupların tərkibində müəllim nəzarəti altında dini kitablarla tanış olur. Burada onlar islamın başlıca ənənələri və prinsiplərini öyrənirlər. Əksər imkansız ailələr üçün bu növ təhsil uşağın həyatı boyu əldə edəcəyi yeganə savad mənbəyi olur.

 

Elə orta məktəblərdə də tədris proqramı faktiki olaraq Quranın öyrənilməsi əsasında formalaşdırılır. Ancaq uşaqların seçim imkanı olur: ya ümumi təhsil, ya hafiz təhsili. Birinci halda şagirdlər dinlə yanaşı, dillər, riyaziyyat, incəsənət kimi fənlərdən dərslər keçirlər. İkinci halda isə söhbət sırf dini təhsildən gedir ki, uşaq birbaşa olaraq din xadimi - hafizin nəzarəti altında olur.

 

İslam dünyasının aparıcı dövləti olan qardaş Türkiyədə təhsil sistemi son illərdə bir neçə dəfə dəyişikliyə uğrayıb. 2017-ci ildə qəbul olunmuş qərar isə ciddi müzakirələrə yol açıb. Söhbət tədris proqramından təkamül nəzəriyyəsinin çıxarılması və cihad nəzəriyyəsi barədə dərslərin keçilməsindən gedir. Çox güman ki, bu qərar barədə ciddi diskussiya və dəyişikliklər yaxın illərdə səngiməyəcək.

 

Ümumilikdə isə Türkiyədə orta məktəbdə uşaqlara bütün dünyəvi dinlər barədə məlumat verilir, ağırlıq isə ənənəvi olaraq islamın üzərinə salınır.

 

Son illərin əsas tendensiyası bundan ibarətdir ki, dini təmayülün orta məktəbdə güclənməsi səbəbindən bir çox ailələr uşaqlarını özəl məktəblərə göndərməyə üstünlük verirlər.

 

İsraildə isə vəziyyət fərqlidir. Burada məktəbə gedən uşağın geniş seçim imkanı var: dövlət, dövlət-dini, dini və ərəb məktəbləri. Statistikaya görə, ailələrin təqribən 70%-i uşaqlarını dövlət məktəblərinə verir. Bu məktəblərdə din dərsləri, ümumiyyətlə, keçilmir. İsraildə dövlət məktəbləri tam dünyəvi hesab olunurlar. 25%-i dövlət-dini məktəblərinə gedir. Bu məktəblərdə proqramın təqribən 40%-ni din barədə məlumatlar təşkil edir. Çox kiçik qism sırf dini məktəblərə üz tutur. Belə uşaqlar aydındır ki, dini ailələrə mənsubdurlar. Dini məktəblərdə ortodoksal yəhudilik barədə dərslərə üstünlük verilir. Müvafiq olaraq ərəb məktəblərində də tədris proqramı ərəb tarixi, mədəniyyəti və islam dini barədə bilikləri əhatə edir.

 

 

Kilsə dövlətdən də ayrıdır, məktəbdən də

 

 

ABŞ-da kilsənin dövlətdən ayrı olması özünü təhsil proqramında da büruzə verir. Burada uşaqların təqribən 85%-i dövlət məktəblərinə gedir. Belə məktəblərdə din dərsləri, ümumiyyətlə, keçilmir. Bundan əlavə, məktəb administrasiyaları valideynlər tərəfindən məhkəməyə verilə biləcəklərindən ehtiyat edərək istənilən dini termindən istifadəni qəti şəkildə qadağan edirlər. Son illərdə bəzi ştatlarda tədris proqramının yenidən incələnməsinə başlanılıb. Əsas məqsəd dərsliklərdən dini məzmunlu istənilən mətnin çıxarılmasına nail olmaqdır.

 

Təbii ki, bu yanaşma bəzi ailələrin xoşuna gəlmir. Ona görə də onlar uşaqlarının təhsil problemləri ilə evdə məşğul olmaq qərarına gəlirlər. Belə ailələr məktəblərdə təkamül nəzəriyyəsinin keçilməsinə də etiraz edirlər.

 

Özəl məktəblərdə isə yanaşma fərqlidir. Burada istəyə uyğun olaraq din barədə dərslərin keçilməsi mümkündür. ABŞ-da geniş yayılmış katolik özəl məktəblər şəbəkəsi fəaliyyət göstərir.

 

Çində əhalinin çoxluğu səbəbindən aydındır ki, müxtəlif dinlərə sitayiş edən insanlar yaşayır. Bununla belə, məktəblərdə heç bir din, o cümlədən ölkədəki titul din barədə dərslər və fənlər yoxdur. Din, ümumiyyətlə, məktəbdə keçilmir. Bunun əvəzində ümumtəhsil proqramında “Etika”, “Mənəviyyat”, “İdeologiya” və “Politologiya” kimi fənlərə rast gəlmək olar. Dövlətin yanaşması bundan ibarətdir ki, bu fənlər vətəndaşda cəmiyyətə tabe olmaq və məsuliyyət hissini aşılamaq üçün yetərlidir.

 

Fransada dövlət məktəblərində din dərsinin keçilməsi qadağandır. 2004-cü ildən etibarən məktəblərdə istənilən dini işarələr və atributların gəzdirilməsi və nümayişinin də qarşısı alınır. Hicabın geyinilməsinə görə 150 avroluq cərimə mövcuddur. Əgər hər hansı valideyn uşağının din barədə biliklər əldə etməsini istəyirsə, özəl məktəblərə müraciət edə bilər.

 

Mövzunun yekununda belə bir qənaətə gəlmək olar ki, din barədə məktəblərdə ətraflı məlumatın verilib-verilməməsi kimi problem cəmiyyətdə hökm sürən ab-havadan qidalanan bir sıra amillərə bağlı olmalıdır. İlk olaraq, cəmiyyət tərəfindən belə bir ictimai sifariş varmı? İkincisi, tədris proqramına din dərsinin daxil edilməsindən öncə bu addımın hansı nəticə və ya fəsadlara səbəb olacağı hesablanılırmı? Məsələn, Norveç dünyanın sosial rifahı ən yüksək olan dövlətlərindən biridir. Statistika göstərir ki, məktəbli uşaqların böyük əksəriyyəti din dərslərinə gedir. Ancaq dini ayrı-seçkilik, təqib və ya gərginlik sahəsində də heç bir neqativ hal baş vermir. Eynilə bütün Skandinav dövlətlərində. İsrailin müsəlman dünyası ilə tarixi və dini ziddiyyətləri mövcuddur və belə demək mümkündürsə, ölkə yarımüharibə şəraitində yaşayır. Ancaq sırf yəhudi ortodoksal dini mahiyyətli məktəblərə müraciət edənlərin sayı 25% həddindədir, əksəriyyət dünyəvi təhsilə üstünlük verir. Qonşu ərəb ölkələrində uşaqların böyük qismi dini təhsildən savayı heç nə görmür. Cihad və dini zəmində terror hərəkatlarına ən çox cəlb edilənlər də məhz bu coğrafiyadandır. ABŞ müsəlman dünyasında ən çox etirazlara səbəb olan ölkədir. Orta məktəblərdə oxuyan uşaqlarının 85%-i dünyəvi məktəblərə üstünlük verir.

 

Azərbaycana gəldikdə, güman ki, biz belə bir suala cavab axtarmalıyıq: təhsil ocaqlarında müxtəlif fənlər vasitəsilə uşaqlara din barədə verilən bilgilər yetərlidir, yaxud kifayət deyil?

 

 

Rüstəm QARAXANLI

 



03.05.2019 | 09:52