Şamaxı Safari Parkına ekskursiya

Mayın 4-də Təhsil Nazirliyinin tabeliyindəki Humanitar fənlər təmayüllü məktəb-liseyin bir qrup şagirdinin Şamaxı Safari Parkına ekskursiyası təşkil olunub.

 

Ekskursiyanın keçirilməsində məqsəd uşaq və gənclərin ekoloji sahədə maarifləndirilməsi, müxtəlif növ heyvan cinslərinin tanıdılması, nəsli kəsilməkdə olanların qorunması, onlara qayğının təbliği, müvafiq sahədə praktik biliklərin əldə edilməsindən ibarətdir.

 

Ölkə Prezidenti cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Həmin sənədə əsasən, Şamaxı rayonunun Pirqulu dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun çəpərlənərək vəhşi heyvanlar üçün ekoloji qoruq - Şamaxı Safari Parkı yaradılıb. Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından genetik qiymətli heyvanlar gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılıb.

 

Qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən, Təhsil Nazirliyi və Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə 2018-2019-cu tədris ilinin oktyabr, noyabr və aprel, may aylarında Bakı şəhərində yerləşən ümumtəhsil məktəbləri şagirdlərinin Şamaxı Safari Parkına həftədə bir dəfə ekskursiyalarının təşkili nəzərdə tutulub.

 

 

 



06.05.2019 | 12:21