Yeniyetmə rəssamların ilk yaradıcılıq hesabatı

Beynəlxalq müsabiqələr  qalibləri olan  yeniyetmə rəssamlar  Surə  Dadaşzadənın  və  Abdulrəhim Bağırlının sevincləri yerə-göyə sığmırdı. Onlar  bir az da  qayğılı və həyəcanlı görünürdülər. Əlbəttə, bu da səbəbsiz deyildi, çünki artıq yarım saatdan sonra Dünya Azərbaycanlıları  Mədəniyyət Mərkəzinin geniş zalında bu gün onların ulu öndər Heydər Əliyevin  anadan olmasının 96-cı  ildönümünə həsr etdikləri  sərgiyə  müəllimləri, şagird dostları, qohumları, ümumiyyətlə, rəsm sənətinə həvəs və maraq göstərən müxtəlif peşə sahibləri baxıb qiymət verəcəkdilər. Tədbirə təşrif  buyuranlar səliqə ilə düzülmüş və divardan asılmış rəsmləri seyr edərək rəsm müəlliflərinə  yaxınlaşır,  onların yaradıcılıq nümunələrindən aldıqları təəssüratları bölüşməklə bərabər arzu və istəklərini, fikir və mülahizələrini də söyləyirdilər. Rəsmləri seyr edənlərin üzlərindən  razılıq əlaməti olan xoş təbəssüm  yağırdı. Mövzular rəngarəng, rəsmlər bir-birindən   məzmunlu və məna çalarlı idi. Rənglərdən o  qədər məharətlə istifadə olunmuşdu ki,  artıq-əskik heç nə nəzərə çarpmırdı. Rəsm sehrçilərini də valeh edən elə bu idi. Sərginin sanbalı bir də ona görə fərqli idi  ki, əvvəlcə söylədiyim kimi Azərbaycanın xilaskar oğlu, müasir Azərbaycanın  yaradıcısı və qurucusu olan   ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuşdu. Yeri gəlmişkən qeyd edim ki, sərgiyə dəvətli olan qonaqlar da Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin  kollektivi və üzvləri ilə bərabər  öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin  məzarını ziyarət etmiş, sonra isə bu əlamətdar günə həsr olunan  yeniyetmələrin yaradıcılıq sərgisinə toplaşmışdılar. Tədbir bir də onunla əlamətdar idi ki, görkəmli elm xadimləri, Xalq artistləri, Xalq şairləri, böyük bir jurnalist ordusu  da  Heydər Əliyevin xatirəsini ehtiramla yad etdikdən sonra  hədsiz həvəs və  maraqla  bu sərgiyə  qatılmışdı. Münasib bir məqam yaranantək  mən də fürsəti əldən verməyərək yeniyetmə  dostlarımızla   görüşüb  həm sərgi haqqında,  həm də ölkədaxili və beynəlxalq  rəsm yarışmalarında qazandıqları uğurlar barədə   təəssüratlarını  dinləyə bildum. İlk həmsöhbətim  də elə Surə Dadaşzadə oldu.

 

 

Sərgidə 20 rəsmim nümayiş olunur

 

 

İnsan  bütün çətinlikləri adlaya bilər, bütün arzularını gerçəkləşdirə bilər, əgər   onda  əzmkarlıq, zəhmətsevərlik varsa.  Bu gün fərdi  sərgim  keçirilir. Çox həyəcanlıyam. Tamaşaçılar və sərgiyə dəvət olunan qonaqlar tərəfindən  necə qarşılanacağımı   bilmirəm, ona görə də nə qədər özümə güvəncli olsam da, həyəcanımı da gizlədə bilmirəm. Zövqlər müxtəlif, baxışlar fərqli olduğundan  rəsmlərimi  kimsə bəyənməyə də  bilər. Amma  düşünürəm ki, bu sıxıntı sadəcə ötəri  bir hissdir və  sonda  sevinc göz yaşları ilə əvəzlənər. Bu gün burada 20  rəsmim  nümayiş  olunur.  Məktəbimizin direktoru Aytən Əhmədova öz çıxışında  rəsmlərim haqqında xoş sözlər söylədi  və mənə  yeni-yeni yaradıcılıq uğurları arzuladı. Bu sözlər mənə hədsiz ruh yüksəkliyi bəxş elədi.

 

 

Məktəbimizin “ulduz”u

2006-cı ildə Bakı şəhərində anadan olmuşam.  Milli Konservatoriyanın  tərkibində Respublika İncəsənət Gimnaziyasının 6-cı sinfində təhsil alıram. Dərslərimi yaxşı oxuyuram. Məktəbimizdə keçirilən bütün tədbirlərdə iştirak edirəm. Müəllimlərimin sevimlisiyəm. Əbəs yerə məni  məktəbin “ulduzu” adlandırmırlar ki!  İki  il ərzində kətan və kağız üzərində  30 rəsm çəkib 20 diploma layiq  görülmüşəm. Milli və müasir üslubda işlədiyim  kompozisiyalar, təbiət  tabloları həmişə tamaşaçılarda xoş ovqat yaradıb. Əlbəttə, rəsm müəllimim  Qənirə Əsgərovanın əməyi sayəsində bu uğurlara nail olmuşam. Sevimli müəllimimin   haqqı boynumda  böyükdür. Nə mən, nə də həmkarım olan məktəbimizin şagirdi  Abdulrəhim Bağırlı  birdən-birə əllərimizə fırça alıb  tablolar, peyzajlar  yaratmamışıq. Qazandığımız bütün uğurlar  sevimli müəllimimiz Qənirə xanımın  üzərimizdəki zəhmətinin  bəhrəsidir.

 

 

Hər kəs bacardığı peşəyə yiyələnməlidir   

 

 

2013-cü ildə  mədəni-kütləvi tədbirlərdə fəal iştirakıma görə, 2014-cü ildə isə   Respublika üzrə məktəb  şagirdləri arasında aparılan istedad və bilik sorğusuna görə fəxri fərmanlara layiq görülmüşəm.  Hər gün məni  belə bir sual düşündürür. Hansı peşənin ardınca getməli?  Bu,  çox məsuliyyətli bir seçimdir. İnsan  elə sənət, elə peşə seçməlidir ki, həm özünün bu peşəyə sevgisi, məhəbbəti olsun, həm də bu sənət və peşə ilə xalqına, cəmiyyətə xeyir verə bilsin.   Hər kəs bacardığı işdən yapışmalı, gücü çata biləcəyi sənətə, peşəyə  yiyələnməlidir. Bütün arzulara   qovuşmaq  üçün   əziyyət çəkmək, ağır zəhmətə qatlaşmaq, ən əsası isə yaxşı oxumaq  lazımdır.

 

 

Göz yaşlarım rənglərə qarışırdı

 

 

“Ana fəryadı”, “Müharibə qorxusu”, “Ana beşik başında”, “Sülh səhifəsi”  rəsmlərimi  işləyərkən  meşələrdə, dağlarda donan uşaqların  harayını eşidirdi qulaqlarım, sanki onlar dil açıb mənimlə danışırdılar, fəryad qoparırdılar.  Şəhidlərimizə  həsr olunan rəsmlərimsə  hələ  də qanı qurumayan yaralarımızın   sızıltıları ilə doludur. Xocalı fəryadını əks etdirən rəsmlərimdə  ağ vərəqlərin üstündə hələ dünyanın acısını-şirinini  dadmayan bir yeniyetmələrin  kövrək, həssas qəlblərinin sızıltılarını eşidirdim.  Bu  əsərlər  həyəcansız  yaranmadığı kimi onlara həyəcansız da baxmaq mümkün deyildi. İnanın ki,  göz yaşlarım rənglərə qarışırdı onları çəkəndə. Əsərlərimə ilk qiymət verənlər isə valideynlərim olub. Bu cür əsərlərimlə onları da çox kövrəltmişəm.

 

 

Mövzu  üzərində düşünürəm

 

 

Əlimə fırça alıb  nəsə bir rəsm çəkəndə onu əvvəlcə öz  fantaziyamın süzgəcindən keçirirəm, mövzu  üzərində  kifayət qədər düşünürəm. Bu gün sərgilənən  müxtəlif  boyalarla işlədiyim rəsmlərim “Təbiət mənzərəsi”, “Payız mənzərəsi”, “Köhnə Bakıdan müasir Bakıya  keçid”,  “Qış nağılı”, “Azərbaycanda çay süfrəsi”, “İçəri şəhər”, “Rəngli natürmort”, “Gün batımı”, “Balıqlar”, “Yanğın zamanı”, “Bahar qızı”, “Qış”, “Çiçək tarlası”, “Akademik rəsm” və digər rəsmlərim beynəlxalq miqyaslı müsabiqələrdə  yüksək qiymətlərə  layiq görülüblər. Müxtəlif illərdə beynəlxalq rəsm müsabiqələrinə qatılaraq  birincilik qazanıb diplomlara layiq görülmüşəm.

 

 

“Sən artıq püxtələşmisən”

 

 

Qeyd edim ki, evdəki  otağım lap emalatxanaya bənzəyir.  Böyük bir rəsm stolum var.   Bankalarda  da rənglər, 4-5 dənə politra,  fırçalar, flomasterlər və s. var. Bəzən saatlarla işləyirəm. Çünki  başladığım bir əsəri  bitirməmiş  rahat  ola bilmirəm. Qənirə müəllim, sən artıq püxtələşmisən, fərdi sərgini keçirmək olar, söyləyəndə qanad açıb uçmaq istəyirdim. Bu, sevimli  müəllimim tərəfindən  yaradıcılığıma verilən ən  vacib qiymət idi mənim üçün.

 

 

Parisdə I yeri tutdum

 

 

Təsviri incəsənət kursunda fəal iştirakıma görə, “Fövqəladə hallar uşaqların gözü ilə” VII Respublika uşaq yaradıcılıq müsabiqəsində “Bahar çiçəkləri” adlı rəsm müsabiqəsində, Caspi ART  uşaqların sənət yarışmasında, Uşaq və gənclər arasında rəsm müsabiqəsində fəal iştirakıma görə, “Qış nağılı” mövzusunda ən gözəl rəsm nümayiş etdirdiyimə görə, Tahir Salahovun ev- muzeyində Beynəlxalq Qadınlar Gününə həsr edilmiş “Güllər” sərgisində, “Ən gözəl gül rəsmi” nominasiyasında və sair yarışmalarda iştirak edərək birincilik qazanmışam. 2018-ci ildə isə Parisdə keçirilən  gənc rəssamların sərgisinə qatıldım  və  I yeri  tutdum. Elə sevinirdim ki!

 

 

Nənəmin ilk nəvəsiyəm

 

 

Uğurlarım artdıqca məsuliyyətim də artır. Hər dəfə  diplom alanda  nənəm  Lumuxanım hamıdan  çox sevinir. Məni  bağrına basır, kövrəlir. Hər gün dərsdən qayıdanda məni ilk qarşılayan  nənəm  olur və ilk sualı da bu olur:-Neçə qiymət aldın? Mən nənəmin sevimlisi, ilk nəvəsiyəm. Nənəmin portretini yaratmışam. Elə bil adamla danışır. Evimizə kim qonaq gəlsə nənəm rəsmlərimi göstərib deyir: bu rəsmləri  nəvəm çəkib. Hiss edirəm ki, mənimlə   qürurlanır... Sərgimdə nənəm mənə  tər çiçək dəstələri təqdim edəndə sevincindən kövrəlmişdi...

 

Abdulrəhim  Bağırlı da öz uğurlarından danışdı

 

 

...Bu yeniyetmə  rəssam Surədən iki yaş böyükdür və həmin gimnaziyanın 8-ci sinfində təhsil alır. Onu dinləmək də bir başqa aləm idi, çünki  qız həmkarından fərqli olaraq  Abdulrəhim də  gizlədə bilmədiyi kişi inadı və təkəbbürü keçirdiyi həyəcan hisslərini üstələyirdi. Bu da çox  gözəl idi  və  yeniyetmə rəssamın özünəgüvəncliyini birə- beş artırırdı. Abdulrəhim də sərgiyə təqdim olunan əsərlərinin bir-birindən məzmunlu yaradıcılıq nümunələrinin  ərsəyə gəlmə  tarixləri, necə deyərlər, təvəllüd günləri barədə ətraflı məlumat verdi. Öyrəndik ki,  yeniyetmə rəssamın bir-birindən maraqlı rəsm nümunələri ölkəmizin hüdudlarından kənarda- Türkiyədə, Çexiyada, Yaponiyada, Bolqarıstanda və Sloveniyada keçirilən rəsm müsabiqələrində də yüksək qiymətləndirilərək  diplom və fəxri fərmanlara layiq görülüb. Demək olar ki, eyni yaradıcılıq yarışmalarının istər ölkədaxili formatlarında, istərsə də beynəlxalq səviyyəli  müsabiqələrdə  gimnaziyanı və ölkəmizi  beynəlxalq müsabiqələrdə  cəsarətlə təmsil edən  və qazandıqları uğurlarla kollektivə hədsiz sevinc hissləri yaşadan Abdulrəhimin də parlaq gələcəyinə böyük ümidlər var. Bu fikirləri  təhsil ocağının rəhbəri Aytən Əhmədovanın və hər iki yeniyetmə istedad sahiblərinin  rəsm müəllimi  olan Qənirə Əsgərovanın dilindən eşitmək nə qədər xoş idi!

 

 

Gimnaziyanın direktoru Aytən  Əhmədovanın söylədikləri

 

 

Surə  qızımız  da, Abdulrəhim oğlumuz da  çox istedadlı, çox çalışqan yetirmələrimizdir. Bir çox respublika və beynəlxalq müsabiqələr laureatları olan şagirdlərimizdə yaradıcılıq potensialı çox güclüdür,  gələcəklərinə də çox inanıram, maşallah yorulmaq bilmirlər. Hər ikisi  xüsusi bacarığı, qabiliyyəti  və istedadı ilə seçilir. Bir də ki,  mən kabinetdə oturmuram . Müəllimlərimizin peşəkarlığına zərrəcə şübhəm olmasa da, xarakterimə uyğun olaraq bütün dərnəklərə  baş çəkir, yetirmələrimizin dərs zamanı fəallıqlarını, məşğələlərin gedişini   izləyirəm. Bu, həm uşaqların məsuliyyətini  artırır, həm də müəllimlərimizin. Biz, necə deyərlər, öz işimizi vahid ailə şəraitində  nizama salırıq. Əgər belə olmasaydı,  hər bir istedadlı  yetirməmiz bir kitaba sığmayan uğurlara  necə imza ata bilərdi? Bu gün də məktəbimizin fəxri olan yaradıcı şagirdlərimizin sərgisində müəllimlərimizin əməyi sayəsində qazanılan uğuların şahidi olduq. Bu, mənim üçün də, kollektivimizin hər bir üzvü üçün də, bütövlükdə təhsil ocağımız üçün də qürurverici, fəxredici haldır. Bu gün bu hissləri mən böyük məmnuniyyətlə yaşayıram.  Bir məqamı da xüsusilə vurğulamaq istəyirəm ki, keçirdiyimiz sərgini seyr edənlərin hamısını  hər iki  yeniyetmə rəssamımızın ulu öndər Heydər Əliyevin uşaqlara hədsiz məhəbbətini əks etdirən rəsmləri  hədsiz kövrəltdi  və  bu   məhəbbət hissinin  əbədiliyini   bir daha təsdiqlədi.

 

 

Hər iki şagirdimlə fəxr edirəm

 

 

Qənirə Əsgərova, AMK tərkibində İncəsənət Gimnaziyasının təsviri və tətbiqi şöbəsinin müəllimi: - Sərgisi keçirilən hər iki  şagirdimlə fəxr edirəm. Hər ikisi ilə də  ilk dəfə tanış olanda, onlarla söhbət edərkən,  istedadlı şagird  olduqlarını  kəşf etdim. Sakit, mülayim, məntiqi, fantaziyası güclü, təbiət mənzərələrindən zövq alan istedadlı   uşaq   təəssüratı yaratdılar  məndə və sonralar  öz qənaətimdə yanılmadığımın da şahidi oldum. Onların hər biri  ilə məşğul olarkən  öz uşaqlıq illərimi xatırlayıram. Tez-tez  müxtəlif mövzularda  rəsm sərgilərimin keçirildiyi yadıma düşür.   Müəllimlərim mənim  də əl işlərimə baxıb sevinirdilər, neçə ki, mən indi  onların uğurlarına  sevinirəm. Mən özüm də  gimnaziyada təhsil almışam. Xoşbəxtəm ki,  mənə dərs deyən müəllimlərlə çiyin-çiyinə çalışıram, onlardan  bəhrələndiklərimi   şagirlərimə ötürürəm.

 

Tədbirin sonunda Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti  Rasim  Məmmədov sərgi müəlliflərinə diplom və  fəxri fərman təqdim  etdi.

 

 

Sifai SƏFƏROVA



11.05.2019 | 10:32