“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsinin I mərhələsi başa çatıb

Təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə bu sahədə işləyən və ya gələcəkdə  çalışmaq arzusunda olan şəxslərin Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda  bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması üçün müsabiqənin I mərhələsi başa çatıb.

 

Müsabiqədə iştirak etmək üçün 744 nəfər qeydiyyatdan keçib. Müraciət edənlərdən 230 nəfər Bakı şəhəri və Abşeron rayonu, 514 nəfər isə digər bölgələrdə işləyən təhsil işçiləridir. Qeydiyyatdan keçən namizədlərin məlumatları araşdırılıb və 403 nəfər növbəti mərhələdə iştirak etmək hüququ əldə edib.

 

Növbəti mərhələnin iyun ayında keçirilməsi nəzərdə tutulur. Həmin mərhələdə namizədlərin məntiqi bilik və bacarıqları yoxlanılacaq. Namizədlərin nəticələri ilə bağlı məlumatlar onların müraciət formasında qeyd etdikləri elektron poçt ünvanlarına göndəriləcək. 

 

Qeyd edək ki, müsabiqə “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində keçirilib. Layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya  texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil  işçilərini yetişdirmək və onların peşəkar inkişafına dəstək olmaqdır.

 



14.05.2019 | 17:15