ADU-da “Bahar günü”

Azərbaycan Dillər Universitetində (ADU) Yaponiya Araşdırmalar Mərkəzi və AWA (Azerbaijan web of anime) cəmiyyətinin birgə əməkdaşlığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Bahar günü” adlı tədbir keçirilib.

 

Tədbir iki hissədən ibarət təşkil edilib. Birinci hissə akt zalında keçirilib və ADU-nun yaponşünas tələbələri tərəfindən hazırlanan mahnı və rəqslərdən ibarət konsert proqramı, Anime cəmiyyətinin üzvləri, eləcə də ADU-nun tələbələri tərəfindən hazırlanan və Azərbaycan dilinə tərcümə edilmiş anime təqdim edilib. Bundan başqa, Kendo təşkilatı tərəfindən Kendo idman növü də nümayiş edilib.

 

Tədbirin ikinci hissəsi ADU-nun foyesində baş tutub. Burada Yaponiyanın mədəniyyət nümunələrini təqdim edən stendlər təqdim olunub. Bu stendlərdə Yaponiyanın mətbəxi, incəsənəti, mədəniyyəti, coğrafiyası, idman növləri və digər maraqlı sahələri öz əksini tapıb. Onu da qeyd edək ki, tədbirdə Yaponiya səfirliyinin əməkdaşları da iştirak ediblər.

 

Müxtəlif universitetlərdən gələn və 300 nəfərə yaxın qonağın iştirak etdiyi bu tədbir maraqlı və çox yüksək səviyyədə təşkil olunub. Qonaqlar üçün ən maraqlı məqamlardan biri də o olub ki, onlar hər stenddən maraqlı məlumatlar alıb, sonda isə sual-cavab stendinə yaxınlaşaraq, aktiv şəkildə verilən sualları cavablandırıblar. Suallara düzgün cavab verənlər hədiyyələr də qazanıb. Hədiyyələr AWA cəmiyyəti və Yaponiya Araşdırmalar Mərkəzi tərəfindən təqdim olunub.

 

Dörd saatdan çox davam edən tədbir yaponsevərləri bir araya toplayıb, onları Yaponiya kimi qeyri-adi ölkə ilə daha yaxından tanış edib.

 



15.05.2019 | 20:22