Gəncə Dövlət Universitetində imtahan yenilikləri

Gəncə Dövlət Universitetində 2018/2019-cu tədris ilinin yaz semestri imtahanlarının sualları tələbələrə test formasında, cavabları ilə birgə veriləcək.

 

Bu barədə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov mayın 14-də ali təhsil müəssisəsinin müvafiq ixtisaslarında təhsil alan tələbələrlə görüşdə 2018/2019-cu tədris ilinin yaz semestri imtahanlarında tətbiq ediləcək çoxsaylı, əsaslı yeniliklər barədə məlumat verərkən deyib.

 

Rektor bildirib ki, son illərdə GDU-nun inkişafı yüksək nailiyyətlərlə şərtlənib. Bu illər ərzində universitetin infrastrukturu müasirləşdirilib, maddi texniki bazası zənginləşdirilib, kadr potensialı yüksəldilib, həmçinin ali təhsil müəssisəsinin dünyanın, xüsusən də Avropanın qabaqcıl elm-təhsil mərkəzləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formada əməkdaşlıq əlaqələri genişlənib.

 

Vurğulanıb ki, beynəlxalq əməkdaşlıq vasitəsilə mənimsənilən və tətbiq olunan yeniliklər GDU-nun Avropanın təhsil məkanına inteqrasiyasını sürətləndirib, həmçinin ali təsil müəssisəsində tədris prosesində keyfiyyətin yüksəldilməsinə zəmin yaradıb.

 

Təhsil prosesində mənimsənilmiş bilik və bacarıqların daha düzgün, xüsusən də şəffaf imtahan prosesinin təşkili vasitəsilə qiymətləndirilməsinin vacibliyindən danışan professor Yusif Yusibov bildirib ki, bundan sonra da imtahan prosesinin müasir təcrübə əsasında təşkili və idarə edilməsi üçün zəruri və təsirli yeniliklər, başlıcası isə tələbələrin məmnuniyyəti təmin ediləcək.

 



16.05.2019 | 11:53