“Müəllimlərim peşə fəaliyyətimdə mayak rolunu oynayırlar”

Aysel Rəhimli 1996-cı ildə İmişli şəhərində anadan olub. Orta təhsilini Beyləqan rayonu 7 nömrəli məktəb-liseydə alıb. 2018-ci ildə Bakı Dövlət Universitetinin  biologiya fakültəsini bitirib. Həmin il Müəllimlərin İşə Qəbulu (MİQ) Müsabiqəsində iştirak edib. Nəticədə  50 bal toplayaraq İmişli şəhər 3 nömrəli  tam orta məktəbə biologiya müəllimi təyin olunub.

 

 

- Aysel xanım, kimin sözləri və ya nümunəsi sizin müəllim olmağınızda əsas istinad nöqtəsi olub?

 

- Burada orta təhsil aldığım Beyləqan şəhər 7 nömrəli məktəb-liseydə çalışan müəllimlərin adlarını çəkməyə bilmərəm. Mən bu məktəbdə təcrübəli müəllim olan gözəl insanlar - Xatirə Əhmədova, Telli Hüseynova, Mehman Kərimov və başqaları tərəfindən müəllim kimi yetişdirilmişəm desəm yanılmaram. Onların prinsipləri, taktikaları, peşə hazırlığı mənim həyat tərzimə çevrildi. Müəllimlərim mənim peşə fəaliyyətimdə mayak rolunu oynayırlar.

 

Müəllim  evdə, küçədə, avtobusda, mağazada, məclislərdə və ümumiyyətlə,  hər yerdə hərəkət və davranışı ilə seçilən şəxsdir.

 

- Bu gün müasir məktəbin vəzifələri,  müəllimin rolu haqqında çox danışılır. Bu barədə siz nə düşünürsünüz?

 

- İnteraktiv lövhə, kompüter və ya internet bu gün  dərsin bir hissəsinə çevrilib. Lakin müasir müəllim tədris prosesini elə təşkil etməlidir ki, uşağın özü də bilik əldə etmək istəsin. Heç kim hazır bilik almasın və onu öz ağlının sücgəzindən keçirsin.

 

İndi müasir dərsin hədəfi, ilk növbədə, şagird şəxsiyyətinin inkişafı üçün bütün imkanlardan məharətlə istifadə etmək, onları cəmiyyətin sosial fəal üzvləri kimi tərbiyə etməkdən ibarətdir.

 

Müəllim hər bir uşağın imkanlarına inanmalı, şagirdlərin öz bacarıqlarını göstərmək və inkişaf etdirmək cəhdlərini stimullaşdırmalı və dəstəkləməlidir. Onların özünüdərketmə və özünü inkişaf  etmələrinin uğurla həyata keçməsini təmin etməlidir.

 

Demək olar ki, müasir məktəbdə hər  dərs müəllimlə şagirdin nəticəyə yönəlmiş əməkdaşlığıdır.

 

- Şagirdlərdə özünə inam hissini necə yaradırsınız?

 

-Keçid yaşlı, yəni yuxarı siniflərdə oxuyan uşaqlara dərs deyirəm. İlk günlərdən onlar  dərslərə cavab verə bilməyəcəklərinə inanmadıqları üçün sinifdə arxa partalarda otururdular. Hansı ki, hazırda onlar “Afərin!”, “Sən ağıllısan” sözlərini eşidirlər. Belə uşaqlar özlərinə inanmaqdan qorxurlar. Mən deyərdim bunlar hələ də tam açıqlanmayan istedadlı uşaqlardır. Bizim pedaqoji kollektiv bu şagirdlərdə özünəinam hissini aşılamaqda və istedadlarının üzə çıxarılmasında çox işlər görür.

 

- Bəzən təhsilə formal yanaşmanın olması ilə bağlı söhbətlər olur. Bəs siz indiki təhsil sistemini necə qiymətləndirirsiniz?

 

- Yanaşmanın, interaktiv dərslər və tez-tez müxtəlifliyin olması da lazımdır. Fikrimcə, əsas odur ki,  informasiya mübadiləsi daha çox effektiv olsun. Biz bir-birimizlə ünsiyyət quranda, fikirlərimizi bölüşəndə, düşüncəmizi  inkişaf etdirəndə, demək olar ki, dünyagörüşümüz və savadlılıq səviyyəmiz də artır.

 

- Müasir uşaqların mədəni səviyyəsini, dəyərlərini necə qiymətləndirirsiniz?

 

- Dəyərlər dəyişmir, onların forması dəyişir. Bu gün də ailə və dostluq texnologiya və tendensiyalardan asılı olmayaraq birinci yerdədir. Uşaqların mədəni səviyyəsi də yaxşı səviyyədə olaraq qalır. Burada problem yalnız ondadır ki, müxtəlif nəsillər mədəniyyətin müxtəlif təbəqələrini  mənimsəyirlər, buradan da “əvvəllər daha yaxşı  idi” kimi fikirlər yaranır.

 

- Uşaqlarla ünsiyyət sizə nə verir?

 

- Mən onlarla ünsiyyət qurmağı, onların yanında olmağı çox sevirəm! Hər bir uşaq bir dünyadır, bu dünyanı dərindən tanımaq lazımdır. Mən uşaqları çox sevirəm. Bu sevgidən müəllim də, şagird də qarşılıqlı olaraq qazanırlar. Şagirdlərimlə  münasibətim həmişə müsbət olaraq qalır...

 

- İşinizin nəticələrini nədə görürsünüz?

 

- Mənim üçün işin nəticəsi aydındır. Şagirdlərimizin çoxu ali məktəblərə qəbul olmaq üçün səylə hazırlaşır və deyərdim ki, gələcək həyat yollarını seçib. Əgər gələcəkdə şagirdlərim məni tanıyacaqlarsa və hər dəfə görəndə “Salam, Aysel müəllim!” - deyəcəklərsə, hesab edirəm ki, bu da mənim əməyimin və səyimin nəticəsidir.

 

- Gənc müəllimlər üçün uğur “resept”iniz nədir?

 

- Düzgün və ürəklə işləmək lazımdır ki, dərsdə şagirdlər özlərini sərbəst, rahat hiss etsin və məktəbdən ayrılmaq istəməsinlər.

 

 

Vilayət ƏLİYEV,

İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

 



18.05.2019 | 09:30