Əqli məmnunluq, könül sevinci

Müasir təhsil sistemində kiçik məktəb yaşı uşağın həyatının təxminən altı yaşından başlayaraq on bir yaşına qədər olan dövrünü əhatə edir. Hal-hazırda tədqiqatçıların əksəriyyəti belə bir fikirdə həmrəydirlər ki, əqli inkişafın optimal dövrü məktəbəqədər və xüsusən də kiçik məktəb yaşlarıdır. Öz zehni inkişafının bu və ya digər tərəflərinin inkişaf etdirilməsinə hazır olması uşağın bu yaş mərhələsinə məxsusdur. Belə hazırlıq əlverişli pedaqoji şəraitlə qarşılıqlı münasibət zamanı yüksək nəticələri təmin etməyə qadir müəyyən fizioloji və psixoloji zəminin olması ilə təyin edilir.

 

Uşaq məktəbə gələndə onda tədris fəaliyyəti vərdişləri və bacarıqlarının təməli qoyulur. İbtidai məktəbin vəzifələri uşağa öyrənməyi öyrətməkdir. Aşağı sinif şagirdləri tədris fəaliyyəti prosesində nəinki bilik, bacarıq və vərdişləri mənimsəyirlər, həm də öz qarşılarına hədəf qoymağı, bilikləri mənimsəməyin və tətbiq etməyin yollarını, öz hərəkətlərinə nəzarət etməyi və bunları qiymətləndirməyi həyata keçirməyi öyrənirlər.

 

Kiçik məktəblilərdə təfəkkürün inkişafında psixoloqlar iki əsas mərhələni ayırd edirlər. Birinci mərhələdə şagirdlər tədris materialının təhlilini əsasən  əyani-kəsərli və əyani-obrazlı planda aparırlar.  Onun inkişafının qaneedici səviyyədə olması uşağa tapşırıqları təcrübi hərəkətləri, faktiki əşyaları tətbiq etmədən yalnız xəyali təsəvvürlər əsasında həll etməyə imkan verir. Belə təfəkkür növü ümumiləşmiş təsvirlərdən istifadə etməyə, hərəkətləri “öz ürəyində” - ağlında yerinə yetirməyə imkan verir, yəni kiçik məktəblilərdə obrazlı-əyani təfəkkür təkmilləşir, məntiqi söz təfəkkürünün formalaşmasının və bu inkişaf dövrünün yeni törəmələrindən biri kimi daxili hərəkət planının əsasları qoyulur. Bu, o deməkdir ki, kiçik məktəblilərin əqli inkişafı yeni bir mərhələyə yüksəlmiş, onlarda daxili hərəkət planı təşəkkül tapmışdır.

 

Uşaqlar təfəkkürün inkişafının ikinci mərhələsində anlayışların ayrı-ayrı əlamətləri arasında növ-cins münasibətlərinə, yəni təsnifatlandırmaya yiyələnirlər, onlarda fəaliyyətin təhlil-sintez tipi formalaşır, modelləşdirmə təsiri mənimsənilir. Bu, məntiqi təfəkkürün formalaşmağa başladığını  bildirir.

 

Uşağın məktəbəqədər yaşda sürətli hissi inkişafı ona gətirib çıxarır ki, azyaşlı şagird kifayət səviyyədə inkişaf etmiş qavrayışa malik olur: onun görmə itiliyi, eşitməsi, əşyanın formasına və rənginə bələdçiliyi yüksək səviyyədədir. Kiçik məktəb yaşının sonuna doğru müvafiq tədris olduğu təqdirdə sintezedici qavrama meydana çıxır. İnkişaf edən zəka qavranılan elementlər arasında əlaqə qurmağa imkan yaradır. Bu, qavramanın daha sonrakı inkişafını stimullaşdırır, müşahidə xüsusi fəaliyyət kimi meydana çıxır, xarakterin əlaməti kimi müşahidəçilik inkişaf edir.

 

Kiçik məktəblilərin yaddaşı iki istiqamətdə - sərbəst və düşünülmüş olaraq inkişaf edir. Uşaqlar onlarda maraq oyadan, oyun şəklində onlara çatdırılan, yaddaqalan əyani vəsaitlərlə və yaxud obrazlı xatırlama və s. ilə bağlı olan tədris materiallarını biixtiyar yadda saxlayırlar. Material onlara maraqlı gəlmir, lakin artıq onlar məqsədyönlü, sərbəst (iradi) şəkildə yadda saxlamaq qabiliyyətinə malik olurlar. İldən-ilə tədris getdikcə daha çox sərbəst (iradi) yaddaşa söykənərək qurulur.

 

Kiçik məktəb yaşında diqqət inkişaf edir. İbtidai məktəbdə oxuyanlar artıq maraqlı olmayan fəaliyyətə diqqətlərini toplaya bilirlər, lakin onlarda hələ də biixtiyar diqqət üstünlük təşkil edir. Onlar üçün aydın olmayan mürəkkəb materiala diqqəti yönəltmək, məsələnin (hadisələrin, halların) məğzinə varmaq hələ çətindir. Kiçik məktəblilərin diqqəti kiçik həcm, zəif dayanıqlığı ilə fərqlənir.

 

Kiçik şagirdlərin iradi diqqətinin inkişafına uşağın obrazdan və eləcə də onun sərbəst idarə edə biləcəyi və bu zaman daima özünə nəzarəti saxlayacağı hərəkətlərdən istifadə etməklə fəaliyyətinin dəqiq mütəşəkkilliyi yardım edir. Bu cür kiçik məktəbli qarşıya qoyulan hədəfi sərbəst idarə etməyi öyrənir, yəni onda iradi diqqət aparıcı rol oynayır. Diqqətin inkişaf etməkdə olan iradiliyi həm də diqqətin digər xassələrinin də inkişafına təsir göstərir.

 

Kiçik məktəblilərin təxəyyülünün inkişaf etməsi üçün onların təsəvvürləri böyük əhəmiyyət kəsb edir. Buna görə də müəllimin uşaqlarda mövzuya uyğun təsəvvürlər sisteminin toplanması üzrə dərslərdəki rolu mühümdür. Uşaqda öz zehni fəaliyyətini idarə etmək qabiliyyətinin inkişafı zamanı təxəyyül getdikcə daha artıq idarəolunan prosesə çevrilir və onun obrazları tədris fəaliyyətinin mahiyyətindən irəli gələn tapşırıqlar məcrasında ortaya çıxır. Yaradıcı təxəyyülün inkişafı üçün ilkin şərtlər yaranmış olur.

 

Kiçik məktəblinin zehni və idraki inkişafı  üçün yüksək emosionallıq və qavranılan obrazların aydın olması səciyyəvidir. Rəmzi və ümumiləşmiş şəkildə verilən təsvirlər daha çətin, əyani material isə daha yaxşı qavranılır.

 

Kiçik məktəblinin diqqətində əsas xüsusiyyət nisbətən zəif sərbəstliyin, iradiliyin olmasıdır. İbtidai məktəbdə oxuma dövrü ərzində diqqətin başqa yerə yönəlməsindən başqa bütün xassələri, demək olar ki, böyüklərdə olduğu kimi olur. Bu yaşda diqqətin başqa yerə yönəlməsi böyüklərə nisbətən daha yüksəkdir ki, bu da sinir proseslərinin hərəkətliliyi ilə izah olunur. Məktəb təlimləri kiçik məktəblinin yaddaşının inkişafına kömək edir. İlk məktəb illərində mexaniki yaddaş kifayət qədər tez inkişaf edir, məntiqi, vasitəli yaddaş tempdə geri qalır, belə ki, əksər hallarda uşağın diqqəti materialın mənimsənilməsinə yönəlir və mexaniki olur.

 

Əgər bu illərdə vasitəli, məntiqi yadda saxlamağa lazımınca diqqət yetirilməzsə, bu, məktəbin orta və yuxarı pillələrində təlimdə öz mənfi təsirini göstərəcəkdir. Kiçik məktəblinin əqli inkişafı aşağıdakı istiqamətlər üzrə gedir:

 

1) təfəkkür vasitəsi kimi nitqdən geniş istifadə edilməsi;

 

2) təfəkkürün üç növü (əyani-kəsərli, əyani-obrazlı, məntiqi) bir-birini qarşılıqlı olaraq zənginləşdirir və tamamlayır.

 

Əgər təlim zamanı təfəkkürün növlərindən hansı birisə istifadə edilməzsə, onda uşağın əqli inkişafı birtərəfli olacaqdır.

 

Kiçik məktəblilər anlayışlara yiyələnir, müqayisə etməyi, ümumiləşdirməyi, nəticə çıxarmağı öyrənirlər.

 

Eyni yaşda olan uşaqlarda müqayisə etmə prosesi müxtəlif cür gedə bilər.

 

Uşaqlar fərqliliyi daha tez aşkar edirlər, nəinki oxşarlığı.

 

İkinci sinif şagirdləri müqayisə zamanı daha çox sayda əlamətləri ayırd edirlər, nəinki birincilər.

 

Əgər yeni əşyalar müqayisə olunursa, şagirdlər müxtəlif əlamətləri, əşyalar məlumdursa oxşar keyfiyyətləri daha asan aşkar edirlər.

 

Təkrar müqayisə zamanı ayırd edilmiş oxşarlıq əlamətlərinin sayı daha çox olur. Müqayisə əməliyyatı bəzən əşyaların sadəcə yerləşdirilməsi ilə dəyişdirilir, yəni əvvəlcə bir əşyanın xassəsi qeyd olunur, bundan sonra isə digərinin.

 

Kiçik məktəblilər konkret hallardan, ətraflı təsvirdən çıxış edərək ümumiləşdirməni hər şeydən daha yaxşı edirlər. Alınmış biliklərə uyğun gələn konkret misal gətirmək bacarığı yaxşı edilmiş ümumiləşdirmə meyarı kimi çıxış edir.

 

Beləliklə, ibtidai məktəb dövrü ərzində uşağın əqli və idraki inkişafı nəzərəçarpacaq dərəcədə inkişaf edir.

 

Ona görə də məktəbə  zamanın tələbi ilə hansı yeni cərəyanın daxil olmasından, proqramların və dərsliklərin necə dəyişdirilməsindən asılı olmayaraq  tədris alanın əqli fəaliyyət mədəniyyətinin formalaşdırılması həmişə əsas ümumtəhsil və tərbiyəvi vəzifələrdən biri olmuş və olmaqdadır.

 

Uşaqlarla  işə başlayarkən, ilk növbədə, təbiətdən uşağa nəyin verildiyini və mühitin təsirindən nəyin əldə edildiyini aydınlaşdırmaq lazımdır.

 

Təlim-tərbiyənin əsas vəzifələrindən biri insanı təmayüllərin inkişaf etməsi, onların qabiliyyətə çevrilməsidir ki, bunları əqli prosesləri bilmədən və inkişaf etdirmədən həll etmək olmaz .

 

Əqlin inkişafı prosesi tədris-idraki fəaliyyətin düzgün təşkil edilməsi zamanı mümkündür və dərketmədə şəxsi tələblərin kifayət qədər güclü olduğu kiçik məktəb yaşlarında xüsusi ilə effektivdir. Ümumiyyətlə məktəb təliminin və xüsusən də ibtidai siniflərdə əsas vəzifələrindən biri - zehni qabiliyyətin inkişafı, müstəqil, yaradıcı, axtarış, tədqiqat təfəkkürünün inkişaf etdirilməsidir.  İbtidai təhsil uşaqların əqli inkişafının təməli əsaslarını qoymalıdır ki, bunlar da yaradıcı, müstəqil dərk edən, özünün hərəkətlərinə tənqidi qiymət verən insanın tərbiyəsi üçün şərait yaratmış olsun, hansı ki problemin həllində bir neçə üsulları irəli sürə, tutuşdura, müqayisə edə bilsin, əsas olanı ayıra və ümumiləşdirilmiş nəticələrə gələ bilsin; qeyri-standart şəraitlərdə biliklərini tətbiq edə bilsin. Bu, yeganə şərtlə - şagirdin əqli inkişafı üzərində gərgin iş sayəsində mümkün olur.

 

- Bəs əqli qabiliyyət nə deməkdir?

 

Əqli qabiliyyət təkcə hansısa bir növ fəaliyyətin deyil, çox növ fəaliyyətin yerinə yetirilməsi üçün lazım olan qabiliyyətdir.

 

Əqli qabiliyyət dedikdə yaddaş, qavrama, təxəyyül, təfəkkür, nitq, diqqət başa düşülür. Elə onların inkişafı da kiçik məktəbyaşlı uşaqların təlimində əsas vəzifələrdən biridir.

 

Məktəblinin əqli qabiliyyətinin inkişafı ən müxtəlif tapşırıqların qoyulması və həll edilməsi olmadan baş verə bilməz.  Tapşırıq idrakı, axtarış və yaradıcı prosesin ilkin, çıxış halqasıdır, fikrin ilk oyanışı məhz onda ifadə olunur.

 

Mənim təcrübəmdən məlumdur ki, nəyə isə qeyri-adi tərəfdən yanaşma tələb edən suallar tez-tez uşaqları çıxılmaz vəziyyətə salır və bu, başa düşüləndir: axı onlara bunu öyrətməmişlər. Halbuki eyni bir əşyaya müxtəlif tərəfdən baxılması daha artıq fayda gətirir, nəinki onlarla müxtəlif  əşyaların bir tərəfdən öyrənilməsi.

 

Əqli qabiliyyəti harada və necə inkişaf etdirə bilərik?

 

İbtidai sinif müəllimlərinin öz işlərində istifadə etdikləri əsas iş formaları bunlardır:

 

dərs

 

fənn dərnəyi

 

əqli oyunlar

 

Məktəblinin əqli inkişafında uğur əsasən dərsdə, müəllimin öz yetişdirmələri ilə təkbətək qaldığı zaman əldə edilir. Öyrənənin dərsə maraq dərəcəsi, bilik səviyyəsi, daimi özünü yetişdirməyə, yəni əqli inkişafa hazır olması müəllimin sistemli olaraq idraki fəaliyyəti təşkil etmək bacarığından asılıdır.

 

Hər uşaqda qabiliyyət və istedad var. Uşaqlar təbiətdən hər şeylə maraqlanan olurlar və öyrənmək istəyi onlarda aşıb-daşır. Onların öz istedadlarını üzə çıxarmaları üçün böyüklərin ağıllı rəhbərliyi lazımdır. Müəllimin vəzifəsi müxtəlif təlim, o cümlədən oyun metodlarından istifadə etməklə uşaqlarda sistemli məqsədyönlü olaraq təfəkkürdə hərəkətlilik və  çeviklik inkişaf etdirməkdir, yenidənqurma, diqqətin başqa yerə yönlənməsi, axtarış fəallılığı proseslərini stimullaşdırmaq, uşaqlara mülahizə yürütməyi, problemlərə çevik düşüncə ilə yanaşmağı, əzbərləməyib düşünərək hərəkət etməyi öyrətməkdir. Özləri nəticəyə gəlməli, yeni, təkrarsız yanaşmalar tapmalı, gözəl nəticələr, həll yolları əldə etməlidirlər ki, təlimdən zövq alsınlar.

 

Problemli təlim metodları da ibtidai məktəbdə oxuyanların əqli qabiliyyətinə müsbət təsir göstərir. Düzdür, materialın hamısı heç də problemli xüsusiyyət daşımır. Lakin onu uşaqlara funksional məqsədi yerinə yetirən tapşırıqlar şəklində vermək lazımdır. Əgər kiçik məktəblilərdə lazımi idraki hərəkətlər təşəkkül tapmayıbsa, onda tapşırığı oyun şəklində -didaktik mini-oyun şəklində vermək lazımdır. Buna görə də mən  dərsdə şagirdlər üçün xüsusi tapşırıqlar hazırlayıram ki, bunlarla onlar yeni informasiya əsasında oxşar zehni fəaliyyəti yenidən yerinə yetirmiş olsunlar.  

 

Tapşırığın yerinə yetirilməsi yeni biliklər üçün informasiya bazasını daim genişləndirir. Bunun üçün mən dərslərdə müxtəlif növ oyun fəndlərindən istifadə edirəm. Oyunlar inkişaf etdirən və ya maarifləndirmə xüsusiyyəti daşımalıdır.

 

Onlarda məqsəd kiçik məktəblinin həyat bilgisini genişləndirmək, öz dünyagörüşünü, biliklərə marağını formalaşdırmaqdır və burada məhz əqli xarakter daşıyan oyunlar  birinci yerə çıxır.

 

Uşaqlara dərslərdə “tap görüm”, “fikirləş”, “nə dəyişdi”, “bilməcənin açması” tipli tapşırıqlar vermək olar ki, bunlar da təhsilalanın düşüncə fəaliyyətinin inkişaf etməsinə kömək edir.

 

Əqli oyunlar, müşahidə, multimedia təqdimatları, didaktik oyunlar. 

 

Hələ Yan Amos Komenski məktəblinin istənilən zəhmətini əqli məmnunluq və könül sevinci mənbəyi etməyə çağırmışdı. Axı müəllim tədris prosesini elə qurmalıdır ki, uşaq hiss etsin ki, təlim təkcə borc deyil, həm də bir sevincdir, təlimi əyləncəli keçirmək olar. Ona görə də dərslər və dərsdən kənar tədbirlər mütləq yüksək maraq və dərketmə fəallığı səviyyəsində olmalı, xoşməramlı şəraitdə və asan halda keçirilməlidir.

 

Müəllimlərə tövsiyəm isə təlim-tərbiyə prosesində maraqlı tapşırıqlardan, başsındırmalarından, bulmacalardan, anaqrammalardan, psixi oyun məşğələlərindən müntəzəm istifadə etmələridir. İşə yaddaşın, diqqətin, məntiqi təfəkkürün inkişafına görə daha çox tapşırıqlar daxil edilməsidir.  Kiçik məktəblilərin zehni qabiliyyətlərinin inkişafının əsasında düşünmə qabiliyyəti durur.  Bu isə, məlum olduğu kimi, dərsin tez, asan, uğurlu mənimsənilməsi şərtidir.

 

 

Ülviyyə HACIYEVA,

“Ankara məktəbi” məktəb-liseyin ibtidai sinif müəllimi



19.05.2019 | 10:00