NDU-da “İdeyadan başlanğıca” layihəsi çərçivəsində görüş

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə “İdeyadan başlanğıca” layihəsi çərçivəsində görüş keçirilib. Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin məlumatına görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müvafiq sərəncamın icrası istiqamətində universitetdə keçirilən tədbirlərin artıq ənənə halı aldığını vurğulayıb. Rektor bu cür tədbirlərin tələbələrin perspektivlərinin formalaşmasındakı rolundan danışıb.

 

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev müvafiq sərəncamın icrası istiqamətində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsilə bağlı işlərin davam etdirildiyini bildirib. Vurğulanıb ki, ötən müddət ərzində universitetin hamiliyə verilmiş ixtisaslarında təhsil alan tələbələrlə görüş keçirilib, onlara muxtar respublikanın sosial-iqtisadi inkişafını əks etdirən broşür, kitab, kataloq kimi əyani vəsaitlər verilib. Qeyd edilib ki, nazirliyin fəaliyyət istiqamətlərini əks etdirən 50 mövzu üzrə mühazirələrin oxunması, tələbələrin yay istehsalat təcrübələrinin təşkili üçün müvafiq müəssisələrlə tanış olmaları Tədbirlər Planının mühüm tərkib hissəsidir. Nazir diqqətə çatdırıb ki, bu tədbirlərin davamı olaraq 2019-cu ilin aprel ayında Naxçıvan Biznes Mərkəzində nazirliyin əməkdaşlarının, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Universitetinin müəllim, bakalavr, magistr və doktorantlarının iştirakı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu  tərəfindən iqtisadi siyasətə təsir təhlilərinin qiymətləndirilməsi, biznes planlarının işlənməsi mövzuları üzrə 3 günlük seminarın keçirilməsi təmin edilib və seminarın sonunda 120 nəfər iştirakçıya sertifikat təqdim olunub.

 

Nazirliyin İnvestisiyaların təşviqi və ixraca dəstək şöbəsinin mütəxəssisi Rəmzi Əlizadə startaplar, təqdim olunan layihələrin iqtisadi səmərəliliyinin müəyyənləşdirilməsi, startapın stimullaşdırılması, maliyyələşdirilməsi və beynəlxalq təcrübə mövzusunda çıxış edib.

 

Sonda tələbə və müəllimlərin sualları cavablandırılıb.

 



20.05.2019 | 18:43