Təhsil TV: Elektron kitabların sayı 209-a çatdırılıb

Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az  elektron dərslik portalında yerləşdirilən elektron kitabların sayı 209-a çatdırılıb. 2018-ci ilin ilk 4 ayında portala X sinif üzrə 10 yeni elektron dərslik əlavə edilib. Bundan əlavə 15 elektron dərslik multimedia vəsaitləri ilə zənginləşdirilib. Həmin dərsliklərdə şagirdlər mövzulara uyğun video, qrafika, səs və digər multimedia vasitələri ilə öyrəndikləri bilikləri daha da artıra bilərlər. Hazırda 187 elektron dərslik, 22 müəllim üçün metodik vəsait olmaqla portalda 209 elektron kitab yerləşdirilib. X sinif üzrə dərsliklərin yerləşdirilməsi prosesi davam edir. Dərsliklər Azərbaycan və rus bölmələri üzrə I-X siniflərə əsasən sıralanıb.

 

Elektron dərslik portalından indiyədək 2 915 000 dəfədən çox istifadə olunub. Ötən bir ildə isə bu rəqəm 1 021 000 dəfədən çox olub. Portaldan qeydiyyatdan keçən istifadəçilərin sayı hazırda 178 019 nəfərdir. Cari ildə portalın ümumi dizaynı tamamilə yenilənib və yeni funksiyalar əlavə olunub. Son dəyişikliklərdən sonra qeydiyyatdan keçmədən də portala daxil olub elektron kitablardan istifadə etmək olur. Bundan əlavə bütün dərsliklər üzrə sürətli axtarış sistemi aktivləşdirilib.

 

2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq və onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. İstifadəçilər portalda olan müəllim üçün metodiki vəsaitləri seçmək üçün əlavə olunmuş filtrdən istifadə edə bilərlər.

 

Qeyd edək ki, elektron dərslik portalı (www.e-derslik.edu.az) Milli İnternet Forumunun “Milli Net 2017” müsabiqəsinin münsiflər heyətinin qərarına əsasən “Təhsil və Elm” nominasiyası üzrə ilin ən yaxşı portalı seçilib.



13.04.2018 | 11:33