Olimpiadalara qatılanların bilik səviyyəsi ildən-ilə yüksəlir

Yanvar ayından başlayan Respublika fənn olimpiadaları marafonu başa çatıb. 33 min şagirdin qatıldığı bu marafonun 274 qalibi var. Ölkəmizdə keçirilən ən nüfuzlu bilik yarışında 47 nəfər qızıl, 88 nəfər gümüş, 139 nəfər bürünc medal qazanıb. Onlar final mərhələsinə qatılan 588 şagird arasından seçilərək yarışın əsas mükafatına layiq görülüblər.

 

8 fənn üzrə keçirilən Respublika fənn olimpiadalarının nəticələri onu deməyə əsas verir ki, marafona qatılan şagirdlərin bilik səviyyəsi ildən-ilə artır. Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri, Respublika və Beynəlxalq fənn olimpiadaları üzrə koordinator Fuad Qarayev istər humanitar, istərsə də dəqiq fənlər üzrə şagirdlərin nəticələrini əvvəlki illərlə müqayisədə qənaətbəxş saysa da, bəzi fənlər üzrə nəticənin gözləniləndən aşağı olduğunu da vurğulayıb:

 

Bütün fənlər üzrə şagirdlərin nəticələri əvvəlki illərlə müqayisədə yaxşıdır. 

 

Ancaq bəzi fənlər üzrə iştirakçılar aşağı nəticə göstəriblər. Məsələn, fizika və nisbətən də riyaziyyat üzrə gözlədiyimizdən zəif çıxış ediblər. Bu, təqdim edilən sualların səviyyəsindən, yaxud hansısa mövzuların şagirdlərə tanış olmamasından da irəli gələ bilər. Ümumiyyətlə götürdükdə, olimpiadanın nəticələri qənaətbəxşdir”.

 

 

Bölgələrdə də keyfiyyət yüksəlib

 

 

Olimpiadalara qatılanların sayı və uğur qazananların keyfiyyət göstəriciləri şagirdlərin yaş qrupundan və təhsil aldığı məktəbin kənddə, ya da şəhərdə yerləşməsindən asılı olmayaraq, ildən-ilə yüksəlir. Bir şagirdin olimpiadada uğur qazanması onun yaşından asılı olmadığı kimi, neçə şagirdinin olimpiada qalibi olması da məktəbin kənddə, ya da şəhərdə yerləşməsindən asılı deyil. Məhz bu məqam olimpiadada iştirak şərtlərində də özünü göstərib. Belə ki, olimpiadanın rayon, şəhər mərhələsində şagirdlərin iştirakına heç bir məhdudiyyət qoyulmayıb. F.Qarayevin sözlərinə görə, ən istedadlıları seçmək məqsədi ilə keçirilən olimpiadalarda məhz ayrı-ayrı fənlər üzrə fərqlənən uşaqların iştirakını təmin etmək üçün məktəb turlarının keçirilməsi tövsiyə edilib. Bununla yanaşı, fənn müəllimlərinin, məktəb psixoloqunun rəyi ilə də istedadlı şagirdlərin iştirakı təmin edilir: “Bu il respublika fənn olimpiadalarının 274 qalibi olub ki, onların 127-si bölgə məktəblərinin payına düşüb. Əsas qaliblərin arasında nəinki rayon mərkəzlərində yerləşən, hətta kənd məktəblərinin şagirdləri var. Sumqayıt, Mingəçevir, Lənkəran, Oğuz, Bərdə, Şəki, Quba, İsmayıllı, Gəncə, Ağcabədi, Cəlilabad, Göyçay və Neftçala məktəblilərinin adı  məhz qızıl medalçıların siyahısındadır. Məsələn, Bərdədən 1 şagird qızıl, 2 şagird gümüş, 2 şagird bürünc medal qazanıb. Bu da göstərir ki, təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında bölgələrdə də kifayət qədər işlər həyata keçirilir”.

 

 

Xüsusi siniflər sayəsində olimpiadalara hazırlıq daha mütəşəkkil olacaq

 

 

Qeyd etdiyimiz kimi, ölkəmizdə 8 fənn üzrə olimpiadalar keçirilir. Ancaq həmin olimpiadalara xüsusi hazırlıq təşkil edilmir. Şagirdlərin olimpiadalarda iştirakında və yüksək nəticələr göstərməsində maraqlı olan məktəblər hazırlığı ayrı-ayrılıqda həyata keçirir və həmin təhsil müəssisələrinin nəticələri də ildən-ilə keçirilən fənn olimpiadalarında yüksəlir.

 

Ancaq respublika fənn olimpiadalarında fərqlənənlər beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə cəlb edilirlər. Beləliklə, beynəlxalq yarışlara iştirakçı seçimində bir mərhələ rolunu oynayan respublika  fənn olimpiadaları ölkəmizdə ayrı-ayrı fənlər üzrə xüsusi istedadlı uşaqların və onları hazırlayan müəllimlərin seçilməsində müstəsna rol oynayır. Hazırda 300-ə yaxın şagird Olimpiada Hazırlıq Mərkəzlərində məşğələlərə cəlb edilib. F.Qarayevin sözlərinə görə, gələcəkdə bu mərkəzlərin sayının artırılması üçün işlər aparılır: “Hazırlıq mərkəzlərində yerli və əcnəbi müəllimlər dərs deyir. Ali təhsil müəssisələrinin və AMEA-nın ayrı-ayrı institutlarının mütəxəssisləri ilə əməkdaşlıq edilir. Son zamanlar məktəblilərimizin qatıldığı beynəlxalq yarışlarda qazandıqları uğurlar da təsdiq edir ki, həmin mərkəzlərdə hazırlıq düzgün təşkil edilib”.

 

F.Qarayev əlavə edib ki, istedadlı uşaqların bölgələrdə də hazırlığını təşkil etmək məqsədi ilə artıq işlərə başlanılıb: “4 il əvvəl sadəcə 972 şagirdin iştirakı ilə respublika fənn müsabiqələri keçirmişdik. Həmin fənn müsabiqələrinin nəticələrinə əsasən müəyyən etdiyimiz şagirdlər bu gün müxtəlif  beynəlxalq olimpiadaların qalibləridirlər. Artıq bölgələrdə də fənn müsabiqələrinin qalibi olan istedadlı uşaqlar üçün xüsusi siniflərin yaradılmasına başlamışıq. Hazırda 16 müxtəlif rayonun 48 ayrı-ayrı məktəbində 60 belə sinif fəaliyyət göstərir. Növbəti tədris ilindən nəinki belə siniflərin, hətta onların təşkil olunduğu rayonların sayını artırmaq istəyirik. Xüsusi siniflərin təşkili respublika fənn olimpiadalarında şagirdlərin daha yüksək nəticə göstərəcəyinə, beynəlxalq olimpiadalarda iştirak edəcək namizədlərin sayının artmasına, rəqabətin güclənməsinə və nəticədə keyfiyyətin artmasına səbəb olacaq”.

 

 

Fənn olimpiadalarının proqramları www.olimpiada.edu.az saytında yerləşdiriləcək

 

 

Respublika fənn olimpiadalarına hazırlaşmaqda şagirdlərə kömək məqsədi ilə daha bir addım da növbəti tədris ilindən atılacaq: “Məktəblilərin olimpiadalara hazırlığında əlçatanlığı artırmaq məqsədi ilə gələn ildən www.olimpiada.edu.az saytında hər bir fənn və hər bir yaş qrupu üzrə respublika fənn olimpiadalarının proqramları yerləşdiriləcək. Şagirdlər olimpiadalara ilin əvvəlindən məhz həmin proqramlar üzrə hazırlaşa biləcəklər”. F.Qarayevin sözlərinə görə, əslində, həmin proqramlar hər tədris ilinin əvvəlində təhsil şöbələrinə göndərilib: “Ancaq müşahidələrə görə, göndərilən proqramların şagirdlərə çatdırılması aşağı səviyyədədir. Proqramların saytda yerləşdirilməsi şagirdlərin onlara əlçatanlığını təmin edəcək. Artıq kiminsə onlara proqram verməsini gözləməyəcək, www.olimpiada.edu.az saytından özləri əldə edərək hazırlaşa biləcəklər”.

 

 

Beynəlxalq olimpiadalar

 

 

Qarşıda isə ölkə məktəblilərini  8 önəmli beynəlxalq olimpiada gözləyir. Həmin olimpiadalara yay olimpiada düşərgəsində hazırlaşan komandalarımız və onların müəllimlərinin qarşıdakı iki aya yaxın zaman kəsiyini maksimum qiymətləndirəcəyi şübhə doğurmur. Riyaziyyat üzrə Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasına, İngiltərədə keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasına (İMO - İnternational mathematics olympiad), fizika üzrə İsraildə keçiriləcək Beynəlxalq Fizika Olimpiadasına, kimya üzrə Parisdə keçiriləcək Beynəlxalq Kimya Olimpiadasına, Macarıstanda keçiriləcək Beynəlxalq Biologiya Olimpiadasına hazırlıqlar artıq başlayıb. Nəhayət, avqustun 4-11-də Bakıda Beynəlxalq İnformatika Olimpiadası keçiriləcək: “Bu olimpiadalarda iştirak edəcək məktəbliləri müəyyənləşdirmək məqsədi ilə seçmə turu keçirilib. Fizika istisna olmaqla, digər fənlər üzrə milli komandalarımız formalaşıb. Fizika üzrə imtahanlar isə bu həftə  keçirilir. Qarşımızda iki ay var və ümid edirik ki, həm müəllimlər, həm də şagirdlər bu iki ayı düzgün dəyərləndirəcəklər”.

 

F.Qarayev onu da deyib ki, olimpiadalara hazırlıq məqsədi ilə Biologiya üzrə milli komandamızın üzvlərinin 14-25 iyun tarixlərində İran İslam Respublikasının Tehran Universitetində, Riyaziyyat olimpiadasına qatılacaq məktəblilərimizin isə Türkiyədə  İnformasiya Texnologiyaları Araşdırma İnstitutu (BİLTEN) nəzdində hazırlıq-məşq toplantısına qatılma ehtimalları var. 

 

Bu hazırlıqların uğurlu nəticələrinin olacağına isə hamımız inanırıq.

 

 

Nazirlər Kabinetinin qərarı olimpiada hərəkatına təkan verəcək

 

 

Dövlət səviyyəsində olan bu inamın nəticəsidir ki, Nazirlər Kabineti “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nı təsdiq edib. Bu qaydalara uyğun olaraq, beynəlxalq olimpiada qalibləri ali məktəblərin istənilən, respublika fənn olimpiada qalibləri isə qalib olduqları fənn üzrə ixtisaslara imtahansız qəbul oluna biləcəklər.

 

F.Qarayevin fikrincə, bu qərar məktəblilərin daha yüksək səviyyədə hazırlığını stimullaşdıracaq: “Beynəlxalq olimpiada qalibi olan məktəblilərimizi dünyanın nüfuzlu universitetləri dəvət edirdilər. Artıq beynəlxalq olimpiada qaliblərinin Azərbaycanın istənilən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbulu gələcəkdə beynəlxalq olimpiada hərəkatına yüzlərlə şagirdin qatılmasına səbəb olacaq”.  

 

 

Ruhiyyə DAŞSALAHLI

 



31.05.2019 | 09:11