V Respublika fənn müsabiqələrinin ilk mərhələsinin nəticələri açıqlanıb

Ümumi təhsil məktəblərinin  VI-VII sinif şagirdləri arasında keçirilən V Respublika  fənn müsabiqələrinin  rayon (şəhər) mərhələsinin nəticələri məlum olub.

 

Müsabiqələrdə ümumilikdə 26 000-nə yaxın şagird iştirak edib. Onlardan 4700-ə yaxını finalda iştirak etmək hüququ qazanıb. Fənn müsabiqələrinin final mərhələsi iyun ayında keçiriləcək.

 

Müsabiqələr riyaziyyat və informatika fənləri üzrə VI, fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında keçirilib. 

 

Fənn müsabiqələrinin yekun nəticələrinə (Respublika mərhələsinin nəticələrinə)  əsasən, yeni tədris ili üçün Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə şagird seçimi ediləcək.  Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflərin kontingentinin formalaşdırılması da nəzərdə tutulur.

 

Məktəblilərarası fənn müsabiqələri ilk dəfə 2014-cü ildə 972 şagirdin iştirakı ilə keçirilib.

 

Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və  olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.

 



04.06.2019 | 21:09