“Şəms” Uşaq Xoru Bəstəkarlar İttifaqında çıxış edib

Azərbaycan Bəstəkarlar İttifaqında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert  keçirilib. Konsertdə Dövlət Uşaq Filarmoniyasının “Şəms” Uşaq Xoru çıxış edib.

 

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə bildirib ki, Bəstəkarlar İttifaqı uşaqlarla bağlı irəli sürülən təşəbbüsü sevə-sevə qəbul edib, uşaqları sevindirməyə çalışır və onlara dəstək olur. F.Əlizadə bəstəkarları uşaqlar üçün musiqi bəstələməyə çağırıb və bunun çox vacib olduğunu söyləyib. Bəzi bəstəkarlar var ki, uşaqlar üçün opera da yazıblar. Əlbəttə ki, bu, sevindirici haldır. Uşaqlar üçün musiqi çox vacib bir sahədir və uşaqların musiqiyə gəlişini hamı istəyir. “Təəssüf hissi ilə bildirirəm ki, əsərləri nəşr etmək üçün nəşriyyatımız yoxdur və bunun üçün hər dəfə Mədəniyyət Nazirliyinə müraciət edirik”, - deyə o əlavə edib.

 

Çıxışlardan sonra  Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” Uşaq Xoru Ağabacı Rzayevanın “Qaranquş”, Oqtay Zülfüqarovun “Nənə” və Sərdar Fərəcovun “12 uşaq mahnısı” məcmuəsindən “Buratino”, “Dələ”, “Aşbazlar”, “Küpəgirən qarı” mahnılarını ifa ediblər. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi, beynəlxalq müsabiqə laureatı Əli Məmmədli Nuray Bayramovanın royalda müşayiəti ilə Əməkdar incəsənət xadimi Elnarə Dadaşovanın saz və piano üçün “Marş”nı sazda səsləndirib.

 

Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində orta-ixtisas musiqi məktəb-studiyasının şagirdi A.Dadaşov adına Pianoçuların IV Beynəlxalq Müsabiqəsinin laureatı Humay Nəbiyevanın Xalq artisti Azər Dadaşovun ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr etdiyi “Piano və orkestr üçün “Poema”nı ifa etməsi ilə başa çatıb.

 

       

Sifai SƏFƏROVA

 



10.06.2019 | 18:42