UTECA-nın rektor və əməkdaşları İspaniyada təlimlərə qatılıblar

Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru, professor Akif Süleymanov və bir neçə əməkdaşı Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşən Erasmus+ proqramının EQAC layihəsi (Azərbaycan Universitetlərində Keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) çərçivəsində İspaniyanın Alikante şəhərində təşkil olunan 1 həftəlik təlimdə iştirak ediblər.

 

Alikante Universitetində baş tutan təlimdə UTECA-nın rektoru ilə yanaşı, Keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov, Tədris şöbəsinin müdiri Piri Axundov, Xarici Dillər kafedrasının müdiri Könül Vəliyeva, Keyfiyyətin təminatı şöbəsinin mütəxəssisi Jalə Həmzəyeva da iştirak ediblər.

 

Azərbaycanın 11 ali təhsil müəssisəsindən olan nümayəndələr və xarici partnyor  universitetlərlə birgə reallaşan təlimin əsas mövzusu universitetlərdə keyfiyyətin təminatı sisteminin qurulması olub.

 

Təlimlərdə universitetlər tərəfindən hazırlanmış hesabatlar xarici ekspertlərlə birgə müzakirə edilib, mərkəzin strukturunun formalaşması və inkişafı üçün görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

 

Xatırladaq ki, İspanyada baş tutan bu təlim layihə çərçivəsində İsveç, Litva və İngiltərədən sonra sayca dördüncüdür. Növbəti təlimin yenidən İsveçdə - paytaxt Stokholmda keçirilməsi nəzərdə tutulub.

 



11.06.2019 | 10:57