Alqışa layiq uğur

Məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək  yaradıcı təfəkkür və açıq düşüncə tərzinin formalaşdırılması, onlara gələcəyin ixtisas və peşə seçim imkanlarını təmin edən  müvafiq bacarıqların  verilməsi məqəsdilə  2018/2019-cu dərs ilində  Azərbaycan Respublikasının  Təhsil,  Ekologiya və Təbii  Sərvətlər və Mədəniyyət nazirlikləri tərəfindən “Məktəblilərin Respublika Yaradıcılıq  Festivalı” keçirilib. Festival çərçivəsində “Ekoloji  yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi”, dram və təsviri incəsənət istiqamətləri üzrə   müsabiqələr təşkil olunub.  Hacıqabul şəhər  F.Cəbrayılov adına 2 saylı tam orta məktəb  festival çərçivəsində  keçirilən “Ekoloji  yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” müsabiqəsinə  qoşulub. Bu barədə “Azərbaycan müəllimi”nə Hacıqabul rayon Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Bəxtiyar Ələkbərov məlumat verib.

 

Bildirilib ki, müsabiqədə iştirak etmək üçün  məktəbin  coğrafiya müəllimi  İlhamə Məmmədzadənin rəhbərliyi  ilə VIII sinif şagirdlərindən ibarət ekoqrup  yaradılıb. Ekoqrup tərəfindən  məktəbdə istifadə olunan cihazlar və onların enerji  sərfiyyatı qeyd edilib,  pəncərələrin növü və sayı, də eləcə istifadə olunan lampaların növü və sayı hesablanaraq cədvəllər tərtib edilib. Bundan başqa, elektrik enerjisi və suya qənaətlə bağlı  aylıq enerji və su sərfiyyatının həcmi,  tullantıların təkrar emalı ilə bağlı məktəblilərin yığdığı kağız və plastik qabların miqdarı qeyd edlilib, yaşıl guşənin  həcmini müəyyən etmək  məqsədilə   məktəbdə olan bitki dibçəklərinin sayı hesablanıb.

 

“Sinif otaqlarının yaşıl dizaynı” adlanan 1-ci tematik gündə ekoqrup üzvləri məktəbin şagirdlərinə təlim keçib , otaq bitkilərinin sağlamlığımıza xeyri, otaqda təmiz havanın yaranması, sinif otaqlarında üstünlük verilən bitkilər haqqında məlumat veriblər.

 

2-ci tematik gündə ekoqrup üzvləri gün ərzində iki dəfə günorta və axşam (saat 12-13,saat 17-18) eyni küçədən keçən minik və yük avtomobillərini sayıb, sürücülərlə sorğu apararaq ətraf mühitə yayılan tüstünün miqdarını təyin etməklə ərazinin ekoloji vəziyyəti haqqında rəy veriblər.

 

3-cü tematik gündə ekoqrup üzvləri Hacıqabul rayonunda yerləşən Hacıqabul gölü ərazisinə ekskursiya təşkil ediblər. Göl ərazisinə baxış keçirib, mövcud  vəziyyətlə tanış olublar. Bu göl Azərbaycanın ramsar (beynəlxalq əhəmiyyətli su-bataqlıq) sahələrinə aid edilir.  Hal-hazırda göl qurumaqdadır, gölün ekologiyası pozulub, flora və faunası tamamilə məhv olub. Ekoqrup üzvləri işin nəticələrini əks etdirən divar qəzeti hazırlayıblar. Gölü  əvvəlki vəziyətinə qaytarmaq, canlı flora və faunanı bərpa etmək üçün  təkliflər verilib.

 

4-cü tematik gündə ekoqrup üzvləri məktəb ətrafı ərazidə, qonşular arasında “Məişət tullantılarının təkrar istifadəsi” barədə anket-sorğu keçiriblər. Anketlər təhlil edilərək  lazımsız  əşyalardan təkrar istifadə üsulları təklif edilib.

 

Şagirdlər bu sahədə  iş aparmaqla həm öz dünyagörüşlərini, bilik və bacarıqlarını, intellektual düşüncələrini  inkişaf etdirmiş, həm də ətrafdakıları  maarifləndiribər.

 

Qeyd edək ki, dərs ili ərzində  festival çərçivəsində  keçirilən  müsabiqələrin  qaliblərinin mükafatlandırma  mərasimi də keçirilib. Mükafatlandırma mərasimi Bakı Beynəlxalq Muğam Mərkəzində  baş tutub. Mükafatlandırma mərasiminə “Ekoloji  yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” istiqaməti üzrə  qalib olmuş  Hacıqabul şəhər F.Cəbrayılov adına 2 saylı tam orta məktəbin  komandası da dəvət olunub. Hacıqabul şəhər F.Cəbrayılov adına 2 saylı tam orta məktəbin  komandası “Ekoloji  yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” istiqaməti üzrə   müsabiqədə  II yeri tutub.  Qaliblərə Azərbaycan Respublikasının Təhsil,  Ekologiya və Təbii Sərvətlər və Mədəniyyət nazirlikləri tərəfindən    kubok, diplom və qiymətli hədiyyələr   təqdim olunub.



13.06.2019 | 14:48