Təhsil naziri dərs ilinin mayın 31-də bitməsi barədə səslənən təkliflərə münasibət bildirib

Təhsil naziri Ceyhun Bayramov orta məktəblərdə dərs ilinin mayın 31-də bitməsi ilə bağlı səslənən təkliflərə münasibət bildirib. Bu məsələ ilə bağlı Təhsil Nazirliyinin rəsmi möqeyini xatırladan nazir bununla bağlı dəfələrlə açıqlamalar olduğunu vurğulayıb.

 

Nazir diqqətə çatdırıb ki, 2015-ci ildən etibarən Nazirlər Kabinetinin müvafiq qərarı ilə tədris ili sentyabrın 15-i başlayır və iyun ayının 14-də bitir. Artıq yeni hazırlanan dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üçün hesablanır: "Bu illər ərzində yenilənməmiş dərsliklərlə bağlı Təhsil İnstitutu tərəfindən metodik tövsiyələr hazırlanaraq yerlərə göndərilib ki, mövcud dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üzrə təşkil oluna bilsin. Onu da qeyd edim ki, dərs ilinin müddətinin dəyişdirilməsi ilə bağlı qərar verilərkən orta aylıq hava temperaturu ilə bağlı məlumatlar da nəzərə alınıb".

 

Ceyhun Bayramov qeyd edib ki, sentyabr ayının ilk 2 həftəsi ilə iyun ayının ilk 2 həftəsinin orta aylıq temperaturları arasında fərq yoxdur. Orta aylıq temperatur hesablanarkən isə son 10 ilin temperaturu nəzərə alınıb: "Qərar verilərkən nəzərə alınan digər göstərici havanın rütubətli ilə bağlı olub. Havada rütubət nə qədər çox olarsa, isti havanı keçirmək bir o qədər çətin olur. Sentyabr ayının əvvəlində olan rütubət göstəricisi iyun ayının əvvəlində olan göstəricidən yüksəkdir".

 

Ruhiyyə



14.06.2019 | 13:00