İmtahansız tələbə adı qazananlar

Fənn olimpiadalarına maraq ildən-ilə artır. İstedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədi ilə hər il keçirilən respublika fənn olimpiadaları bu il maraqlı yanaşmalar, fərqli nəticələr və yüksək fəallıqla yadda qaldı.

 

Beləliklə, 2018-2019-cu tədris ilində keçirilən respublika fənn olimpiadalarına qatılan 30 000-dən çox şagird arasından 299 nəfər qalib seçilərək mükafatlandırıldı. Həmin şagirdlər Təhsil naziri, millət vəkilləri və ictimai xadimlərin iştirakı ilə təntənəli şəkildə təltif olundular.

 

 

52 rayondan 164 məktəbdən 299 şagird

 

 

Beləliklə, olimpiadanın nəticələrinə görə, 49 qızıl, 94 gümüş, 156 bürünc olmaqla, ümumilikdə 299 nəfər qalib elan edilib.

 

Bu barədə Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev məlumat verib. Respublika fənn olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edən Fuad Qarayevin sözlərinə görə, qaliblər 52 rayon və şəhərdən 164 məktəbin şagirdləridir. Final mərhələsinin nəticələrindən görünür ki, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan liseylərin şagirdləri 14 qızıl medal, 30 gümüş medal, 24 bürünc medal əldə ediblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin şagirdləri 11 qızıl, 22 gümüş, 46 bürünc medal qazanıb, Sumqayıt şəhəri məktəblərinin göstəriciləri isə 3 qızıl, 8 gümüş, 12 bürünc medal olub.

 

Təhlillər sonucu məlum olub ki, olimpiadanın qızıl medalına layiq görülənlər Ağcabədi, Lerik, Oğuz, Gəncə, Füzuli, Mingəçevir, Bərdə, Göyçay, Lənkəran, Neftçala, Cəlilabad, Xaçmaz, Salyan, Kəlbəcər məktəblərinin şagirdləridir.

 

Bu olimpiadalarda da Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin, Kimya-biologiya təmayüllü Respublika liseyi, 220 nömrəli tam orta məktəbin, akademik Zərifə Əliyeva adına lisey, Humanitar fənlər təmayüllü lisey, Xəzər Universiteti nəzdində “Dünya” məktəbi, Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey, Bakı Modern Təhsil Kompleksinin şagirdləri fərqləniblər.

 

Fuad Qarayev respublika fənn olimpiadaları iştirakçılarının ali təhsil müəssisələrinə qəbul imtahanlarında da fərqləndiklərini, əsasən 600-dən yuxarı bal topladıqlarını da vurğulayıb. Olimpiada qalibləri əsasən Bakı Dövlət Universitetini, Azərbaycan Dövlət İqtisad Universitetini, Azərbaycan Texniki Universitetini, ADA-nı və başqa universitetləri seçiblər.

 

Əsasən maliyyə işi, hüquqşünaslıq, maliyyə, iqtisadiyyat, biznesin idarəolunması, mühasibat uçotu-audit kimi ixtisaslar üzrə təhsil almağa üstünlük verirlər. 

 

 

Onlar artıq tələbədirlər

 

 

Təhsil naziri Ceyhun Bayramov son illərdə olimpiadalar və istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlərə diqqət çəkib. Nazir bildirib ki, bu sahədə islahatlara 2014-cü ildən başlanılıb və qısa müddətdə istedadlı uşaqların aşkara çıxarılması üçün bir sıra sistemli işlər görülüb. Beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşmasından, mühüm nailiyyətlərin əldə olunmasından bəhs edən C.Bayramov respublika fənn olimpiadaları qaliblərinin müvafiq fənlər üzrə müsabiqədənkənar ödənişsiz əsasda ali təhsil müəssisələrinə qəbul imkanı əldə etmələrini xatırladıb. Bunu nəzərə alan qaliblərin artıq tələbə adı qazandığını vurğulayıb.

 

İstedadlı uşaqların daha erkən yaşda üzə çıxarılması məqsədinə xidmət edən fənn müsabiqələrinə də toxunan Təhsil naziri aşağı yaş qrupunda olan uşaqlarla işin təşkilindən də danışıb. Həmin işin və VI-VII  sinif şagirdləri arasında keçirilən fənn müsabiqələrinin nəticəsidir ki, bu sahədə uğurlar artıb: “4 il əvvəl keçirdiyimiz ilk müsabiqələrdə qalib olan Murad Ağazadə, Abutalıb Namazov, Fərid İsmayılov hələ X sinifdə oxumalarına baxmayaraq, artıq Azərbaycana çoxsaylı medallar gətiriblər”.

 

Bakıda və Sumqayıtda təşkil edilən olimpiadalara hazırlıq mərkəzlərinin fəaliyyətindən söz açan  nazir bu imkanların ölkə üzrə genişləndirilməsi məqsədi ilə atılan addımlardan danışıb. Bu istiqamətdə marağı və bacarığı olan müəllimlər arasında da keçirilən müsabiqəni xatırladıb. Həyata keçirilən bu və bu kimi tədbirlərin nəticəsidir ki, hər hansı fənn müsabiqəsinə, beynəlxalq bilik yarışına qatılmaq istəyən şagirdlərin hazırlaşmaq üçün Bakıya gəlməsinə ehtiyac yoxdur. Üstəlik, məktəblilərin beynəlxalq elm və bilik yarışlarına hazırlığı prosesinə sadəcə Azərbaycanın dəyərli elm adamları deyil, xaricdən dəvət edilən mütəxəssislər, olimpiada qalibi olan həmyerlilərimiz də fəal şəkildə qatılıblar.

 

 

Uğura gedən yol

 

 

Respublika fənn olimpiadalarının getdikcə artan nüfuzunun nəticəsidir ki, indi hər  məktəbli olimpiada qalibi, olimpiadalarda uğur qazanan hər məktəbli isə “Birincilərin birincisi” olmağı təhsilinin əsas məqsədi hesab edir.

 

Uğur isə hədəfə gedən yolda bütün səylərini birləşdirən hər məktəblinin haqqıdır.

 

 

 

Ruhiyyə DAŞSALAHLI

 



21.06.2019 | 10:02