AMEA-nın müxbir üzvü İvan Karyaginin 125 illik yubileyi qeyd olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan florasının görkəmli tədqiqatçısı, AMEA-nın müxbir üzvü İvan İvanoviç Karyaginin 125 illik yubileyinə həsr olunan elmi simpozium keçirilib.

 

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov görkəmli alimin Azərbaycan botanika elminə və onun inkişafına verdiyi töhfələrdən danışıb. Bildirib ki, İ.İ.Karyagin 72 illik ömrünün 43 ilini Azərbaycan florası və onun bitki örtüyünün sistematik və floristik tədqiqinə həsr edib, Herbari Fondunun yaradılması və zənginləşdirilməsi istiqamətində əvəzsiz xidmətlər göstərib.

 

Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə İ.İ.Karyaginin həyatı, elmi və elmi-təşkilati fəaliyyəti haqqında çıxış edərək Azərbaycanda botanika elminin tədqiqi sahəsində özünəməxsus yer tutmuş alimin mənalı ömür yolundan söz açıb.  

 

Tədbirdə Botanika İnstitutunun Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, b.ü.f.d., dos. Rəşad Səlimovun “Bitki sistematikasında müasir inkişaf  tendensiyaları” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi Azərbaycan botanika elm tarixinin ən dəyərli səhifələrindən birinin tanınmış alim İ.İ.Karyaginin adı ilə bağlı olduğunu bildirib. Diqqətə çatdırıb ki, son illərdə İnstitutda Azərbaycan florasına daxil olan bitki taksonlarının sistematik, floristik, morfoloji, filogenetik tədqiqi, bioloji müxtəlifliyin və ekosistemin müasir vəziyyətinin qiymətləndirilməsi, monitorinqlər müasir yanaşma və metodlardan istifadə edilməklə davam etdirilir. R.Səlimov əlavə edib ki, son illərdə Botanika İnstitutunda ABŞ-ın TROPICOS onlayn sistemində “Azərbaycan florası” adlı elektron məlumat bazası yaradılıb və floramıza aid ətraflı məlumatlar bu sistemə daxil edilir.

 

Daha sonra akademik Məhərrəm Babayev və digərləri çıxış edərək görkəmli alimin xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşayacağını bildiriblər.

 

Tədbirdə Azərbaycan florasının görkəmli tədqiqatçısı, İ.İ.Karyaginin həyat və fəaliyyətinə həsr olunan filmin nümayişi böyük marağa səbəb olub.

 

Sonda Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadənin rəhbərliyi ilə region üçün ilk dəfə tərtib edilmiş “Plants of the Greater Caucasus (Azerbaijan)” adlı kitabın təqdimatı keçirilib.

 



21.06.2019 | 19:47