BMU-da “Məzun Günü” keçirilib

Bakı Mühəndislik  Universitetində (BMU) “Məzun Günü” keçirilib. Tədbirdə millət vəkilləri, dövlət və hökumət nümayəndələri, universitetin professor-müəllim heyəti, valideynlər və günün səbəbkarları olan məzunlar iştirak edib.

 

Universitetin rektoru, professor Havar Məmmədov açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, məzunları və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edib. Rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən dövlətin inkişafı ilə yanaşı, gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Bu gün də ölkə başçısı İlham Əliyev və Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva  dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakına xüsusi diqqət yetirir.

 

Professor H.Məmmədov BMU-nun fəaliyyəti, uğurları və gələcək planları barədə də tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, bu il universitetdən 963 tələbə məzun olur. Onlardan 818 tələbə bakalavr, 145 tələbə isə magistr pilləsindən məzun olur. 88 tələbənin universiteti fərqlənmə ilə bitirməsini xüsusi qeyd edən rektor ölkəmizdə yaradılan müasir sənaye müəssisləri üçün BMU-da yüksək səviyyədə kadr hazırlığının  aparıldığını da diqqətə çatdırıb.

 

Sonra millət vəkili, iqtisad elmləri doktoru, akademik Ziyad Səmədzadə çıxış edərək məzunları təbrik edib və onlara tövsiyələrini verib. Bildirib ki,  BMU uğurları ilə cəmiyyətdə və  Azərbaycan təhsil sistemində  öz mövqeyini gücləndirir.

 

Z.Səmədzadə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının inkişaf prespektivləri və aparılan islahatların nəticələri barədə ətraflı məlumat verib.

 

Abşeron rayon icra hakimiyyətinin başçısının müavini Fuad Cəbrayılov və rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova BMU məzunlarını təbrik ediblər. Rayonun ictimai həyatında universitetin fəaliyyətindən, orta təhsil müəssisələri ilə əməkdaşlığından danışıblar.

 

Sumqayıt Kimya Sənaye Parkının baş direktoru Nazim Talıbov isə çıxışında universitet-sənaye əlaqlərindən, BMU ilə rəhbərlik etdiyi sənaye parkının əməkdaşlığı barədə məlumat verib. O, ölkəmizdə yaradılan sənaye parklarının rəqabətə davamlı inkişafında kadr hazırlığının rolundan danışıb.

 

Tədbirdə universiteti ixtisası, fakültəsi və ümumi universitet üzrə birinci bitirən tələbələr mükafatlandırılıblar. Qeyd edək ki, universitet birincisi 99.14 balla İngilis dili və ədəbiyyatı müəllimliyi ixtisasından məzun olan Almaz Mirzəyeva olub.

 

Bədii hissə ilə davam edən tədbirdə universitetin özfəaliyyət kollektivləri ilə yanaşı, tanınmış sənət adamları ifaları ilə məzunları təbrik ediblər.

 



24.06.2019 | 10:05