NDU-nun Tibb fakültəsində “Məzun günü” təşkil edilib

Naxçıvan Dövlət Universitetinin (NDU) Tibb fakültəsində “Məzun günü” keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanda elm və təhsilin inkişafından, muxtar respublikada kadr potensialının gücləndirilməsinə göstərilən yüksək dövlət qayğısından danışıb. Rektor tələbələri, onların üzərində böyük əməyi olan valideynləri və müəllimləri  təbrik edib, məzunlara gələcək fəaliyyətlərində universitetin adını daim uca tutmağı, müstəqil ölkəmizin tərəqqisinə layiqli töhfələr verməyi arzulayıb.

 

Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov isə qeyd edib ki, Tibb fakültəsinin yaranmasının 20-ci ildönümü ərəfəsində keçirilən “Məzun günü” həm də ona görə əlamətdardır ki, bu il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən müasir standartlara cavab verən və son texnologiyalarla təmin olunan yeni fakültə binası istifadəyə verilib. Bildirilib ki, 474 tələbənin təhsil aldığı fakültədən bu il Müalicə işi ixtisası üzrə 33, Stomatologiya ixtisası üzrə 22, Əczaçılıq ixtisası üzrə 19 nəfəri məzun olur ki, bunlardan 21 nəfəri isə əcnəbi tələbələrdir. Ümumilikdə fakültədə  122 nəfəri xarici ölkə vətəndaşı təhsil alır. Diqqətə çatdırılıb ki, Tibb fakültəsində hər il xarici ölkələrdən olan tələbələrin sayının artması universitetin beynəlxalq əlaqələrinin yüksək səviyyədə qurulduğu və bu sahədə böyük uğurlara imza atıldığının göstəricisidir.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin müavini Samrat Gəncəyeva gələcəyin həkim kadrlarının yetişməsində universitetinin rolunu yüksək qiymətləndirib, muxtar respublikada səhiyyəyə göstərilən yüksək dövlət qayğısından danışıb. Nazir məzunlarımıza cansağlığı, xoşbəxt gələcək, daima xalqımızın sağlamlığının keşiyində layiqincə durmağı arzulayıb.

 

Azərbaycan Tibb Universiteti I Uşaq xəstəlikləri kafedrasının müdiri, akademik, tibb fakültəsində Yekun Dövlət Attestasiya Komissiyasının sədri Adilə Namazova vurğulayıb ki, Azərbaycan səhiyyəsinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın ilk qadın pediatr alimi sayılan, 350-dən çox elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifi olan akademik gələcəyin həkimlərinə peşənin dərin sirlərinə yiyələnmək barədə tövsiyələrini çatdırıb.

 

Tələbələrin ürək sözləri dinlənildikdən sonra tibb məzunlarının 6 illik tələbə həyatına həsr olunmuş videoslayd nümayiş olunub.

 

Sonra fakültənin məzunları həkim andının  qəbulu mərasimində iştirak ediblər.

 

Tədbir məzunların hazırladığı şeir və mahnılardan ibarət bədii kompozisiya ilə davam edib.

 

 



27.06.2019 | 16:21