Milli Qəhrəmanın doğum gününə həsr olunmuş “dəyirmi masa”

Ağstafa şəhər 3 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək, gələcəyimiz olan şagirdlərə tariximizi mənimsətmək və vətən uğrunda şəhid olanları tanıtmaq olub.

“Dəyirmi masa”da təhsil şöbəsinin əməkdaşları, məktəbin pedaqoji və şagird kollektivi iştirak edib.

Masa ətrafında toplaşanlar Mübariz İbrahimovun şərəfli ömür yolundan danışıblar. Qeyd edilib ki, o, əsl cəngavər kimi 5 saat ermənilərlə təkbaşına döyüşüb və qəhrəmanlıqla həlak olub. Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaldıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən Mübariz İbrahimov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Sonda Milli Qəhrəmana həsr olunmuş videoslayd göstərilib.

 

Nəcibə VƏLİYEVA,

Ağstafa Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi



17.02.2018 | 18:00