“CanSat Azərbaycan 2019” müsabiqəsinin qalibləri

Təhsil Nazirliyi və "Azərkosmos" ASC-nin birgə təşkilatçılığı ilə keçirilən “CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin qiymətləndirmə mərhələsi keçirilib.

 

Qiymətləndirmə mərhələsinə müsabiqənin "İlkin hesabat sənədi"nin təqdim olunması və "Layihələndirmə" mərhələlərini uğurla bitirən 8 universitetdən 11 komanda vəsiqə qazanıb.

 

Komandalar “Peyk modellərinin uçuş sonrası hesabatı”nın təqdim olunması mərhələsində yerli və beynəlxalq üzvlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

 

Qiymətləndirmənin yekun nəticələrinə əsasən, final mərhələsində hazırladıqları peyk modelini uğurla səmaya buraxan ADA Universitetinin “CanADA” komandası müsabiqənin qalibi olub. Bakı Ali Neft Məktəbinin “Can of Duty” komandası II, Bakı Mühəndislik Universitetini təmsil edən “Caucasus_Sat” komandası isə III yerdə qərarlaşıb.

 

İkinci ildir təşkil edilən “CanSat Azərbaycan” müsabiqəsi gənclərin kosmik texnologiyalar sahəsinə marağının artırılmasına xidmət edir, eləcə də, müsabiqə qaliblərinə gələcəkdə ölkəmizi bu tipli beynəlxalq yarışlarda layiqincə təmsil etmək imkanı verir.

 

Müsabiqədə iştirak üçün ölkənin 15 universitetindən 38 komanda qeydiyyatdan keçmişdi.

 

Builki müsabiqədə Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti də iştirak edib. Komandalar əsasən, mexanika və kompüter mühəndisliyi, aerodinamika, proseslərin avtomatlaşdırılması, riyaziyyat, fizika və digər texniki ixtisaslar üzrə təhsil alan tələbələrdən ibarət olub.

 



02.07.2019 | 15:00