Xan Sarayı və Şəkinin tarixi mərkəzi UNESKO-nun Dünya İrs Siyahısına salınıb

İyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

 

Əvvəlcə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) hesabatı dinlənilib. Bildirilib ki, Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 kilometr məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir.

 

Qeyd edilib ki, Şəkidə yerləşən Xan Sarayı dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə inşa edilən saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. Otuz metr uzunluğu olan ikimərtəbəli bina 300 kvadratmetr sahəni əhatə edir. Saray altı otaq, dörd dəhliz və iki güzgülü eyvandan ibarətdir. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindəndir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray 120 hektar ərazini əhatə edir.

 

Hesabatda Şəki ilə bağlı faylın 2017-ci ildə Polşanın Krakov şəhərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyanın müzakirə olunduğu diqqətə çatdırılıb.

 

Müzakirələr zamanı Küveyt, Anqola, Çin, Bəhreyn, Braziliya, İndoneziya, Tanzaniya, Tunis, Qırğızıstan, Bosniya və Herseqovina, Uqanda, Norveç, Zimbabve, Burkina-Faso, İspaniya, Qvatemala, Avstraliya bu nominasiyanın Dünya İrs Siyahısına salınmasının vacibliyini vurğulayıb. Bildirilib ki, 41-ci sessiyadan sonra Azərbaycan hökuməti bu tarixi məkanla bağlı ciddi işlər görüb. Bu səbəbdən də üzv dövlətin nümayəndələri faylın qəbulunu məqsədəuyğun hesab edirlər.

 

Azərbaycanın nümayəndəsi çıxış edərək bildirib ki, nominasiya altı ildir yerli və beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilib və əraziyə dəvət olunub. ICOMOS-un tövsiyələrindən irəli gələn məsələlərlə bağlı ciddi işlər görülüb. Yeni idarəetmə strukturu formalaşdırılıb və bir sıra qərarlar qəbul olunub.

 

Müzakirələrdən sonra “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

 

Sonda Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qərara görə komitə üzvlərinə təşəkkürünü bildirib.

 

Bu gün Prezident İlham Əliyev Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqına təbrik  edib.

 

Təbrikdə bildirilir:  Hörmətli həmvətənlər!

 

Bu gün Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.
  

Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin tarixi hissəsi yüzillər boyu ölkəmizin mədəniyyət mərkəzlərindən biri kimi tanınmışdır. Unikal abidələrlə zəngin Şəki şəhərinin tarixi hissəsinin mühafizəsi və inkişafı daim dövlətin diqqətində saxlanılmışdır.
 

Son illər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilmişdir. Qeyd edilməlidir ki, bu fəaliyyətlər beynəlxalq təşkilatlarla, xüsusən dünya mədəniyyəti, təhsili və elminə məsul olan UNESKO ilə sıx əməkdaşlıq şəraitində gerçəkləşdirilir. Təsadüfi deyil ki, “İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır.

 

Əziz həmvətənlər!

 

Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur.

 

UNESKO tərəfindən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin Ümumdünya İrsi elan edilməsi münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm.

     

Qeyd edək ki,  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində edilən paylaşımda deyilir:

 

“Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib. Bu gün isə biz Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmasını qeyd edirik. Bu tarixi hadisə münasibətilə bütün xalqımızı səmimi qəlbdən təbrik edirəm!”.

 

Oruc MUSTAFAYEV



07.07.2019 | 20:10