Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağı xarici əməkdaşlığı genişləndirir

 

İngiltərənin Kil Universitetinin təbiət elmləri şöbəsinin əməkdaşı Dr. Piter Tomas və Polşa Elmlər Akademiyasının Dendrologiya İnstitutunun Sistematika və Coğrafiya laboratoriyasının əməkdaşları Dr. Monika Derinq və Dr. Qrzeqorz İszkulo AMEA Botanika İnstitutunun və Mərkəzi Nəbatat Bağının qonağı olublar.

 

Botanika İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Validə Əlizadə və Mərkəzi Nəbatat Bağının direktoru v.i.e., b.e.d. Vahid Fərzəliyevin iştirakı ilə keçən görüşdə əməkdaşlıq əlaqələrinin qurulması perspektivləri müzakirə olunub.

 

V.Əlizadə Botanika İnstitutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələr və əldə olunan nailiyyətlər haqqında  danışıb. Qonaqlar İnstitutun Botanika Muzeyi, Herbari Fondu və laboratoriyaları ilə tanış olublar. Onlara Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin Avropa Məlumat Bazasına və Dünya Florasına daxil edilməsi üzrə aparılan fəaliyyət haqqında məlumat verilib.

 

Nümayəndə heyətinin üzvləri çıxışlarında əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək bağçılıq və reproduksiyası sahəsində birgə tədqiqatlar, kadr və təcrübə mübadiləsi, müştərək layihələr və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıblar.

 

Səfər müddətində nümayəndə heyəti Mərkəzi Nəbatat Bağının əməkdaşları ilə birlikdə ölkəmizin bir sıra təbiət ərazilərinə təşkil olunmuş ekspedisiyalarda iştirak ediblər.

 


 

09.07.2019 | 20:27