“Zubrları təbiətimizə qaytaraq!” yay düşərgəsi uğurla başa çatıb

İsmayıllı rayonunda keçirilən “Zubrları təbiətimizə qaytaraq!” adlı növbəti ekoloji yay düşərgəsi yekunlaşıb. Düşərgədə İsmayıllı rayonunun Talıstan, Tircan, Keyvəndi, Cülyan, Topçu və digər kənd məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər.

 

Düşərgədə məktəblilər seminarlarda zubrların həyat tərzi, reintroduksiya olunacağı ərazilər, təbiətdəki rolu, ekosistem xidmətləri haqqında geniş məlumatlar əldə edib, müxtəlif ekoloji tədqiqatlarda və müsabiqələrdə iştirak ediblər.

 

İştirakçılar Şahdağ Milli Parkının ərazisində zubrların adaptasiya dövrlərini təhlükəsiz keçmələri üçün yaradılan xüsusi kompleksdə may ayında ölkəmizə reintroduksiya olunan zubrları izləyib, bu növ haqqında məlumatlar əldə ediblər. Həmçinin iştirakçıların Qəbələ rayonunda yerləşən Nohur gölünə ekskursiyası təşkil olunub. Düşərgənin yekununda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

 

“Zubrları təbiətimizə qaytaraq!” yay düşərgəsinin əsas məqsədi reintroduksiya olunan zubrlar və onların qorunmasının vacibliyi haqqında gənclərin məlumatlandırılması, onların məktəb yaşlarından ətraf mühit sahəsində maarifləndirilməsi, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasıdır.

 

Yay düşərgəsi “Azərbaycanda zubrların reintroduksiyası” proqramı çərçivəsində IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər FonduTəhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı ilə təşkil edilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də tərəfdaş olduğu layihə çərçivəsində ölkəmizdə nəsli kəsilən vəhşi öküz - Qafqaz zubru növündən olan 12 baş heyvan Fransa və Belçika zooparklarından Azərbaycana gətirilib. Zubrlar üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsində xüsusi ərazi yaradılıb. Heyvanlar bir müddət bu ərazidə adaptasiya dövrü keçdikdən sonra təbiətə sərbəst buraxılacaq. Ölkəmizə bu il daha 8 baş zubrun gətirilməsi nəzərdə tutulur.

 



10.07.2019 | 12:12