BMU tələbələrinin yaradıcılıq sərgisi keçirilib

Abşeron rayonu Heydər Əliyev mərkəzində  ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunan “Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarı” mövzusunda Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrinin yaradıcılıq sərgisi keçirilib.

 

Tədbirdə universitet əməkdaşları ilə yanaşı,  Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, millət vəkili Musa Quliyev, YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev,  rayon, təhsil, mədəniyyət, idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Öncə tədbir iştirakçıları Ümummilli Liderin abidəsinin önünə gül dəstələri düzüb, hörmət və ehtiramlarını bildiriblər.

 

Daha sonra qonaqlar BMU-nun Memarlıq, Şəhərsalma və Dizayn ixtisaslarında təhsil alan tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

 

Memarlıq və İnşaat kafedrasının müdiri, əməkdar memar, professor Sabir Orucov qonaqlara sərgi barədə ətraflı məlumat verib.

 

Mərkəzin iclas salonunda davam edən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı məruzə ilə çıxış edib. Bildirib ki, Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə daim Azərbaycan xalqına xidmət edib və Ulu Öndər müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.

 

Tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Bu gün də Ulu Öndərin layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə sürətli inkişaf gedir, yeni innovativ texnologiyalı istehsalat müəssisələri açılır. Universitetdə müasir sənayenin tələbinə uyğun kadr hazırlığına önəm verildiyini diqqətə çatdıran rektor əlavə edib ki, digər universitetlərdən fərqli olaraq, BMU-da Memarlıq, Şəhərsalma və Dizayn ixtisasları üzrə tələbələr qabiliyyət imtahanı vermədən universitetə qəbul olunurlar. Buna baxmayaraq, müəllimlərin zəhməti nəticəsində əldə olunmuş nailiyyətlər təşkil olunan sərgidə öz əksini tapıb.

 

Tədbirdə çıxış edən digər natiqlər Ümummilli Liderin şəxsi keyfiyyətlərindən və Azərbaycan xalqına göstərdiyi xidmətlərindən söz açıblar.

 

 Sonda sərginin təşkilində iştirak edən tələbələrə Fəxri fərmanlar təqdim edilib.

 



11.07.2019 | 19:11