ADAU-da Elmi Şuranın iclası keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2018/2019-cu tədris ilinin yekunlarına həsr olunan Elmi Şuranın geniş iclası keçirilib. Şuranın iclasında ümumilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50 illiyi, hesabat dövründə universitetdə görülmüş işlər və imtahan sessiyasının nəticələri müzakirə edilib.

 

Universitetin rektoru AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov vurğulayıb ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməsi tariximizin dönüş nöqtəsi kimi yaddaşlara həkk olunub. O bildirib ki, Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf təhsil sektorunda da özünü göstərir. Bu inkişafın əsasında isə ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyaların işığında həyata keçirilən siyasi-strateji kurs dayanır. Bu gün məhz Ulu Öndərin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

İ.Cəfərov bildirib ki, aqrar sahənin də inkişafına indi dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Bu da Aqrar Universitetin alimlərindən daha yaradıcı formada çalışmağı, elmi əsaslarla inkişafı təmin etməyi tələb edir. Əsas hədəfimiz universitetin mövcud maddi-texniki bazasından səmərəli istifadə etmək, tədrislə təcrübənin paralel tətbiqinin miqyasını genişləndirmək, gənc, perspektivli, müasir düşüncə tərzinə malik kadrları universitetdə pedaqoji işə cəlb etməkdir. 

 

Daha sonra universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov çıxış edərək nəzərə çatdırıb ki, bütün fakültələrdə imtahan sessiyası uğurla başa çatdırılıb.

 

Sonda universitet və fakültə iş planlarının təsdiqi, professor-müəllim heyətində vəzifələrin tutulması və digər cari məsələlər müzakirə edilib.



12.07.2019 | 18:32