Müəllim və tələbələrin Çovdar filiz emalı sahəsinə tanıtım səfəri təşkil olunub

“AzerGold” QSC Azərbaycan Texniki Universitetinin müəllim və tələbələri  üçün Çovdar filiz emalı sahəsinə tanıtım səfəri təşkil edib.

 

Qonaqlar öncə filiz emalı sahəsində təhlükəsizlik qaydaları ilə tanış olublar.    Sonra qiymətli metalların hasilatı və emalı prosesi, filiz emalı sahəsində çalışan insanlar üçün yaradılan şərait, laboratoriyanın iş prinsipi haqqında ətraflı məlumat verilib.

 

Onu da bildirək ki, “AzerGold” QSC Azərbaycan təhsil ocaqları ilə geniş və çoxşaxəli əməkdaşlıq qurub. Bu əməkdaşlıq çərçivəsində “Mənim təcrübə hekayəm” adlı yazı müsabiqəsinin yekunlarına həsr olunan tədbir keçirilib. Müsabiqəyə təqdim olunan  yazılar bədii və ədəbi keyfiyyəti, informasiya dolğunluğu və digər meyarlar əsasında qiymətləndirilib. 14 tələbənin iştirak etdiyi yazı müsabiqəsində I yeri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Şəfiqə Abdurəhmanova, II yeri ADA Universitetinin tələbəsi Asiya Salahlı, III yeri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Elsevər Səfərov  tutublar. Qaliblərə sertifikatlar və pul mükafatları  təqdim olunub.

 

Qeyd edək ki, yazı müsabiqəsi QSC-nin mərkəzi ofisində və Çovdar filiz emalı sahəsində istehsalat təcrübəsi keçən tələbələr arasında baş tutub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ADA Universiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Texniki Universitetini təmsil edən 24 tələbə dağ-mədən mühəndisliyi, geoloji kəşfiyyat, iqtisadiyyat, ictimaiyyətlə əlaqələr, mühəndis sistemləri və qurğularının tikintisi, insan resurslarının və biznesin idarəolunması sahələrində təcrübə keçərək praktik biliklər qazanıblar.

 

 

Sifai SƏFƏROVA

 



18.07.2019 | 18:29