Həm əylənir, həm də öyrənirlər

İyulun 1-dən başlayaraq Bakı məktəbliləri üçün təşkil olunan “Yay məktəbi” davam edir. Paytaxtda “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu 32 məktəbdə təşkil edilən “Yay məktəbi”nə 2000-nə yaxın şagird cəlb olunub. Qeyd edək ki, “Yay məktəbi” həftənin 5 gününü  əhatə edir. Səhər saat 9:00-da başlayıb, 14:00-da başa çatan “Yay məktəbi”ndə şagirdlər üçün təlim, seminar və informativ sessiyalar keçirilir, müxtəlif idman yarışları, ekskursiyalar, əyləncəli saatlar təşkil olunur.

 

“Yay məktəbi”ndə məşğələləri hər bir məktəb üçün təyin edilmiş məktəblinin dostları həyata keçirir. Təhsil Nazirliyi və  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Məktəblinin dostu” pilot layihəsi Bakı şəhərindəki 35 ümumi təhsil müəssisəsini əhatə edir.

 

Onu da qeyd edək ki, “Yay məktəbi” iyul ayında V-VI, avqust ayında isə VII-IX siniflərin şagirdləri üçün nəzərdə tutulub. “Yay məktəbi”nin təşkil olunmasında əsas məqsəd məktəblilərin yay tətilini səmərəli təşkil etmək, onlara yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaqdan ibarətdir. Bundan başqa, məktəblilərə əyləncəli proqramlar təşkil etməklə, intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılması da əsas məqsədlərdəndir. Diqqətə çatdıraq ki, “Məktəblinin dostu” layihəsi tətbiq edilən tədris ocaqlarında təşkil olunan “Yay məktəbi”ndə hər bir şagird iştirak edə bilər. Belə ki, şagirdlər “Məktəblinin dostu”ndan müraciət vərəqəsi alır və həmin vərəqəni evdə valideyni ilə birgə doldurur.

 

Şagirdin 3x4 ölçüdə şəkli və valideynin imzası ilə təsdiq olunan doldurulmuş vərəq təkrar “Məktəblinin dostu”na təqdim edilir. Beləliklə də şagird “Yay məktəbinə” cəlb olunur.

 

“Yay məktəbi”ndə şagirdlərin gündəlik həyat tərzini yaxından izləmək məqsədilə paytaxtın bir sıra orta ümumtəhsil məktəblərində olduq. “Məktəblinin dost”ları və şagirdlərlə söhbətləşdik.

 

 

“Elə uşaqlar olur ki, onları evlərinə qədər aparırıq”

 

 

Paytaxtın Nərimanov rayonunda yerləşən 45 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Məktəblinin dostu” Nicat Əliyev bizimlə söhbətində bildirdi  ki, “Yay məktəbi”nə uşaqlar çox böyük həvəslə gəlir. Günün necə başlayıb necə bitdiyini heç hiss eləmirlər. N.Əliyev onu da  qeyd  etdi  ki,  45  nömrəli  məktəbdə təşkil olunan “Yay məktəbi”nə 16 nəfər şagird cəlb olunub və onlarla 3 nəfər “Məktəblinin dostu” məşğul olur. Gündəlik proqrama uyğun olaraq uşaqlar günə səhər idmanı ilə başlayır. O, sonra sinfə daxil olunduğunu və  müxtəlif əyləncəli oyunlar təşkil edildiyini dedi: “Şagirdlər burada özlərini çox rahat və sərbəst hiss edir. Çalışırıq ki, “Yay məktəbi” onlar üçün maraqlı keçsin. Onlara hər hansı bir məlumatı ötürəndə belə əyləncəli oyunlardan istifadə edirik. Valideynlərlə də sıx əlaqədəyik. Uşaqları məktəbdə özümüz qarşılayıb, özümüz də yola salırıq. Hətta elə uşaqlar olur ki, onları evlərinə qədər aparırıq. Bu hal valideynin övladını məktəbdən gəlib aparmaq imkanı olmayanda baş verir. Həmin valideynlər işdə olduqları üçün bizdən xahiş edirlər ki, övladlarını evə aparaq. Biz də onların xahişini nəzərə alırıq. Axı biz məktəblinin dostuyuq”. N.Əliyev onu da bildirdi ki, şagirdlərin maraqlarına uyğun olaraq oyunlar təşkil olunur.

 

 

“Gələn il məktəbimizdə “Yay məktəbi” təşkil olunsa mən yenə qatılmaq istəyirəm”

 

 

45 nömrəli məktəbdəki şagirdlərin çöhrəsində gülüş, təbəssüm açıq-aydın görünürdü. Onlar birgə gah topla oynayır, gah da mahnı oxuyurdular. Elə həmin təhsil ocağının şagirdi, “Yay məktəbi”nə cəlb olunan Samit Allahverdiyev də sevincini bizimlə bölüşdü. O, “Yay məktəbi”ndə çox əyləndiyini, heç darıxmadığını dedi: “ Evdə valideynlərimə deyirəm ki, gələn il məktəbimizdə “Yay məktəbi”  təşkil olunsa mən yenə qatılmaq istəyirəm. Çünki mən burada özümü çox sərbəst hiss edirəm. Qısa müddət ərzində çoxlu dostlar qazanmışam. Əyləncəli oyunlar vasitəsilə bir çox biliklər əldə etmişəm. Burada keçirdiyim günləri heç vaxt unutmayacam”.

 

 

Kimin həftənin sonunda daha çox ulduzu olsa ona hədiyyə verilir

 

 

Məktəbin digər şagirdi Məryəm Cəbrayılsoy da “Yay məktəbi”ndən razılığını bildirdi. O, burada iştirak etməyən digər sinif yoldaşlarının ondan tez-tez “Yay məktəbi” haqqında məlumat aldıqlarını, həmin şagirdlərin burada olmadıqları üçün təəssüfləndiyini də bizlərə dedi: “Vaxtımı burada daha qəşəng, daha səmərəli keçirirəm. Müəllimlər hər oyun bitəndə bizə ulduzlar verir. Kimin həftənin sonunda daha çox ulduzu olsa ona hədiyyə verilir. Özümə Arzu, Lalə, Türkan adlı yeni dostlar tapmışam. Burada birlikdə olmağı, çətin zamanlarda nə etməli olduğumuzu öyrətdilər. Öyrəndiklərim düşünürəm ki, gələcəkdə mənə çox lazım olacaq”.  Məryəm onu da qeyd etdi ki, “Məktəblinin dostu” onlara sağlamlıq imkanları məhdud insanlarla necə davranmaq lazım olduqlarını da öyrədir.

 

“Yay məktəbi” ilə bağlı müşahidələrimizi paytaxtın digər bir məktəbində - 57 nömrəli tam orta məktəbdə də apardıq. Məktəbin həyətinə daxil olan kimi bir neçə şagirdin topla əyləncəli bir oyun oynadığının və oyun əsnasında bir-birinə sual verdiyinin şahidi oldum.

 

 

“Oyunların bəzilərini ingilis, rus dillərində qururuq”

 

 

57 nömrəli məktəbdə elə bizi ilk qarşılayan da “Məktəblinin dostu” Sultanə Məmmədova oldu. O, bizimlə söhbətində bildirdi ki, 20 uşaq “Yay məktəbi”nə gəlir. S.Məmmədova məktəblilərin hərtərəfli inkişafını təmin edən “Yay məktəbi”ndən istər şagirdlərin, istərsə də valideynlərin çox razı qaldığını dedi: “Biz burada proqram tərtib etmişik və proqrama uyğun olaraq şagirdlərə öyrədici təlimlər keçirik. Oxu saatları, öyrədici oyunlar təşkil olunur. Xarici dil biliklərinə yiyələnmək, bu dillərdə ünsiyyəti formalaşdırmaq məqsədilə oyunların bəzilərini ingilis, rus dillərində qururuq. Bundan başqa, musiqi, rəqs saatları da təşkil olunur ki, şagirdlər burada öz bacarıqlarını nümayiş etdirirlər”. “Məktəblinin dostu” şagirdləri şəhər daxilində bir neçə ekskursiyaya da apardıqlarını sözlərinə əlavə etdi.

 

 

“Burada bir çox Azərbaycan filmləri izlədim ki, həmin filmləri ilk dəfə idi görürdüm”

 

 

57 nömrəli məktəbin şagirdi Şəhla Adilova da “Yay məktəbi” ilə bağlı fikirlərini bizimlə bölüşdü. O, “Yay məktəbi”nin vaxtının bitməməsini arzuladığını gülə-gülə bizə dedi. Səbəbini soruşanda isə bildirdi ki, evdə olanda darıxır. Burda isə vaxtı çox gözəl keçir. Şəhla “Yay məktəbi”ndə çoxlu məlumatlar əldə etdiyini, bilmədiyi şeyləri öyrəndiyini də dedi: “Burada bir çox Azərbaycan filmləri izlədim ki, həmin filmləri ilk dəfə idi görürdüm. Bundan başqa, yol hərəkəti qaydaları, özündən böyüklərlə necə davranmalı olduğumuzu da bizə yaxşı başa saldılar”.   Şəhla “Yay məktəbi”ndə keçirdiyi günlərin onun xatirəsində xoş izlər buraxdığını da sözlərinə əlavə etdi.

 

İstər şagirdlərlə, istərsə də “Məktəblinin dostları” ilə etdiyimiz söhbətlərdən o qənaətə gəldik ki, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili baxımından “Yay məktəbi” çox faydalıdır.  Çünki burada şagirdlər həm əylənir, həm də öyrənirlər. 

 

 

 

Niyazi RƏHİMOV

 



19.07.2019 | 13:36