Təhsil avtobusu 2000 km-dən artıq məsafəni qət edəcək

İyulun 22-də Təhsil Nazirliyində  Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu – Nəsimi” yay məktəbi ilə bağlı mətbuat konfransı keçirilib.

 

Konfransda Təhsil nazirinin müavini, tərəfdaş qurumların nümayəndələri və layihənin təşkilatçıları iştirak ediblər.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov ölkə rəhbərliyi tərəfindən təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərildiyini bildirib, təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Nazir müavini təhsillə bağlı həyata keçirilən hər bir layihənin böyük əhəmiyyətə malik olduğunu söyləyib.

 

Firudin Qurbanov deyib ki, əsas məqsəd yeni nəslə təkcə bilik, bacarıq və vərdişlərin ötürülməsi deyil, həm də milli-mənəvi dəyərlərin aşılanmasıdır. Nazirlik tərəfindən bu məqsədlə bir çox layihələrin həyata keçirildiyini, eləcə də “Təhsil avtobusu” yay məktəbinin ənənəyə çevrildiyini qeyd edən  Firudin Qurbanov müvafiq layihənin gənclərin hərtərəfli inkişafında faydalı olduğunu diqqətə çatdırıb.

 

Layihə rəhbəri Şahin Seyidzadə bildirib ki, proqramın məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına şərait yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin biliyinin, dünyagörüşünün artırılması və Nəsimi yaradıcılığının tanıdılmasıdır. Şahin Seyidzadə layihənin ölkənin 5 bölgəsindəki ümumtəhsil məktəblərinin akademik göstəriciləri zəif və orta olan 6-9-cu sinif şagirdlərinin şəxsi inkişafına, dünyagörüşünün formalaşmasına, onların dərslərə marağının artmasına şərait yaradacağını vurğulayıb.

 

Qeyd olunub ki, iyulun 23-dən 29-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin 5 bölgəsində yaşayan şagirdlər peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və  intellektual yarışlarda iştirak edəcək.

 

“Təhsil avtobusu –Nəsimi” Bakı şəhərindən yola düşərək Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edəcək. Layihənin bağlanış mərasimi İmadəddin Nəsiminin doğulduğu Şamaxı şəhərində baş tutacaq.

 

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.

 

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Bakcell”, “Paşa Həyat Sığorta” və “Optimal” şirkətlərinin dəstəyi, “Vitam Reklam”, “Şərq-Qərb” ASC əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “Asmart” yaradıcılıq mərkəzi, “Bir” Tələbə-Könüllü proqramı, “BD Kids”, “Code Tusi” şirkəti, SABAH qrupları, “Sabah” Futbol Klubu, “Şəhanə” onlayn mağazasının tərəfdaşlığı ilə keçiriləcək.

 

Layihənin informasiya dəstəkçiləri İctimai TV, ARB TV, Təhsil TV, 1news.az, AZƏRTAC, “Edumap” Təhsil portalı, “Fam Tram”-dır.

 

“Təhsil Avtobusu” yay məktəbi “Azərbaycan üçün öyrət” Milli Təhsil Proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. 2016-cı ildən start götürən “Təhsil Avtobusu” yay məktəbi çərçivəsində 6000 km yol qət edilib, Bakı və 12 bölgənin (Lənkəran, Quba, Gəncə, Şəki, Masallı, Cəlilabad, Sabirabad, Mingəçevir, İsmayıllı, Zaqatala, Şəmkir, Qəbələ) 29 şəhər və 31 kənd-qəsəbə məktəbinin, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 550-dən çox şagird və tələbəsi cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 200 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.

 



22.07.2019 | 17:12