Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu” Qazaxda

İyulun 27-də "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin növbəti tədbiri Qazax rayonunda keçirilib.

 

Mərasimdə layihənin təşkilatçıları, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın Qazax filialının nümayəndələri iştirak edib.

 

Bildirilib ki, "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaq və Nəsimi yaradıcılığını tanıtmaqdır.

 

Yay məktəbində Qazax rayonunun Qazaxbəyli, Aşağı Əskipara, Aşağı Salahlı, Yuxarı Salahlı, Daş Salahlı, Çaylı və Orta Salahlı kəndlərinin 6-9-cu sinif şagirdləri iştirak edib. Şagirdlər üçün "Xəyal et və yarat", “Sabahı düşün”, "Gələcəyə addımla", "Mən uğurlu natiqəm”, “Cahanı kəşf et” komanda oyunu və "Nə? Harada? Nə zaman?" intellektual  yarışı keçirilib. Təlim və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar. 

 

İyulun 29-dək davam edəcək "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin sonuncu tədbiri Şamaxıda keçiriləcək. Yay məktəbi çərçivəsində bu bölgələrdəki kənd məktəblərinin akademik göstəriciləri zəif və orta olan şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçirilən peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və  intellektual yarışlarda iştirak edir.

 

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Bakcell”, “Paşa Həyat Sığorta” və “Optimal” şirkətlərinin dəstəyi, “Vitam Reklam”, “Şərq-Qərb” ASC əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “Asmart” yaradıcılıq mərkəzi, “Bir” Tələbə-Könüllü proqramı, “BD Kids”, “Code Tusi” şirkəti, SABAH qrupları, “Sabah” Futbol Klubu, “Şəhanə” onlayn mağazasının tərəfdaşlığı ilə keçirilir.

 

Layihənin informasiya dəstəkçiləri İctimai TV, ARB TV, Təhsil TV, 1news.az, AZƏRTAC, “Edumap” Təhsil portalı, “Fam Tram”-dır.

 



27.07.2019 | 20:15