UNEC yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu elan edir

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2019/2020-ci tədris ilində yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu elan edib.

 

Qəbul maliyyə, mühasibat uçotu və audit, menecment, maliyyə işi (orta ixtisas təhsili bazasında), mühasibat uçotu (orta ixtisas təhsili bazasında) ixtisasları üzrə aparılır.

 

2019/2020-ci tədris ilindən UNEC-də yenidənhazırlanma təhsili Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası” əsasında distant formada həyata keçiriləcək.

 

Yenidənhazırlanma təhsilinə sənəd qəbulu ancaq elektron qaydada həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda yenidənhazırlanma təhsili almaq hüququnu qazanırlar.

 

Yenidənhazırlanma təhsilinə müraciət aşağıdakı internet linki vasitəsi ilə həyata keçirilir (kabinet.unec.edu.az)

 

Sənəd qəbulu oktyabrın 15-dək aparılacaq.

 

Azərbaycan dilində olan tədris müddəti 1 ildir.

 

Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə yenidənhazırlanma təhsili ala bilərlər.

 



07.08.2019 | 19:20