Ağ-boz geyimli DOST...

İstənilən işi başlayanda onun bir neçə istiqamətlərini araşdırmaq lazım gəlir.

 

Birincisi, işin məramı, məqsədi nədir?

 

İkincisi, bu işi kadr baxımdan icra etməyə hazır nə qədər hazırlıqlı gənc var? Yoxdursa, onları üzə çıxarmaq üçün əldə hansı imkanlar mövcuddur?

 

Üçüncüsü, hədəf və məqsəd nədir?

 

Dördüncüsü, nəticələr almaq mümkün olacaqmı?

 

Sonuncu sualı adətən narahatlıqdan, daha dəqiq tələbkarlıq və məsuliyyətdən veririk özümüzə. Çünki hər başlanğıcdan yaxşı, mükəmməl nəticə ummağa alışıqdır insan beyni.

 

Əslində haqqında danışacağımız işin sonu, yəni yaxşı nəticəsi artıq var. Yəqin razılaşarsınız ki, nəticəsi yaxşı olmayan işi, iş görmək xatirinə, kimsə davamlı etmək arzusunda olmaz. Yox, davam etdirilsə demək, lazımdır, vacibdir, davamlılığı arzuediləndir.  Təhsil Nazirliyinin  və “ASAN Xidmət”in birgə pilot layihəsi olan “Məktəblinin dostu”nu deyirəm. Artıq bir neçə ildir davam etdirilir. Lazımlıdır, maraqlıdır, vacibdir və arzuediləndir.

 

İlk başda ağ-boz geyimli, gülərüz, şən gənclərin gerçəkdən dost olub-olmayacaqları ətrafında xeyli fərqli düşüncələr mövcud idi. İnsanlar düşünürdü, görəsən bu gənclər işə yarayacaq və  onlara ümidvar olanları yarıdacaqmı? Nə qədər ictimai faydalı ola biləcəklər?

 

...Və ALINDI!.. Həm də hər kəs tərəfindən qəbul edildi. Həm məktəb, həm məktəbli, həm də valideynlər bəyəndi bu DOSTları.

 

Onların məktəblərdə var olması çox şeyə dəstək oldu. Şagird-müəllim, valideyn-müəllim, valideyn-məktəb münasibətlərində bir DOST çıxdı ortaya. Lazım gələndə şagirdi də, müəllimi də, valideyni də dəstəkləyəcək gənc DOST. Onlar ehtiyac yarananda, mənəvi, psixoloji dəstək verməyi də bacarırlar. Təşkilatçıdırlar. Məktəbdə baş verə biləcək xoşagəlməzliklərin qarşısını almaq üçün hazırlıqlıdırlar. Ən vacibi, milli ruhu qoruyaraq,  dünyəvi və gənc olmağı bacarırlar. Bu layihə Təhsil Nazirliyinin “ASAN Xitmət”lə birgə reallaşdırdığı ən uğurlu işlərdəndir.

 

***

Artıq yeni mərhələdə  “Məktəblinin dostu” layihəsinə işə qəbul, müsahibə mərhələsi keçirilib.

 

Təhsil Nazirliyi ilə “ASAN xidmət”in birgə həyata keçirdiyi “Məktəblinin dostu” pilot layihəsi üzrə üç saylı “ASAN Xidmət” mərkəzində başlanan imtahanlardan keçənlər avqustun 5-dən təlimlərə cəlb olunacaq. Təlimlərin sonunda qiymətləndirmənin nəticələrinə əsasən seçilmiş namizədlər “Məktəblinin dostu” olacaq.

 

Yeri gəlmişkən, müsahibə mərhələsini millət vəkilləri, junalistlər, psixoloqlar, “ASAN Xidmət”in insan resursları və təlim şöbəsinin mütəxəssisləri,  məktəb direktorları müşahidə edib. Müsahibə mərhələsində ictimai fəallığı ilə seçilən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə malik namizədlərə üstünlük veriləcək.

 

Maraqlıdır ki, imtahanlarda iştirak etmək üçün yeddi yüzdən çox gənc müraciət edib. Onlardan dörd  yüzdən çoxu test mərhələsində uğur qazanıb. İmtahanların test mərhələsində namizədlərə  ümumi və psixoloji əhəmiyyəti olan əlli sual  təqdim edilib. Onların  Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti, məntiqi düşünmə qabiliyyəti sahələri üzrə bilikləri yoxlanılıb. Seçilmiş namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanıblar.

 

Məlumat üçün onu da qeyd eləmək lazımdır ki, “Məktəblinin dostu” pilot layihəsi hazırda otuz beş məktəbdə fəaliyyət göstərir və yeni tədris ilindən etibarən layihənin əhatə etdiyi məktəblərin sayının yüzdən çox olması nəzərdə tutulur.

 

Yəni, bu il yüzdən çox məktəbə uşaqlar ikiqat ürəkli gedər. Valideynlər, müəllimlər də bir o qədət rahat, arxayın işləyə biləcəklər. Çünki “Məktəblinin dostu” layihəsinin mahiyyəti məhz bundan ibarətdir. İşlərin daha rahat, daha yüngül görülməsinə dəstək vermək, DOST olmaq...

 

Məktəbin də, məktəblinin də dostu olan ictimaiyyətçi, müasir və ən başlıcası gənc kadrlara, məktəbə, şagirdə, valideynə, lap elə müəlimlərin özünə də lazım olan bu maraqlı köməkçilərə uğurlu tədris ili diləyək. 

 

 

Jalə MÜTƏLLİMOVA

 



09.08.2019 | 13:34