Kimlər direktor olacaq?

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. İmtahanlara 2000-dən çox namizədin qatılması nəzərdə tutulsa da, 1643 namizəd iştirak edib. Müsabiqəyə 472 vakant yer çıxarılıb. İmtahanda namizədlər arasında ən yüksək nəticəni Günel Allahqulu qızı Həmidova əldə edib. Qubadlı rayon S.Rəhimov adına Mahruzlu kənd tam orta məktəbinin tarix müəllimi Günel Həmidova 52 bal toplayıb.

 

 

4 mərhələdən keç

 

 

Bəs, kim məktəb direktoru ola bilər? Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsilli kadrlar buraxılır. Ancaq həmin kadrlar 5 ildən az olmayaraq  pedaqoji staja malik olmalıdırlar. Lakin təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olanlar üçün bu tələb 3 il müəyyən edilib. Bundan başqa, direktorluğa namizədlərin mütləq hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olması da əsas şərt hesab edilir.

 

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə də müəllimlərin işə qəbulu müsabiqəsi kimi, dörd mərhələdə həyata keçirilir. Direktorluğa namizədlər də elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə mərhələlərindən keçir.

 

Artıq iki mərhələ geridə qalıb. Test imtahanından keçən 1643 namizəd öz nəticələrini bilir. İmtahan zamanı namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunub.

 

Dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən ediləcək.

 

 

472 yerdən birini seç

 

 

Beləliklə, 1643 namizədin iştirak etdiyi müsabiqəyə 472 vakant yer çıxarılıb. Bu il də vakant yerlərin böyük hissəsi regionların, xüsusilə də kənd məktəblərinin payına düşüb.

 

Namizədlər elektron ərizəsində 4 vakant yer seçsə də, müsahibədən sonrakı mərhələdə - yerləşdirmə zamanı onların şansı 4-dən çox olacaq. Belə ki, ötən ildən tətbiq edilən dəyişikliyə əsasən, namizədlərə müsabiqə dövründə yaranan vakant yerlər də təklif ediləcək.

 

Bu şansların heç biri reallaşmadığı təqdirdə isə müsabiqənin bütün mərhələlərini uğurla başa vuran, ancaq yekunda seçdiyi vakant yerlərə yerləşdirilməyənlər ehtiyat kadr siyahısına daxil olacaq. Test imtahanı mərhələsində əldə etdiyi nəticələri 2 il qüvvədə olan namizədə həmin müddət ərzində yeni yaranan vakant yerlər də təklif oluna bilər.

 

 

Kimin hara yerləşdiriləcəyinə komissiya qərar verəcək

 

 

Müsahibə mərhələsində namizədlərin bilik və bacarıqları 5 ballıq şkala ilə qiymətləndirilir. Müsahibəyə dəvət olunanlar təhsil sənədi, ixtisas uyğunluğu, pedaqoji fəaliyyəti, təcrübəsi yoxlanıldıqdan sonra müsahibə komissiyasının qarşısına buraxılır. Burada onların idarəetmə bacarığı, ümumi dünyagörüşü, peşəkar kompetensiyaları və digər zəruri meyarlar üzrə qabiliyyətləri qiymətləndirilir. Həmin qiymətdən asılı olaraq, elə komissiya tərəfindən yerləşdirmə aparılır. Namizədin hansı vakant yerə yerləşdiriləcəyinə isə müsabiqə komissiyası qərar verir. Namizədin vakansiyaları qeyd edərkən izlədiyi ardıcıllıq nəzərə alınmır. Nümayiş etdirdiyi peşəkarlıq səviyyəsi, bilik və bacarığına əsasən onun hansı məktəbdə işləyə biləcəyinə komissiya qərar verir. Çünki məktəblər şəraiti, mühiti, şagird sayı, kollektivi baxımından müxtəlif olduğundan namizədin hansı məktəbdə işləyə biləcəyinə komissiyanın qərar verməsi daha ədalətli hesab edilir.

 

 

Ruhiyyə DAŞSALAHLI

 



09.08.2019 | 15:26