Növbəti medallara doğru

Ölkədə təhsilin inkişafına göstərilən diqqət və qayğı gələcəyimiz olan gənc nəslin hərtərəfli və peşəkar mütəxəssislər kimi formalaşması yolunda geniş imkanlar açır.  Bu mənada Təhsil Nazirliyinin istedadlı şagirdlərin üzə çıxarılması, onların bilik və qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticələri göz qabağındadır. Nazirlik tərəfindən şagirdlərimizin respublika fənn olimpiadalarında, eləcə də beynəlxalq səviyyəli bilik yarışlarında geniş iştirakının təşkil və təmin olunması öz bəhrələrini verməkdədir. Belə ki, 2018-2019-cu tədris ilində dünyanın müxtəlif ölkələrində keçirilən fənn olimpiadalarında Azərbaycan məktəbliləri öz bilik və bacarıqlarını nümayiş etdirərək 36 medal əldə ediblər.  Bunlar sadəcə medalların sayını ifadə edən statistik rəqəmlər deyil. Eyni zamanda, bu, Azərbaycan təhsilinin dünya ölkələri arasında rəqabət qabiliyyətindən, şagirdlərimizin elmi və intellektual potensialından xəbər verir.

 

Şagirdlərimizi  yaxınlaşmaqda olan  yeni  tədris ilində növbəti olimpiadalar, növbəti qələbələr gözləyir.  Qarşıdan gələn beynəlxalq olimpiadaların təqvimi ilə olimpiada hərəkatının iştirakçıları  olan məktəblilərimizi tanış etmək istərdik. 

 

Son illərdə şagirdlərimizin uğurla çıxış etdikləri və vətənə medallarla qayıtdıqları  XVI Beynəlxalq  Jautıkov Olimpiadasının vaxtı artıq  məlumdur. 

 

Fizika, riyaziyyat və informatika fənləri üzrə təşkil olunan,  görkəmli qazax riyaziyyatçı alim, akademik  O.Jautıkovun şərəfinə keçirilən beynəlxalq olimpiada 2020-ci il 9-15 yanvar tarixlərində Qazaxıstanda reallaşacaq.  Rusiya, Qazaxıstan,  Şərqi Avropa, Türkiyə, Asiya ölkələrindən olan məktəblilər fizika, riyaziyyat və informatika fənləri üzrə komanda yarışında öz güclərini sınayacaqlar.

 

Məktəblilərimizin beynəlxalq kimya olimpiadalarında uğurları da diqqətəlayiqdir.  Yeni tədris ilində 52-ci Beynəlxalq Kimya Olimpiadası 2020-ci il iyunun 6-15 tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək.

 

Son illərdə şagirdlərimizin uğur qazandıqları yarışlardan  biri də  biologiya fənni üzrə beynəlxalq olimpiadalardır.  Bu baxımdan növbəti XXXI Beynəlxalq Biologiya Olimpiadasının 2020-ci ilin 3-11 iyul tarixlərində Yaponiyanın Naqasaki şəhərində keçirilməsi nəzərdə tutulub. 1990-cı ildən start götürən  bu olimpiadada milli yarışların qalibləri və mükafatçıları olan şagirdlər iştirak edir.

 

Məktəblilərimizin son illərdə  vətənə müntəzəm olaraq medallarla qayıtdığı bilik yarışlarından biri də beynəlxalq fizika olimpiadasıdır. Növbəti tədris ilində  51-ci Beynəlxalq Fizika Olimpiadası 2020-ci il iyulun  18-26 tarixlərində Litvada, Vilnüs şəhərində keçiriləcək.  1967-ci ildən təşkil olunan fizika olimpiadasında hər bir iştirakçı ölkə  milli yarışların qaliblərindən ibarət 6 nəfərlik komanda ilə təmsil olunur.  

 

Növbəti tədris ilində keçiriləcək informatika üzrə beynəlxalq olimpiadanın təqvimi də məlumdur.  Gələn il XXXII Beynəlxalq İnformatika Olimpiadası 2020-ci il iyulun 19-26 tarixlərində Sinqapurda keçiriləcək.

 

Qeyd edək ki, bütün dünyada beynəlxalq səviyyəli fənn olimpiadaları gənclər arasında prestijli yarış növü hesab edilir. Burada əsas məqsəd yaradıcı qabiliyyətə və istedada malik, yüksək düşüncə və məntiq, kreativlik, qarşıya qoyulan, çox vaxt məktəb proqramından kənara çıxan problemin qeyri-standart həllini tapmaq bacarığına malik gənclərin üzə çıxarılmasıdır. Olimpiadalar, həmçinin yeniyetmələrdə elmə marağın artmasına, elmin sirlərinə daha dərindən yiyələnmələrinə xidmət edir və bu prosesi stimullaşdırır. Hazırda respublikamızda beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb. Dövlətimizin təhsil siyasətində bu məsələlərə xüsusi diqqət yetirməsi isə təqdirəlayiqdir.

 

Beynəlxalq fənn olimpiadaları şagirdlərimizin istedad və qabiliyyətlərini aşkar etməklə yanaşı, həm də onların gələcək təhsil həyatları üçün uğurlu şansdır. Dünyanın ən nüfuzlu bilik yarışmalarında medal qazanan yetirmələrimiz Azərbaycan təhsilinin layiqli təmsilçiləri kimi dünyanın ən reytinqli universitetlərinin tələbəsi olmaq imkanı qazanır. Növbəti tədris ilində də şagirdlərimizin öz uğurları ilə ictimaiyyətimizi sevindirəcəyinə ümid edirik.

 

 

Oruc MUSTAFAYEV

 



23.08.2019 | 15:24