Yeni nəsil üçün 4 bacarıq

“Təhsilin konveyer nəzəriyyəsi bizə sənaye inqilabından qalıb. Şəhərdə beton və şüşədən ibarət bina yerləşir, içində parta və stullarla dolu otaqlar. Zəng çalan kimi siz və sizin kimi otuz nəfər bu otaqlardan birinə daxil olursunuz. Hər saatdan bir bu otağa böyüklər gəlir və sizə nələrisə danışıb gedirlər. Onlara bunun üçün dövlət əməkhaqqı verir. Biri Yer kürəsinin formasından danışır, digəri keçmişdən, üçüncüsü isə bədənlərimizin quruluşundan. Bu sistemi lağa qoymaq çox asandır. Əksəriyyət razılaşar ki, onun bizə indiyədək çox şey verməsinə baxmayaraq, hazırda nələrisə öyrətməyə taqəti yoxdur. Ancaq problem də budur ki, biz indiyədək həmin sistemə hansısa bir alternativi yarada bilməmişik. Bizə elə bir çevik təhsil sistemi lazımdır ki, onu Kaliforniyanın varlı şəhərlərində də, Meksikanın kənd rayonlarında da tətbiq etmək mümkün olsun”. Bu sətirlər dünyaca məşhur tarixçi Yuval Noy Hararinin sonuncu - “XXI əsr üçün 21 dərs” kitabındandır. “Sapiens” və “Homo deus” kitablarından sonra Harari bəşəriyyəti gələcəkdə nələrin gözlədiyinə dair proqnozlardan ibarət üçüncü əsərini yazıb. Yeni texnologiyalar və süni intellektə əsaslanan dünyada ona adekvat təhsil olmalıdır, ancaq təəssüf ki, biz bu istiqamətdə yeni nəyəsə nail ola bilməmişik.

 

 

Keçmiş bitib, gələcək başlamayıb

 

 

“Meksika, Hindistan və ya Alabamanın mənəvi cəhətdən köhnəlmiş məktəblərindən birində oxuyan 15 yaşlı gəncə nə məsləhət verə bilərəm? Böyüklərə çox da arxayın olmayın. Onların əksəriyyəti sizin yaxşılığınızı istəyir, ancaq yeni dünyanı dərk edə bilmirlər. Əvvəllər özümüzü böyüklərə oxşatmağımızda təhlükəli heç nə yox idi. Onlar dünyanı yaxşı tanıyırdılar, dünya isə öz növbəsində ləng hərəkət edirdi. XXI əsrdə hər şey dəyişib və dəyişir. Dəyişikliklərin sürəti səbəbindən əminliklə müəyyən etməyiniz çətin olacaq: böyüklər sizə zamanla dəyişməyən müdriklik verirlər, yaxud köhnəlmiş əhvali-ruhiyyə?” - yazan Hararinin fikrincə, dünya misli görünməmiş inqilabi dəyişikliklərlə üz-üzə qalıb və belə bir şəraitdə köhnə tariximiz sıradan çıxıb, ancaq yenisi də hələ gəlməyib. Keçid dövründəyik. Belə fundamental qeyri-müəyyənlik ərəfəsində uşaqlarımıza nələri öyrətməliyik? İndi doğulan uşağın 2050-ci ildə 30 yaşı olacaq.

 

Əgər dünyada hər hansı miqyaslı dağıntı olmasa, həmin uşaq 2100-cü ilədək yaşaya və hətta XXII əsri görə biləcək. İndi biz həmin uşağa hansı təhsili verməliyik? Axı biz bilmirik 2050-ci ildə onu nələr gözləyir, onun gələcəkdə bir peşə sahibi olması üçün bu həyat labirintindən necə baş çıxarmalıyıq?

 

Min il bundan qabaq insanlar gələcəyə dair proqnozlar verə bilmirdilər, ancaq əmin idilər ki, insan cəmiyyətinin əsas cəhətləri dəyişməz olaraq qalacaq. Məsələn, bilirdilər ki, 50 ildən sonra da kəndli kəndli olacaq, toxucu toxucu. Dövlət məmur aparatı və ordunu əhalinin içindən toplayacaq, qadınlar kişilərə tabe olmaqda davam edəcəklər, insan həyatı təqribən 40 il olacaq, insan bədəni isə necə var elə də qalacaq. İndi isə əlimizin altında bu qədər texnologiyanın olmasına baxmayaraq, qarşıdakı yarım əsrdə başımıza nələrin gələcəyini deyə bilmirik. Bilmirik bürokratiya və ordu necə fəaliyyət göstərəcək, cinslər arasındakı münasibətlər hansı formada olacaq, biomühəndisliyin inkişafı nəticəsində insan bədəni hansı dəyişikliklərə uğrayacaq. Bu baxımdan, Harari hesab edir ki, böyüklərin gənclərə verdikləri məsləhətlər yanlış olduğu kimi, mövcud təhsil sistemi də gələcəyə dair səhih mənzərənin təsvir edilməsi üçün yetərli deyil.

 

2-3 əsr bundan qabaq kitab azlığı idi, kütləvi kitabxanalar yox idi, informasiya çatışmazlığı dövründə yaşayırdıq. Hələ üstəgəl senzura. İndi isə əksinə, senzura yoxdur, informasiya bolluğundan yorulmuşuq və ən əsası, bilmirik aldığımız məlumat doğrudur, yaxud yanlış. Belə bir dünyada şagirdin müəllimdən ən çox  istədiyi az informasiyadır. Onlar onsuz da yükləniblər. İnsanların hazırkı reallığımızda ən çox ehtiyacı bu informasiya axınında nəyin doğru, nəyinsə yanlış olduğunu ayırmaq bacarığıdır. “Məktəblərin bəziləri şagirdləri tək informasiya deyil, bir sıra bacarıqlarla da təmin etməyə çalışırlar. Məsələn, C++ proqramlaşdırma kimi. Ancaq biz bilmirik 2050-ci ildə nələr olacaq, bu səbəbdən də yeni nəslə hansı bacarıqları ötürməyə dair təsəvvürümüz yoxdur. Tutaq ki, C++ proqramlaşdırmanı, yaxud Çin dilini əziyyət çəkib uşaqlara öyrətdik. 2050-ci ildə isə görəcəyik ki, süni intellekt proqramlaşdırmanı daha yaxşı bilir, “Google Translate” isə elə xidmətləri işə salıb ki, xarici dili öyrənməyə ehtiyac yoxdur. “Bəs onda biz uşaqlara nələri öyrədək? Bir sıra mütəxəssislər hesab edirlər ki, məktəblər yeni nəslə 4 bacarığın öyrədilməsinə əsaslanan təhsil sisteminə keçməlidirlər. Nədir bu bacarıqlar? Tənqidi düşüncə, kommunikasiya, əməkdaşlıq və yaradıcılıq. Daha geniş anlamda izah etsək deyə bilərik ki, gələcək nəsil texniki biliklərə az önəm verməlidir və diqqətini ümumi həyat bacarıqlarına yönəltməlidir. Gələcəkdə həyatımızda bizə lazım olacaq ən vacib amil dəyişikliklərə uyğunlaşmaq bacarığımız olacaq. Yenilərə alışmaq və tanış olmayan situasiyalarda soyuqqanlı qalmaq. Gələcəyə uyğunlaşmaq üçün yeni ideyalar və məhsullar vermək yetərli olmayacaq. Ən əsası odur ki, insan daima özü-özünü yeniləməyi bacarmalıdır” - deyə tarixçi yazır. 

 

 

İnsanın çözümü

 

 

1848-ci ildə milyonlarla insanın kəndlərdə və fermalarda işlərini itirmələri onunla nəticələndi ki, kütləvi şəkildə şəhərlərə köçüb fabriklərdə özlərinə yeni məşğuliyyət tapdılar. Kəndli tikiş fabrikində işlə təmin olunanda düşünürdü ki, ən azı ömrünün sonunadək bu peşəsini qoruyub saxlaya biləcək. İndi isə dünya elə sürətlə dəyişir və inkişaf edir ki, bir insanın ömrü ərzində bir neçə dəfə peşəsini dəyişəcəyi istisna deyil. 1848-ci ildən bir əsr sonra insanlar kənddən şəhərə köçməyəcəklər, kiberboşluqda miqrasiya edəcəklər. İnsanın orqanizmi də kompüter implantları vasitəsilə dəyişəcək, cinsi identikliyi də. Tarixçi yazır: “Təsəvvür edin ki, 25 yaşlı qadın tanışlıq saytlarında özünü belə təsvir edir: 25 yaşlı qadın, Londonda yaşayıram, modalar atelyesində işləyirəm. 10 ildən sonra həmin qadının özünü belə təsvir etməsi istisna deyil: yaş dəyişikliyi dövründəki qeyri-spesifik gender təmsilçisiyəm, həyatımın aktiv dövrü əsas etibarilə virtual dünyada keçir və missiyam hələ heç bir modelyerin ayağının dəymədiyi yerə çatmaqdır. Daha 10 il sonranı bilmək istəyirsinizsə, o qadının 45 yaşı olanda tanışlıq saytları olmayacaq. Hər bir kəs oturub gözləyəcək ki, nə vaxt alqoritm onun üçün ideal cütlüyü təmin edəcək”. Çoxları üçün bu ssenari qeyri-adi gələ bilər, ancaq əsas sual heç də həmin qeyri-adiliklə bağlı deyil, budur: qadın modelyer olmaq üçün peşə təhsilini harada və hansı proqram əsasında almalıdır?

 

Cəmiyyətdəki belə köklü dəyişikliklər insan həyatının öz strukturunu da transformasiya edir. Əvvəllər həyat iki hissədən ibarət idi: öncə öyrənirdik (təhsil alırdıq), sonra işləyirdik. Həyatın birinci hissəsində məktəb və müəllim vasitəsilə informasiya toplayır, bacarıqlar əldə edir və müəyyən dünyagörüşünün sahibi olurduq. Hətta məktəbə getməyib əkin sahəsində işləyən 15 yaşlı gənc belə nələrisə öyrənirdi. Məhsul yetişdirmək, onu satmaq, satarkən simic tacirlərlə ticarət etmək, həmkəndlilərlə torpaq və su üstündə münaqişələri yoluna qoymaq və s. XXI əsrdə texnoloji tərəqqinin sürəti və insan ömrünün uzanması ona gətirib çıxaracaq ki, ənənəvi model köhnələcək və aktual olmayacaq. Həyat aralarındakı rabitənin zəif olduğu dövrlərə bölünəcək və belə bir anda qarşısında qaldığımız ən mürəkkəb sual bu olacaq: Mən kiməm? “Dəyişikliklər həmişə çətinliklə qəbul olunur. İnsan yaşlaşdıqca dəyişmək istəmir. Sizin 15 yaşınız olanda həyatınız yeniliklərdən ibarət idi. Bədən böyüyür, beyin inkişaf edir, insanlarla münasibətləriniz dərinləşir. Hər şey hərəkətdədir və yenidir. Özünüzü yaradırsınız. Qarşınızda yeni üfüqlər açılır, dünyanı fəth etməlisiniz... Böyük insanın beyni gözlənilənlərin əksinə olaraq daha çevikdir. Ancaq gəncin beyni adaptasiya olmağı daha yaxşı bacarır.

 

XXI əsrdə sabitlik çox dəyərli məfhum olacaq. Əgər siz identlikliyinizi, peşənizi və dünyagörüşünüzü qoruyub saxlamaq istəyirsinizsə, dünyadan çox geri qalacaqsınız. Nəzərə alsaq ki, insan ömrü uzanır, bu halda siz illərlə lazımsız əşya kimi olacaqsınız. Ona görə də həyatla ayaqlaşmaq istəyirsinizsə, nə iqtisadi, nə də sosial planda geri qalmaq istəmirsinizsə, daima oxumağa və özünüzü dəyişməyə alışmalısınız. Tək gənc yaşlarında deyil, elə 50 yaşda da” - deyə Harari yazır.

 

 

Alqoritmlərin nəzarətində

 

 

Harari yazır: “Belə bir dünyada yaşamaq və özünüzə ləyaqətli ömür təmin etmək istəyirsinizsə, çevik düşüncə və böyük emosional sabitlik ehtiyatına malik olmalısınız. Siz daima ən yaxşı bildiyinizdən imtina etməli və sizə məlum olmayanı öyrənməlisiniz. Təəssüf ki, uşaqları yeniliyə və psixoloji tarazlığı saxlamağa öyrətmək çox çətindir. Bu, fizikanı və ya I Dünya müharibəsinin səbəblərini öyrənmək deyil. Kitab oxumaq və ya mühazirə dinləməklə düşüncənin çevikliyini təmin edə bilməzsiniz. Tez-tez müəllimlərin özlərində də bu çeviklik çatışmır, axı onlar da təhsilin köhnə sisteminin yetirmələridirlər”. Tarixçiyə görə, bu problem süni intellekt texnologiyasının sürətlə inkişafı fonunda çox vacibdir. Bir azdan özü-özünü istehsal etməyə başlayacaq robotla insanın rəqabəti olduqca mürəkkəb görünür. Məhz buna görə də yeni nəsil elə bacarıqlara və analitik düşüncəyə malik olmalıdır ki, süni intellektə məğlub olmasın: “Texnologiya pis deyil. Əgər siz həyatdan nələri istədiyinizi bilirsinizsə, texnologiya yardımçınız olacaq. Yox, istəkləriniz qeyri-müəyyəndirsə, texnologiya qarşısına məqsədi özü qoyacaq və sizin həyatınızı idarə edəcək. O, insanı daha yaxşı dərk etməyi bacaranda qəflətən aşkar edəcəksiniz ki, texnologiya sizə deyil, siz ona xidmət edirsiniz. Bəyəm küçədə gedərkən bütün diqqəti smartfonunda olan zombiləri görməmisiniz? Sizcə onlar texnologiyanı idarə edir, ya əksinə?”.

 

Biotexnologiyalar və maşın tədrisinin inkişafı ilə əlaqədar olaraq insanın hissləri ilə manipulyasiya imkanları da genişlənəcək. Bu günün özündə “Coca-Cola”, “Amazon”, “Baidu” və s. bu fəaliyyəti görürlər. Bu təzyiqlərə tab gətirmək üçün insan özünün əməliyyat sisteminə nəzər yetirməli və onun kim olduğunu, həyatdan nə istədiyini aydınlaşdıra bilməlidir. Əlbəttə, bu problem dünya qədər qədimdir. Minillər boyu peyğəmbərlər və filosoflar bizim kimliyimizi çözməyə çalışıblar. Ancaq Sokrat və ya Lao-Tszının dövründən fərqli olaraq XXI əsrdə insanın ciddi rəqibləri var. “Coca-Cola”, “Amazon”, “Baidu” insanı çözmək uğrunda amansız mübarizəyə başlayıblar. Diqqət yetirin: onların sizin smartfon, kompüter, yaxud bank hesabınızla işləri yoxdur. Onlar məhz sizi çözmək, IT işçilərinin dili ilə desək, “sındırmaq” istəyirlər. Biz tez-tez eşidirik ki, kompüterlərin “sındırılması” dövründə yaşayırıq. Heç də belə deyil - insanın “sındırılması”dır bu. “Alqoritmlər sizi izləyir. Onlar bilirlər hara gedirsiniz, kimlərlə görüşürsünüz, nə alırsınız. Bir azdan onlar sizin hər addımınızı, aldığınız nəfəsi, ürək döyüntünüzü nəzarətdə saxlayacaqlar. “Big Data” və maşın tədrisi hesabına onlar sizi daha yaxşı tanıyacaqlar. Nə vaxt ki, sizi sizdən yaxşı biləcəklər, onda insanları idarə və manipulyasiya edəcəklər. Siz isə heç nə edə bilməyəcəksiniz” - deyə tarixçi həyəcan təbili çalır.

 

Təbii ki, heç kimə bütün hakimiyyəti süni intellektə təhvil verməyi qadağan etmək olmaz. Qoy hər şeyi alqoritmlər etsin, siz isə istirahət alın. Yox, əgər siz özünüz üzərinizdə nəzarəti saxlamaq və dünyanın gələcəyindən xəbərdar olmaq istəyirsinizsə, çıxış yolu birdir: alqoritmlərdən bərk qaçmaq və özünü onlar səni tanıyandan daha tez dərk etməyi bacarmaq. Bütün bunları təhsil təmin etməlidir. Yeni təhsil...

 

 

Rüstəm QARAXANLI

 

 

 



30.08.2019 | 11:22