LDU yeni tədris ilini sürprizlərlə qarşılayır

2019-2020-ci tədris ili Lənkəran Dövlət Universitetinin (LDU) həyatında ən əlamətdar il kimi yaddaqalan olacaq. Bu il universitet tələbələrini xoş sürprizlərlə qarşılayır.

 

Ən ürəkaçan yenilklər sırasında cari tədris ilində iki yeni tədris korpusunun və 160 yerlik yeni yataqxana binasının inşa olunub, tələbələrin istifadəsinə verilməsini vurğulamaq istərdim. Hazırda LDU-da paytaxt Bakı da daxil olmaqla, ölkənin bütün regionlarından tələbələr təhsil alır. Bu baxımdan yeni yataqxana binasının istifadəyə verilməsi böyük əhəmiyyət daşıyır. Yeni yataqxana binası tam modern uslubda inşa olunub və burada tələbələrin rahat yaşamaları, istirahət etmələri üçün hər cür şərait yaradılıb. Yataqxana binasının fasiləsiz internetlə təmin olunması, burada kitabxananın, idman, istirahət otaqlarının yaradılması tələbələrin rahat təhsil almalarına  imkan verəcək.

 

Yeni tədris korpuslarının inşa olunması da cari tədris ilinin mühüm yeniliklərdəndir. Məlumat üçün bildirim  ki, son  illərdə  LDU-ya tələbə qəbulu təqribən  2 dəfədən  çox artıb. Təkcə  bu il LDU-ya 30 ixtisas üzrə 1200-ə qədər tələbə qəbul olunub ki, bu da universitet tarixində rekord nəticədir.

 

Bölgədə pedaqoji ixtisaslar üzrə mütəxəssislərə olan tələbatı ödəmək məqsədilə bu ildən fizika müəllimliyi, riyaziyyat müəllimliyi, təsviri incəsənət müəllimliyi ixtisasları üzrə  kadr hazırlığını həyata keçirəcəyik.

 

Xüsusi vurğulamaq yerinə düşər ki, ölkənin ən gənc tələbəsi də LDU-da təhsil alacaq. Lənkəran rayonunun Şilavar kənd sakini, 15 yaşlı Miryusif Feyzullazadə universitetimizin turizm və otelçilk ixtisasına dövlət sifarişi əsasında qəbul olunub.

 

Yeni istifadəyə veriləcək 5 mərtəbəli  tədris binasında universitetin Təbiyyat fakültəsinin tələbələri dərslərini keçəcəklər. Yeni tədris korpusunda müasir tipli kimiya və biologiya tədris labaratoriyaları Almaniya istehsalı olan modern avadanlıqlarla, qurğularla təmin edilib. Tələbələrin informatika dərslərini yüksək səviyyədə keçmələri üçün tədris korpusunda yeni kompyüterlərlə təchiz olunmuş informatika kabinetləri yaradılıb, dərs otaqlarında elektron lövhələr quraşdırılıb.

 

Universitetin I saylı tədris korpusu da yeni tədris ili  üçün əsaslı təmir olunub. Ümumiyyətlə, LDU-nun bütün tədris korpuslarında dərslər yeni tədris ilindən müasir səviyyədə qurulmuş dərs otaqlarında keçiriləcək.

 

Universitetin 4 fakültəsi- Təbiyyat, İqtisadiyyat və idarəetmə, Humanitar, Aqrar və mühəndislik fakültələrinin hər biri cari tədris ilindən ayrıca korpuslarda yerləşdirilib. Hər bir fakültəyə aid olan laboratoriyalar müasir səviyyədə yeni tədris binalarında quraşdırılıb. Elmi biliklərin təcrübədə tədbiqinə nail olmaq və aqrar yönümlü kadrların praktik hazırlıq səviyyəsini yüksəltmək məqsədilə LDU-da fəaliyyət göstərən “Aqrar və mühəndislik” fakültəsinin tələbə-müəllim heyətinin iştirakı ilə tədris-təcrübə təsərrüfatında yazlıq və payızlıq əkinlər keçirilir, sitrus bağı və çay plantasiyası salınıb.

 

Universitetdə, eyni zamanda yeni istifadəyə verilmiş müasir tipli “Baytarlıq”, “Baytarlıq cərrahiyəsi”, “Qida məhsulları texnologiyası” və “Qida təhlükəsizliyi və ekologiyası”  laboratoriyaları yeni tədris ilinə tam şəkildə hazırlanıb və cədvəl üzrə Baytarlıq və Qida məhsulları mühəndisliyi ixtisaslarının labaratoriya işlərinin aparılması orada nəzərdə tutulub. Bakalavriat və magistratura səviyyələri üzrə bütün ixtisasların tədris planları yenidən işlənilib. Burada fənnlərin semestrlər üzrə keçirilmə ardıcıllığı və peşə hazırlığı üzrə seçmə fənnlər dəyişdirilərək ixtisasların spesfikasına uyğunlaşdırılıb.

 

Universitet keçən tədris ilində ikili diplom proqramı üzrə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə iki tərəfli müqavilə imzalayıb. Artıq bu tədris ilində İqtisadiyyat və Biznesin idarə edilməsi ixtisasları üzrə iki tələbəmiz UNEC-də həmin proqram əsasında təhsillərini davam etdirəcək.

 

Xatırladım ki, LDU ötən tədris ilinədək Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot lahiyənin iştirakçısı olub. Bu tədris ilində də bu istiqamətdə işləri davam etdirəcəyik. Cari tədris ilindən LDU-nun regionun bir neçə orta məktəbini himayəyə götürlməsi məsələsi də öz həllini tapacaq.

 

Qəbulun nəticəsindən sonra dərs yükləri bir daha nəzərdən keçirilərək tam olaraq müəllimlər arasında bölgüsü aparılıb.

 

Tədris prosesində müəllimləri həvəsləndirmək məqsədilə  yeni tədris ilindən  əmək haqları  diferensial qaydada hesablanacaq ki, bu da müəllimlər arasında sağlam rəqabətin yaranmasına və nufuzlu elmi jurnallarda dərc etdikləri elmi məqalələrin sayca və keyfiyyətcə  artmasına şərait yaradacaq.

 

Natiq İbrahimov

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən

 



03.09.2019 | 15:33