“Azərbaycan riyaziyyatçıları” adlı ensiklopedik soraq kitabı nəşr olunub

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovun müəllifi olduğu “Azərbaycan riyaziyyatçıları” ensiklopedik soraq kitabı işıq üzü görüb.

 

“Elm və təhsil” nəşriyyatında çap olunan kitabda qədim dövrdən indiyədək Azərbaycanda riyaziyyat elminin inkişafına mühüm töhfələr vermiş 12 akademik, 14 müxbir üzv, 177 elmlər doktoru və professor haqqında biblioqrafik məlumat yer alıb. Nəşrdə, həmçinin Azərbaycanın dahi ensiklopedik alimi Nəsirəddin Tusi, onun sələfləri və bəzi xələfləri, XX-XXI əsrlərdə ölkəmizdə riyaziyyatın əsasını qoymuş və bu elm sahəsinin inkişafında mühüm xidmətləri olmuş alimlərimiz barədə məlumatlar xronoloji ardıcıllıqla şərh olunur.

 

“Azərbaycan riyaziyyatçıları” ensiklopedik soraq kitabının elmi redaktoru Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlıdır.

 

Yeni nəşr riyaziyyatın tarixi ilə məşğul olan mütəxəssislər, müəllim və tələbələr, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 



05.09.2019 | 17:00