AMEA-nın beş institutunun direktoru vəzifəsinə seçkilər keçirilib

Sentyabrın 12-də AMEA-nın Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) ümumi yığıncağı keçirilib.

 

FRTEB-in akademik-katibi, akademik Nazim Məmmədov bildirib ki, iclasda bölmənin FizikaRiyaziyyat və Mexanikaİnformasiya Texnologiyalarıİdarəetmə Sistemləri və Biofizika institutlarında 5 il müddətinə direktor vəzifəsini tutmaq üçün seçkilər keçiriləcək.

 

N.Məmmədov qeyd edib ki, bölmənin elmi tədqiqat müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından, həmin institutun elmi şurasında müsabiqə yolu ilə gizli səsvermə nəticəsində irəli sürülür. Daha sonra səsvermənin nəticələri bölməyə daxil olur. Təqdim olunan sənədlərin baxılması üçün texniki ekspertiza komissiyasının yaradıldığını deyən alim bölmədə gizli səsvermə yolu ilə seçkilərin aparılacağını və seçilən namizədlərin AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq olunacağını bildirib.

 

Daha sonra akademik Yusif Məmmədov müsabiqə komissiyasının və ekspertlərin yekun rəylərini diqqətə çatdırıb.

 

İclasda bölmənin elmi müəssisələrinə direktor seçmək üçün hesablayıcı komissiya yaradılıb.

 

Gizli səsvermə yolu ilə akademik Nazim Məmmədov Fizika İnstitutu, AMEA-nın müxbir üzvü Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutu, akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutu, akademik Telman Əliyev İdarəetmə Sistemləri İnstitutu, AMEA-nın müxbir üzvü Oktay Qasımov isə Biofizika İnstitutunun direktoru vəzifəsinə seçiliblər.

 

Səsvermədə 40 bölmə üzvündən 34-ü iştirak edib.

 

Seçkinin nəticəsinin təsdiq edilməsi üçün AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

 



12.09.2019 | 17:29