Siması dəyişən Azərbaycan məktəbləri

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qazax rayonunun Kosalar kəndində 3 korpusdan ibarət 1176 şagirdin  təhsil ala biləcəyi İsmayıl Şıxlı adına tam orta məktəb sökülüb yenidən tikilir. Məktəbin tikintisi sadəcə təhsil müəssisəsinin şagird və müəllimlərini yox, kəndin cavanından tutmuş qocasına kimi hamını sevindirib. 75 yaşlı kənd sakini Yaqub Mirzəliyev bildirir ki, abad kəndə müasir məktəb tam yerinə düşüb: “Uşaqlarımızın müasir məktəbdə təhsil alacağını bilmək çox gözəl hissdir. İndiyə qədər bir məktəb sarıdan nigaranlığımız vardı, artıq onu da tikirlər. Məktəbdə gedən işləri yaxından izlədim. Adam qürur hissi keçirir. Məktəbin möhkəmliyi üçün necə iş getdiyini gördüm. Nəvələrimi, onların gələcəyini düşünüb çox sevinirəm”.

 

Kosalardakı məktəb Qazaxda müasirləşən yeganə məktəb deyil. 1 və 3 nömrəli şəhər məktəblərində də təmir gedir. Sərhəd kəndi olan Qaymaqlıda isə yeni məktəbin tikintisinə başlanılır.

 

Yeniləşən Azərbaycana yeni məktəb

 

Bir rayonda bu qədər yeni məktəbin tikilib istifadəyə verilməsi təsadüfi deyil. Azərbaycanda məktəblər yenilənir. 2005-ci ildən start götürən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı artıq çoxdandır ki, ölkəmizdə ümumtəhsil müəssisələrinin müasirləşməsi prosesinin şüarına çevrilib. Bu şüar altında damı dəlmə-deşik, tavanı yırtıq, divarları uçuq-sökük, döşəməsi çürük məktəblər bir-bir siyahıdan çıxır, yerini bir neçə qatlı, bir neçə korpuslu məktəblərə, işıqlı, döşəməsi dözümlü, tavanı sağlam sinif otaqlarına verir.

 

Özü də, sadəcə Qazaxda yox. Uzun illərdir təmir edilməyən, hətta məktəbi olmayan kəndlərdə təhsil müəssisələri tikilir və ya quraşdırılır. Nəticə isə ondan ibarətdir ki, Tovuzun, Lənkəranın, Masallının,Yardımlının, Qaxın kəndlərində uşaqlar bu tədris ilindən başlayaraq yeni, təmirli siniflərdə dərs keçəcəklər. Məsələn, Tovuz rayonunun Köhnəqala kəndindəki məktəb binası təmir olunur, Alakol kəndində isə yeni məktəb binası istifadəyə hazırdır.

 

Qax rayonunun Tasmalı  və Əlibəyli kəndlərində yeni tədris binaları inşa olunur. Hər iki məktəb binasının 2019-2020-ci tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.

 

Masallının Bala Təklə, Gəyəçöl, Şıxlar kəndlərində, yaxud Ağstafanın Yaradulla, Zəlimxan, Poylu qəsəbə, Köçəsgər 2 nömrəli, Həsənsu, Qırılı, Xılxıla, Köçvəli, Qarahəsənli kəndlərində məktəb binaları yenilənir.

 

Bölgələrdə 293 modul tipli məktəb

 

Ölkə Prezidentinin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingenti olan qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib. Bu təşəbbüs ölkəmizdə çox maraqla qarşılanıb. Azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılması modul tipli məktəblərə böyük maraq oyandırıb. 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106, 2018-ci ildə isə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılıb. Bununla da azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəblərinin problemi həll edilib. Bu il də 24 rayonda 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulub. Bu minvalla Ağstafanın Yaradulla kənd sakinləri kimi Tovuz rayonunun 7 kəndində,  Lənkəran rayonunun 4 kəndində şagirdlər modul tipli məktəblərin üstünlüyünü görəcək, həyatlarında hiss edəcəklər.

 

Məsələn, Yaradulla kənd məktəbinin müəllimi Xatirə Əsgərova, Masallı rayon Bala Təklə kənd məktəbinin müəllimi Taliyyə Məmmədova müəllimlik fəaliyyətlərini müasir, hər cür şəraiti olan məktəblərdə davam etdirəcəklərinə görə çox sevinirlər. Kəndlərində yeni məktəblərin quraşdırılmasına müəllim kimi bütün imkanlarını nümayiş etdirmək şansı kimi baxırlar.

 

Tovuz rayon sakini İlham Abbasov isə bir valideyn kimi fikirlərini belə ifadə edir: “Kəndimizdə hər cür şəraiti olan məktəb artıq uşaqlarımızın istifadəsinə hazırdır. Biz belə məktəblərə gedə bilmədiyimiz üçün təəssüflənsək də, övladlarımızın hər cür şəraiti olan məktəblərdə təhsil almaq üçün bir şansının olmasına sevinirik. Buna hər valideyn sevinir. Yeni dərs ilinin başlanmasını, sadəcə uşaqlarımız yox, elə biz valideynlər də həvəslə gözləyirik”.

 

İnfrastrukturun yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər çərçivəsində qaçqın və köçkünlər də unudulmur. Füzuli rayonunda məcburi köçkün ailələri üçün istifadəyə verilən məktəb də bunun təsdiqidir.

 

Bir sözlə, məktəb hər kəs üçün əlçatandır. Artıq məktəblərin keyfiyyəti, müasir tələblərə cavab verməsi, keyfiyyətli təhsilə nail olunması istiqamətində addımlar atılır.

 

Neçə məktəb istifadəyə hazırdır?

 

Təbii ki, paytaxt bu prosesdən kənarda qala bilməz. Azərbaycanın baş şəhərində əsas hədəflərdən biri keyfiyyətli təhsilin mümkün olacağı müasir sinif otaqları ilə yanaşı, növbəlilik prinsipinin ləğvinə gətirəcək geniş məktəb binalarıdır. Məsələn, bu il qəzalı vəziyyətdə olduğu üçün Suraxanı rayonu Bülbülə qəsəbəsindəki 208 nömrəli tam orta məktəb  sökülərək yenidən tikilib. Sentyabrın 15-də qapılarını məktəblilərin üzünə açacaq təhsil ocağında 346 şagirdin təhsil almağı mümkün olacaq.

 

Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbin 1937-ci ildən fəaliyyət göstərən və təmirsiz olan ikinci korpusu tam təmir olunaraq 985 nəfər şagirdin ixtiyarına verilib.

 

Ümumiyyətlə, yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 43 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Bunlardan 20-si yeni tikilib, 8-i əsaslı təmir olunub, 15-i isə modul tipli məktəbdir.

 

2019-cu ildə ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.

 

Şagirdlərin təlim şəraiti yaxşılaşdırılıb

 

Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə Prezidenti tərəfindən bu il imzalanan sərəncamlar təhsilin inkişafına davamlı dövlət qayğısının nümunəsi olaraq bu silsilədən olan tədbirlər siyahısına düşüb. Belə ki, həmin sərəncamlara əsasən, regionlarda modul tipli məktəblərin quraşdırılması məqsədilə 18 milyon manat, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 40 milyon manat, təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə 5.7 milyon manat vəsait ayrılıb. Bu da onu əminliklə vurğulamağa əsas verir ki, növbəti Prezident qərarları təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verəcək.

 

Ümumiyyətlə,  qeyd etməliyik ki, Prezident İlham Əliyevin qərarları, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Son 5 ildə 600-dən çox, 2003-2018-ci illər ərzində isə 3200-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib. İlk dəfə olaraq ucqar kəndlərdə modul tipli məktəb təcrübəsi tətbiq olunub. Bu il 24 rayonda 3520 şagird yerlik daha 50 modul tipli məktəb istifadəyə veriləcək. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb. Qeyd etdiyimiz qərarlardan belə görünür ki, proses bundan sonra da durmadan davam edəcək. Müasir Azərbaycana yenilənən məktəblər gənclik enerjisi, dünyəvi ruh gətirəcək.

 

Ruhiyyə DAŞSALAHLI



13.09.2019 | 13:30