AzMİU-ya qəbul olan abituriyentlərin orta keçid balları artıb

Sentyabrın 16-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)  2019/2020-ci tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş  tədbir keçirilib.

 

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə  Yasamal rayonundan seçilmiş millət vəkili Elşad Həsənov, Memarlar İttifaqı İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadə,  AzMİU-nun məzunu, “Qartal” tikinti firmasının direktoru Şahin Məmmədov,  bu il birinci kursa qəbul olunan tələbələr, universitetin professor-müəllim heyəti iştirak edib.  

 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ölkə prezidenti İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsilin keyfiyyətini artırmaq üçün aparılan islahatlardan danışıb, təhsil siyasətinin, bu sahədə reallaşdırılan islahatların uğurlarını xatırladıb.

 

Rektor builki qəbul prosesinə toxunaraq  qeyd edib ki, 2019/2020-ci tədris ili üçün AzMİU-nun bakalavriat səviyyəsinə 25 ixtisas  üzrə 1537 nəfər abituriyent qəbul olaraq tələbə adını qazanıb.  Onlardan 729 nəfəri dövlət sifarişi, 808 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Qəbul olan abituriyentlərin 480-ə yaxınını (31%) qızlar, qalanlarını isə oğlanlar təşkil edir. Bakalavriat səviyyəsi üzrə qəbul olan tələbələrdən 143 nəfəri subbakalavrdır: “Sevindirici haldır ki, qəbul olan subbakalavrların əksəriyyəti AzMIU-nun İnşaat Kollecinin məzunlarıdır. Göründüyü kimi, qəbulun yerinə yetirilməsi təkcə sayda deyil, eyni zamanda keyfiyyətdə də özünü göstərir. Universitetə qəbul olan abituriyentlərin orta keçid balları ilbəil artır. Onlar arasında Nilufər Səmədova 642  balla Memarlıq fakültəsinin memarlıq ixtisasını, Minayə Hacıyeva isə 614  balla  İnşaat fakültəsinin inşaat mühəndisliyi ixtisasını seçib. AzMİU-nun memarlıq və inşaat mühəndisliyi ixtisasları ilə yanaşı, fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, informasiya texnologiyaları ixtisaslarına qəbul olan yüksək ballı abituriyentlər də üstünlük təşkil edir. Bütün bunlar bir daha təsdiqləyir ki, AzMİU-nun  bütün ixtisaslarına daha savadlı, bacarıqlı abituriyentlər qəbul olunublar”. 

 

AzMİU-nun magistratura pilləsində də 23 ixtisas üzrə qəbul aparılıb. Qəbul göstəriciləri yüksək olan 202  bakalavr magistr adını qazanıb. 

 

Digər çıxış edənlər yeni tədris ilinin başlanması münasibəti ilə tələbələri təbrik edib,  təhsillərində uğurlar diləyiblər. Birinci kursa qəbul olunan tələbələrə də söz verilib.

 

Tədbirin sonunda universitetə yüksək balla daxil olan gənclərə tələbə biletləri və qiymət kitabçaları təqdim olunub.



16.09.2019 | 15:48