SDU-da “Bilik günü”nə həsr olunmuş tədbir keçirilib

Sumqayıt Dövlət Universitetində (SDU) 2019/2020-ci  tədris ilinin başlanmasına və “Bilik günü”nə həsr olunmuş tədbir keçirilib.

 

Dövlət himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan universitetin rektoru professor Elxan Hüseynov ölkəmizdə milli təhsil quruculuğu strategiyasının uğurla həyata keçirildiyini, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə elmə, təhsilə diqqətin artırıldığını bildirib. Rektor bu sahədə bütün uğurların ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu, dövlət başçısı cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğulayıb: “Təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, imzalanan son fərman və sərəncamlar deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir”. 

 

Universitetin tarixi keçmişi, müasir inkişaf mərhələləri barədə məlumat verən rektor diqqətə çatdırıb ki, SDU yarım əsrdən çox tarixi inkişaf yolu keçən, yüksəkixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki bazaya malik olan, beynəlxalq əlaqələrini günü-gündən genişləndirən ali təhsil ocağıdır. SDU-da təhsilin səviyyəsi, burada tələbələrin biliklərə yiyələnməsi üçün yaradılan şərait hər zaman diqqət mərkəzində olub.

 

Universitetin potensialı istiqamətində mütəmadi olaraq işlər görüldüyünü deyən rektor bu il SDU-ya qəbul sayının ötən illərlə müqayisədə daha da artdığını deyib.

 

Sonra tədbirdə qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələrinə xatirə hədiyyələri, tələbə biletləri və qiymət kitabçaları təqdim edilib.

 

Digər çıxışlardan sonra universitetin marşı səsləndirilib.

 

Qeyd edək ki, “Bilik günü”ndən sonra ilk dərslər Sumqayıt şəhərinin 70 illiyinə həsr olunub.



16.09.2019 | 18:50