Şirvanda yeni məktəb binasının açılışı

Sentyabrın 16-da Şirvan şəhər 5 nömrəli ümumi orta məktəbin açılış mərasimi keçirilib.

 

Açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev, məktəbin müəllim-şagird kollektivi, valideynlər iştirak ediblər.

 

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva dövlətin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində son illərdə görülmüş əhəmiyyətli işlər barədə ətraflı məlumat verib. Təhsil Nazirliyinin həyata keçirdiyi layihələrdən danışan nazir müavini müəllimlik peşəsinin marağının artırılması istiqamətində atılan addımlardan danışıb.

 

Nazir müavini bilidirib ki, yeni tədris ilinin əvvəlinə bir neçə bölgədə yeni məktəb binaları istifadəyə verilib və bu, tədris keyfiyyətin yaxşılaşdırılmasına öz töhfəsini vermiş olacaq.

 

Məhəbbət Vəliyeva çıxışının sonunda məktəbin pedaqoji kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, 2019-2020-ci tədris ilinin prioritetlərini, qarşıda duran vəzifələri diqqətə çatdırıb.

 

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov təbrik nitqi ilə çıxış edərək rəhbərlik etdiyi bölgə üzrə təhsil nailiyyətlərindən danışıb.

 

Sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılmış şəraitlə tanış olublar.

 

Qeyd edək ki, məktəb binası 432 şagird yerlikdir. Məktəbdə 23 sinif otağı, fizika, kimya laboratoriyaları, idman zalı, akt zalı və həyətyanı stadion yerləşir.



16.09.2019 | 16:18