GDU-nun kitabxana və tələbə şəhərciyi yenidən qurulur

Sentyabrın 16-da Gəncə Dövlət Universitetinin (GDU) professor-müəllim və tələbə heyəti 2019/2020-ci tədris ilində ilk dərs gününün sevincini yaşayıblar.

 

Bu münasibətlə keçirilən tədbirdə GDU-nun rektoru, professor Yusif Yusibov universitetə qəbul olunmuş birinci tədris ili tələbələrini və onların valideynlərini təbrik edib, gənclərə həyatda və təhsildə uğurlar arzulayıb.

 

Y.Yusibov vurğulayıb ki, yeni tədris ili respublikamızın qərb bölgəsinin ən qocaman, böyük və nüfuzlu ali təhsil müəssisəsi olan GDU üçün yüksək göstəricilərlə başlayıb. Belə ki, bu təhsil ocağına daxil olan tələbələrin sayı bu il müstəqillik dövründəki bütün illərlə müqayisədə ən yüksək həddə çatıb. Ötən il GDU qəbul planının yerinə yetirilməsinə görə respublikanın bütün universitetləri arasında 2-ci və 3-cü yerləri bölüşüb. Builki qəbul planının yerinə yetirilməsinə görə isə Təhsil Nazirliyi tabeliyindəki ali məktəbləri arasında ilkin sıraya yüksəlib. Həmçinin, yüksək balla daxil olan tələbələrin sayına görə də bu ali təhsil müəssisəsində yüksək nəticələr qeydə alınıb. Bu il GDU-ya 500-dən yüksək balla daxil olanların sayı 92 nəfər, 600-dən yüksək bal toplayan gənclərin sayı isə 4 nəfər olub.

 

Rektor bildirib ki, bu il universitetin professor - müəllim və tələbə heyəti üçün iki əlamətdar hadisə ilə daha da yadda qalan olacaq. Belə ki, Prezident tərəfindən universitetin kitabxana və tələbə şəhərciyinin yenidən qurulması üçün 8 milyon manat vəsait ayrılıb. Təxminən üç aydan sonra GDU-nun yeni kitabxana və yataqxanaları istifadəyə veriləcək. 

 

Tədbirdə çıxış edən universitetin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə xoş günün səbəbkarı olan gəncləri tələbə adını qazanmaları münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

 

Universitetin məzunları sırasında çoxsaylı alimlərin, Xalq şairlərinin, elm sahəsində Prezident mükafatçılarının olduğunu deyən millət vəkili bildirib ki, hazırda bu ali təhsil müəssisəsinin bir çox tələbələri Qərbin və Avropanın ən nüfuzlu universitetlərində təhsillərini davam etdirirlər.

 

O, GDU-nun beynəlxalq əlaqələrinin respublikamızdakı universitetlər içərisində ilk yerlərdən birini tutduğunu deyib və universitetdə təhsil alan tələbələrin çoxsaylı akademik mübadilə proqramlarına qoşulması üçün əlverişli şəraitin olduğunu bildirib.

 

GDU-nun Xarici dillər fakültəsinin İngilis dili müəllimliyi ixtisasına 611 balla qəbul olan Səbinə Əlizadə qəbul olan bütün tələbələri təbrik edərək hər birinə uğurlar arzulayıb.

 



16.09.2019 | 21:17