İnnovativ inkişafın açarı

Son illərdə dünya təhsil sistemində ən mühüm trendlərdən biri kimi aktuallıq  qazanan STEAM-təhsil müasir təhsil fenomeni kimi   peşəkar səriştələrə malik mütəxəssis hazırlığında  mühüm istiqamət kəsb etməkdədir.  Onun hədəfi şagirdlərdə yüksək mütəşəkkil  düşüncəni inkişaf etdirmək və əldə olunmuş biliklərin layihə təlimi vasitəsilə  təbii elmlər, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət kimi fənlərdə səmərəli tətbiqinə nail olmaqdır.  Məktəblərdə STEAM şagirdlərə kommunikasiya,  komandada işləmək, kritik və yaradıcı düşüncəni tətbiq etmək kimi XXI əsr bacarıqlarından istifadə olunmaqla yaradıcı öyrənməni təmin edir. 

 

STEAM təhsil metodu şagirdlərə beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM fənləri şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq həyata hazırlayır. STEM abbreviaturasına əlavə olunan +A  (art-incəsənət) təhsilalanlar  üçün vacib hesab edilir.  Çünki istər-istəməz layihə məhsullarının ərsəyə gəlməsi zamanı incəsənət sahələrinə inteqrasiya olunur.  Eyni zamanda, STEAM humanist yanaşma, mənəviyyat, ümumi mənafeyə xidmət etmə məqsədləri daşıyır.

 

Sentyabrın 2-14 tarixlərində Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən  “STEAM  Azərbaycan” layihəsi çərçivəsində  müəllim hazırlığı təlimləri artıq  başa çatıb.  STEAM təhsilinin tədrisi məqsədi ilə  peşəkar heyət tərəfindən keçirilən təlimlərdə 34 məktəbdən 104 müəllim iştirak edib.   Təhsil Nazirliyi tərəfindən Bakı şəhərində yerləşən 42 ümumi təhsil müəssisəsində STEAM layihəsinin tətbiqinə başlanılıb.  Layihə çərçivəsində müəyyən edilmiş məktəblər üzrə tədrisə ümumilikdə 6000-dən çox 6-cı sinif şagirdi cəlb edilir. Layihənin tətbiq edildiyi ümumi təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən zəruri təlim avadanlığı və inventarlar ilə təmin olunub.

 

“Azərbaycan müəllimi”nə verdiyi müsahibədə layihənin STEAM məzmununun hazırlanmasında birbaşa iştirak edən, Sumqayıt şəhəri İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin fizika müəllimi, Azərbaycan üzrə STEM PD səfiri  Aliyə Əhmədova  təlimlərin məqsəd və hədəfi, əhəmiyyəti, görüləcək işlərlə bağlı  məlumat verdi:

 

6 minə yaxın şagird STEAM dərslərində iştirak edəcək

 

- Dünyada gedən sürətli  elmi-texniki tərəqqi təbiət və texniki fənlərin tədrisində qabaqcıl təlim texnologiyalarının tətbiqini, təhsilverənlərin tədris düşüncəsinin qloballaşdırılmasını, fənlərin tədrisinin sinif otağından “çıxaraq”  beynəlxalq və regionlararası əməkdaşlıq üzərində tədris layihələri vasitəsilə qurulmasını zəruri edir. Bu baxımdan, son dövrün təhsil trendi olan STEAM metodikasının Azərbaycan təhsil sisteminə inteqrasiya edilməsi zərurəti var. Aydındır ki, bu məqsədlə STEAM metodikasını mənimsəmiş müəllimlər yetişdirmək günümüzün tələbidir. 42 məktəbdən  104  müəllimin cəlb edildiyi təlimlərin məqsədi də STEAM dərslərini tədris edəcək müəllimləri yetişdirmək, onları bu istiqamətdə peşəkar inkişafa sövq etməkdir. Hədəf olaraq isə, 2019-2020-ci tədris ilində bu müəllimlərin vasitəsilə 6000-ə yaxın 6-cı sinif şagirdinin STEAM dərslərində iştirakını təmin etmək qoyulmuşdur. Qeyd edim ki, təlimlər 27 nəfər yerli və xarici mütəxəssis və təlimçilər tərəfindən keçirildi. Təlimlərin məzmununun qurulmasında mart ayı ərzində Təhsil Nazirliyinin təşkilatçılığı ilə İsraildə “STEAM və innovativ təlim metodları” kursuna cəlb edilmiş yerli təhsil mütəxəssisləri birbaşa iştirak etmişdir.

 

STEAM müəllimləri dərslərə hazırdırlar

 

- Təlimlər müəllimlərə nə verəcək?

 

- Təlimlər  nəticəsində müəllimlərə STEAM düşüncəsi və metodikası, 21-ci əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları, micro:bit vasitəsilə kodlama, müxtəlif mühəndis-dizayn həllərinin prototipləşdirilməsi və s. bu kimi istiqamətlərdə praktik biliklər verildi və bacarıqlar formalaşdırmağa nail olundu. Yəni, artıq STEAM müəllimi adlandıra biləcəyimiz müdavimlərimiz şagirdlərinə STEAM dərslərində mentorluq etməyə, onları yeniliklərə istiqamətləndirməyə hazırdırlar.

 

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması vacib hədəflərdən biri kimi göstərilir. Təhsil Nazirliyinin təşəbbüsü ilə təşkil olunan  STEAM layihəsi də təlim prosesini səmərəli təşkil etməyə imkan verən səmərəli innovativ yanaşmadır. 

 

Dərslərin STEAM əsaslı qurulması  üçün müəllimdən xüsusi bilik və bacarıqlar tələb olunur. Çünki layihələr, real həyat problemlərinin həlli üçün  seçilmiş üsullar nə qədər şagirdyönümlü olsa da, müəllim layihələrin planlanmasında və mərhələlərin düzgün icra olunmasına nəzarət etməkdə  şagirdlərlə birlikdə fəaliyyət göstərir, onların fəaliyyətini istiqamətləndirir. Xüsusilə, müəllim şagirdlərində  4C bacarıqlarının formalaşmasında birbaşa iştirak edir. Təlimlərdən müdavim olmuş müəllimlərimiz bu istiqamətdə praktik biliklər və mütəxəssis məsləhətləri qazandı. 104 müəllimin təlim dövründə qurduğu əlaqə və əməkdaşlığın təhsilimiz üçün verə biləcəyi töhfələri isə qarşıdakı illərdə görəcəyik.

 

STEAM dərslər şagirdlərin qabiliyyətlərini erkən aşkarlayır

 

- Bəs təlimlər şagirdlərimizə nə verəcək?

 

- Çevik dəyişən, qloballaşan dünya artıq məktəb dövründən  şagirdlərdə 21-ci əsr bacarıqlarının formalaşdırılmasını zəruri edir. Təlimlər nəticəsində yeni bilik və bacarıqlar formalaşdıra bilmiş müəllim öz şagirdinə də şəxsi nümunə, yol göstərən olmaqla, şagirdində də bu bacarıqları formalaşdıra biləcək. STEAM dərsləri şagirdlərin qabiliyyətlərinin erkən aşkarlanmasına, düzgün yönləndirilməsinə şərait yaradacaq.

 

STEAM təhsil mühitində uşaqlar bilik alırlar və dərhal onları istifadə etməyi öyrənirlər. Mühəndis-dizayn fəaliyyətləri, proqramlaşdırma, müxtəlif smart qurğularla iş, modelləşdirmə və prototipləşdirmə, layihə əsaslı öyrənmə şagirdlərin əhatəli yetişməsində, ətrafda baş verən hadisələrə və  problemlərin həll yollarına geniş spektrdən nəzər yetirməyə imkan verəcək.  Bu isə, öz növbəsində, gələcəkdə şagirdlərin özlərinin şüurlu şəkildə ixtisas və peşə seçiminə səbəb olacaq. Bunlar gələcəyin STEAM ixtisas və peşələrinə xüsusi qabiliyyətli şagirdlərin yönləndirilməsində vacib məqamlardır.

 

- Təlimlərin, ümumiyyətlə, təhsil sistemimiz üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

 

- Qeyd edim ki, STEAM təhsil layihəsində nəzərdə tutulmuş məqsədlərə nail olunması, ümumiyyətlə, təhsil sistemi qarşısında duran bir sıra strateji hədəflərə çatmaqda mühüm əhəmiyyət daşıyır.  Məlum olduğu kimi, bu ilin yanvar ayında ölkə başçısı  İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” Sərəncam imzalanıb. Bu sənəddən çıxan nəticələrə əsasən, biz innovativ ölkə qurmağa çalışırıq. Ölkəmizdə istedadlı uşaqların  aşkarlanması və düzgün istiqamətdə yetişdirilməsi  bu işin açarıdır. İnnovativ inkişafın açarı olan STEAM bizi strateji hədəflərə aparır.  İstedadların aşkarlanması və yetişdirilməsi isə təhsil sisteminin keyfiyyətindən asılıdır. Bu səbəbdən, təşkil edilmiş STEAM təlimlərinin, yəni, müasirləşən təhsil məzmununun ölkəmizin inkişafına verəcəyi töhfələr böyük əhəmiyyət kəsb edir.

 

- Qarşıda duran yeni layihələr və planlar barədə.

 

- Təlimlərə cəlb edilmiş müəllimlərin, yəni, onların şagirdlərinin müxtəlif yerli və beynəlxalq STEAM, robotiks və s. müsabiqələrə qoşulması, növbəti ildən STEAM dərslərinin respublikanın digər regionlarını və daha çox məktəblərini əhatə etməsi də nəzərdə tutulmuşdur.

 

- Başa çatmış təlimlərdə xarici mütəxəssislərin iştirakı da nəticələrə faydasız ötüşməyib...

 

- STEAM  metodunun  bir  çox  sahələrə müsbət təsiri xarici təhsil mütəxəssisləri və menecerləri tərəfindən daim təsdiqlənir. Bu baxımdan, təşkil olunmuş təlimlərdə xarici mütəxəssislərin iştirakı, onların öz beynəlxalq təcrübələrini müdavimlərlə bölüşməsini müsbət qiymətləndirirəm.

 

Xarici təcrübə təhsil sistemimizə uyğunlaşdırılır

 

- STEAM təlimlərində xarici təcrübədən istifadə edildimi?

 

- STEAM xarici təlim metodu olduğundan, aydındır ki, təlim məzmununun hazırlanmasında xarici təcrübədən istifadə olunmalıdır. Təlim məzmununun hazırlanmasında iştirak edən yerli təhsil mütəxəssislər istifadə etdikləri xarici təcrübələri şəxsən beynəlxalq kurs və seminarlardan qazanıblar. Belə ki, yerli təhsil mütəxəssisləri, o cümlədən mən də, mart ayı ərzində Təhsil Nazirliyinin təşkilatçılığı ilə İsraildə “STEAM və innovativ təlim metodları” beynəlxalq kursunda iştirak etmiş şəxslərdir. Eyni zamanda, bu  mütəxəssislərin bir qismi ilə birgə 14-16 iyunda Türkiyədə təşkil edilmiş “STEM PD education conference” da iştirak etmişik. Qeyd edim ki, TSİİ-nin dəstəyi ilə 19-22 avqustda Latviyada iştirak etdiyim beynəlxalq seminarın mövzusu da elə “Robotiks Siniflərdə” idi.  STEAM təlimlərinin məzmununda tətbiq olunmuş xarici təcrübə biz mütəxəssislər tərəfindən  təhsil sistemimizə uyğunlaşdırılmışdır.

 

- Təhsildə yeni yanaşmanın tətbiqi ilə əlaqədar kurikulumların tətbiqində hansı dəyişikliklər nəzərdə tutulur?

 

- Bu il ölkənin 42 məktəbində tətbiqinə başlanmış  STEAM dərsləri imkan verir ki, müəllim tədris ili boyunca icra edə biləcəyi fərdi kurikulumunu tərtib etsin. Müasir və STEAM düşüncəli müəllimlər üçün bu imkan geniş spektrli yaradıcılıq üfüqləri açır. Fənn kurikulumlarının icrası zamanı isə müəllim dərsin mövzusuna uyğun olaraq effektli və optimal təlim üsul və vasitələrini seçməkdə, müxtəlif resurslardan istifadə olunmaqla təlim nəticələrini əldə etməkdə sərbəstdir. Bu il STEAM dərslərinin tətbiqinin ilk ilidir, əldə olunan nəticələrə əsasən, qarşıdakı illərdə məzmunun təkmilləşdirilməsi işlərinə baxıla bilər.

 

Layihədə  iştirak etmiş müəllimlər də hesab edirlər ki, təlimlərin STEAM təhsilin prinsiplərinin şagirdlərə daha yaxından çatdırılmasında çox faydası olacaq. Onlar təhsil sahəsində mühüm istiqamət barədə yüksək fikirdədirlər.

 

Müəllimlər STEAM layihəsini yüksək qiymətləndirirlər

 

Aytən Həsənova, 54 nömrəli tam orta məktəbin informatika müəllimi:

- STEAM günün tələblərinə uyğun, yüksəkhazırlıqı mütəxəssislərin hazırlanmasına xidmət edir.  Bu metod mövzuların elm, riyazi və təcrübi biliklər əsasında öyrənilməsidir. STEAM təhsil  praktik məşğələlər vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını şagirdlərə göstərməklə bütün sahələrdə şagirdlərin araşdırma, düşünmə, anlama, komanda işi və yaradıcılıq qabiliyyətini inkişaf etdirir. Şagirdlər STEAM  layihəsi çərçivəsində  innovasiya, yaradıcılıq, komanda işi və vaxtın idarə olunması kimi bacarıqları  daha tez mənimsəyə bilirlər. Mən STEAM dərslərində digər fənn müəllimləri ilə əməkdaşlıq edərək şagirdlərə hazır bilik, problem həlli deyil, onlara daim istiqamət verəcəyəm.

 

Xəyalə Hüseynli, 20 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi:

- Bu layihə bizlərə müəyyən mənada qoyulmuş standartlardan kənara çıxmağa, onlara fərdi aspektdən baxmağa şərait yaratdı. Əminəm ki, yaradıcı kimi iştirak edəcəkləri dərslərdə şagirdlər daha həvəsli olacaqlar. Çünki STEAM şagirdlərə bu vaxta kimi öyrəndiklərinə müxtəlif cür yanaşmaq və yaratmaq şansı verir, özlərini ifadə etməyin fərqli bir cəhətini göstərir.  STEAM dərslərində uşaqlar özünü ifadəetmə vərdişlərini,   müzakirə etməyi, təndiqi düşünmə və problem həlletmə bacarıqları qazanırlar.  Şagirdlərə düşünmək üçün tam sərbəstlik verilir. Onlar bir neçə fəndən əldə etdikləri bilikləri tətbiqə çevirə biləcəklər.

 

Sonda qeyd edək ki,  orta məktəblərdə STEAM  yanaşması uşaqları eksperimentlərin aparılmasına, modellərin hazırlanmasına, musiqi və filmlərin müstəqil yaradılmasına, ideyalarının reallığa çevrilməsinə və son məhsulun yaradılmasına həvəsləndirir. Bu təlim yanaşması uşaqlara nəzəriyyə və praktiki bacarıqları effektiv şəkildə birləşdirməyə imkan verir və  gələcəkdə universitetə daxil olmaq və daha da inkişaf etdirməyi asanlaşdırır.

 

Oruc MUSTAFAYEV



20.09.2019 | 12:33