Təhsil almaq haqqı

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanlarına hər il minlərlə gənc qatılır. Onların böyük qismi tələbə adını qazanıb universitetlərə giriş vəsiqəsi əldə edir. Ancaq hər kəs qazandığı bu imkanı dəyərləndirmir. Qəbul olunduğu ixtisas üzrə təhsil almaqdan imtina edir. İxtisasını bəyənmir, universitet onu qane etmir, yoxsa…

 

2000 nəfər təhsil almaqdan imtina etdi

 

2019-2020-ci  tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri də əvvəlki illərdən fərqlənmədi. Bu dəfə müsabiqədə 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

 

Avqustun 15-dən 27-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçənlərin sayı isə tələbə adı qazananların sayı ilə eyni deyil. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyərək müvafiq ixtisasa yerləşdirilməkdən və təhsil almaqdan imtina edənlər təqribən 2000 nəfərdir. Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, qeydiyyatdan keçməyənlər tələbə adı qazananların 4.5 faizini təşkil edir.  İmtina olunan ixtisasların əksəriyyəti ödənişli yerlər olsa da, dövlət sifarişli yerlərin sayı da kifayət qədərdir.

 

Azərbaycanda təhsildən imtina edənlər xaricdə təhsil imkanı yarananlardır

 

Məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) qeydiyyatdan keçməyənlərin sayı 68 nəfərdir. Onların 21 nəfəri UFAZ-a qəbul olunub. Üstəlik, imtina olunan ixtisaslar da kifayət qədər yüksək bal tələb olunan nüfuzlu yerlərdir. Məsələn,

 

Geologiya üzrə Azərbaycan bölməsində ödənişli əsaslarla 1 yerdən,

Geologiya mühəndisliyi üzrə ingilis bölməsində 1 yerdən,

Geofizika mühəndisliyi ixtisası üzrə Azərbaycan bölməsində ödənişli 1 yerdən,

Neft-qaz mühəndisliyi ixtisası üzrə ingilis bölməsində dövlət sifarişli 1, Azərbaycan bölməsində ödənişli əsaslarla qiyabi 2 yer olmaqla ümumilikdə 3 yerdən,

Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisası üzrə ödənişli əsaslarla 1 yerdən,

Kimya mühəndisliyi ixtisası üzrə rus bölməsində ödənişli əsalarla 1 yerdən,

Ekologiya mühəndisliyi ixtisası üzrə ingilis bölməsində dövlət sifarişli 1 yerdən,

Materialşünaslıq mühəndisliyi üzrə Azərbaycan bölməsində ödənişli əsaslarla 1 yerdən,

Mexanika mühəndisliyi ixtisası üzrə Azərbaycan bölməsində dövlət sifarişli 1,  ödənişli əsaslarla 1, ingilis bölməsində  dövlət sifarişli 1 yerdən,

Texnoloji maşın və avadanlıqlar mühəndisliyi üzrə tədrisi rus dilində aparılan dövlət sifarişli 1 yerdən,

Elektroenergetika mühəndisliyi  ixtisası üzrə Azərbaycan bölməsində dövlət sifarişli 1, ingilis dili bölməsinə dövlət sifarişli 1 yerdən,

İstilik energetikası mühəndisliyi üzrə Azərbaycan bölməsində dövlət sifarişli 1 yerdən,

Elektrik mühəndisliyi  ixtisası üzrə Azərbaycan bölməsinə dövlət sifarişi əsasında 1 yerdən,

İnformasiya təhlükəsizliyi ixtisası üzrə Azərbaycan bölməsində 2 yerdən,

Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisası üzrə Azərbaycan bölməsində dövlət sifarişli 1 yerdən,

Mexatronika və robototexnika mühəndisliyi ixtisası üzrə Azərbaycan bölməsində dövlət sifarişli 1, ödənişli əsaslarla 2 olmaqla cəmi 3 yerdən,

Kompüter mühənsiliyi ixtisası üzrə Azərbaycan bölməsində dövlət sifarişli 1, rus bölməsində dövlət sifarişli 2 və ödənişli əsaslarla 1 yerdən,

Biotibbi texnologiya mühəndisliyi üzrə Azərbaycan bölməsində dövlət sifarişli 1 yerdən,

Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi üzrə rus bölməsində dövlət sifarişli 1 yerdən,

İnformasiya texnologiyaları üzrə rus bölməsində dövlət sifarişli 1 yerdən,

Metallurgiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi üzrə ingilis dili bölməsində dövlət sifarişli 1 yerdən,

İqtisadiyyat ixtisası üzrə Azərbaycan bölməsində ödənişli əsaslarla 1 yerdən,

Sənayenin təşkili və idarə olunması ixtisası üzrə Azərbaycan bölməsində dövlət sifarişli 1, rus bölməsində ödənişli əsaslarla 3 yerdən imtina olunub.

 

Bundan başqa, universitetdə BA – ikili proqram üzrə Amerika Birləşmiş Ştatlarının Corciya Dövlət Universiteti ilə birgə mütəxəssis hazırlığı aparılır. Tədris ingilis dilində aparılan bu proqram üzrə də təhsildən son anda vaz keçənlər var. Sənaye mühəndisliyi ixtisası üzrə  1 yer, informasiya texnologiyaları ixtisası üzrə  dövlət sifarişli 2 yer, sistem mühəndisliyi ixtisası üzrə  dövlət sifarişli 1 yerdən imtina olunub.

 

Q.Məmmədovun fikrincə, imtina edənlər xaricdə təhsil almağa gedənlərdir: “Hətta qeydiyyatdan keçən 4 tələbəmiz də  ərizə yazıb universitetimizdən xaric olundular. Çünki onlara Türkiyə universitetlərindən müsbət cavab gəlib”.

 

Q.Məmmədovun fikrincə, gənclər həm Azərbaycandakı, həm də xaricdəki ali təhsil müəssisələrinə müraciət edirlər. Xaricdəki universitetlərin cavabı DİM-in keçirdiyi müsabiqənin nəticələri elan olunandan sonra gəldiyindən, abituriyentlər bu müsabiqənin sonuncu mərhələsinədək iştirak etmək məcburiyyətində qalır, xaricdən cavab gəldikdən sonra isə təhsil alacağı universitetdən imtina edirlər.

 

Ola bilsin, həmin abituriyentlər subbakalavrlardır…

 

Azərbaycan İnşaat və Memarlıq Universitetində (AzMİU) də qeydiyyatdan keçməyənlərin arasında dövlət sifarişli yerləri qazananlar var. Bu təhsil ocağında ekologiya mühəndisliyi (1 ödənişli), elektrik mühəndisliyi (1 dövlət sifarişli), fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi (1 ödənişli), yer quruluşu, torpaq və şəhər kadastrı (3 ödənişli), sənayenin təşkili və idarə olunması (1 ödənişli), şəhərsalma (1 ödənişli), neft-qaz qurğuları mühəndisliyi (1 ödənişli), materialşünaslıq mühəndisliyi  (1 ödənişli),  inşaat mühəndisliyi (2 ödənişli), nəqliyyat tikintisi mühəndisliyi (1 dövlət, 3 ödənişli), mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi (1 dövlət, 2 ödənişli) ixtisasları üzrə qəbul olan ümumilikdə 19 abituriyent qeydiyyatdan keçməyib.

 

Səbəblər müxtəlifdir: xaricdə təhsil cazibədar görünür

 

İmtinaya səbəb kimi çoxlu ehtimal var. Gənclərin öncədən arzu etdikləri ixtisaslara düşə bilməməsi, xaricdə təhsil almaq arzuları, ödənişli təhsil onların qəbul olunduqları ixtisaslarda təhsil almaqdan imtinası səbəblərindən bir neçəsidir.

 

ADNSU-nun tədris işləri üzrə prorektoru Qasım Məmmədovun sözlərinə görə, ADNSU-da təhsildən imtina edənlər xaricdə təhsil almaq imkanı yarananlardır: “İmtina olunan yerlər, sadəcə ödənişli yerlər deyil. Əksinə, ADNSU-da təhsil almaqdan imtina edən 47 nəfərin 26-sı dövlət sifarişli, 21 nəfəri isə ödənişli yerlərə qəbul olunub”.

 

AzMİU-da Qəbul Komissiyasının rəhbəri Surxay Əliyev təhsil almaqdan imtina edənlərin subbakalavrlar olma ehtimalı üzərində dayanır: “Ola bilsin, həmin abituriyentlər subbakalavrlardır, çoxu işlədiyi üçün əyani oxumaq istəmir”.

 

Ödəniş məsələsinə gəlincə, S.Əliyevin fikrincə, təhsil nazirinin göstərişinə əsasən, təhsil haqqının hissə-hissə ödənişi imkanı yaradıldığından, təhsil haqqı təhsildən imtina səbəbi ola bilməz.

 

Azərbaycan Dillər Universitetinin (ADU) tədris işləri üzrə prorektoru Əfqan Abdullayev imtinaların səbəbini müxtəlif amillərlə izah edir. Onun fikrincə, məsuliyyətsizlik, məlumatsızlıq üzündən də qeydiyyatdan keçməyənlər olur: “ADU-ya qəbul olunan və vaxtında qeydiyyatdan keçməyən abituriyentlərdən biri sentyabrda dərsə gəldi. Qeydiyyatdan keçmədiyi üçün dərslərə girə bilməyəcəyini öyrənəndə təəccübləndi. Məlum oldu ki, o özünü qeydiyyatdan keçmiş hesab edir. Çünki yataqxanada qeydiyyatdan keçib və bununla da işini bitmiş sayıb. Rektor Dövlət İmtahan Mərkəzinə müraciət edərək bu məsələni həll etdi. Ona görə də ADU-da qeydiyyatdan keçməyənlərin sayı 9 nəfərə endi”.

 

Ə.Abdullayevin fikrincə, ödəniş təhsil almaqdan imtinanın səbəblərindən biri olaraq qalır: “ADU-da tələbələrin ödənişlə bağlı problemi olmur. Artıq bir neçə ildir ki, hətta birinci kurslara da hissə-hissə ödəmə imkanı verilir. Lakin hissə-hissə də olsa, valideyn bu məbləği ödəməlidir. Ona görə də ödənişli ixtisaslara qəbul olunanlar son anda təhsil almaqdan imtina etməli olurlar”.

 

Ə.Abdullayevin fikrincə, ümumiyyətlə, bu məsələnin müzakirə mövzusuna çevrilməsi normal deyil: “Dövlət İmtahan Mərkəzi müsabiqə elan edir və ali təhsil müəssisələrinə qəbulu nəzərdə tutan həmin imtahanlarda iştirak etmək, qəbul olunmaq və axırda da qazandığı yerdən imtina etmək hər kəsin haqqıdır. Biri özünü sınamaq istəyir və imtahan verirsə, buna görə onu heç kim qınaya bilməz”.

 

Ruhiyyə Daşsalahlı



30.09.2019 | 15:11