Əlillik əngəl deyil

“Əlillik əngəl deyil”. Müasir dünyamızda buna inanan və inanmayanları da inandırmağa çalışanların sayı azdır. Nəticədə də sağlamlıq imkanları məhdud uşaqlar nəinki cəmiyyətimizdə, ailələrində belə, özlərinə qarşı münasibətin ağırlığını hər gün, hər an çiyinlərində hiss edir, bu yükün altında əzilir, böyük inkişafdan kənarda qalırlar. İnkişafa qoşulmaq nədir, evdən çıxmağı belə bacarmayanlar var. Təəssüf ki, əngəllər, sadəcə, küçədə rahat hərəkət etməsi, avtobusa minməsi, məktəbə, həkimə kiminsə dəstəyi olmadan getməsi üçün də deyil. Onların ən böyük əngəli bəzən varlıqlarından utanan ailələri, “mərhəməti” ilə mənən əzən yaxınları, yolda görəndə gülən, hətta “qorxan” qonşularıdır.

 

Bəs, çıxış yolu nədir? Dünyaya bu baxışlara son qoyan, onların önündən süni əngəlləri qaldıran sağlam düşüncə hakim olmayacaq?

 

Müəllimlik onun üçün bir vasitə oldu

 

Bu sağlam düşüncəni formalaşdırmağa, sağlamlıq imkanı anadangəlmə və ya sonradan məhdudlaşan uşaqları cəmiyyətə qazandırmağa yönələn prosesə qoşulanların hər gün böyüyən sırasına bir müəllim də qatılıb.

 

O da özünün “Əlillik əngəl deyil” layihəsi ilə düşüncələrdəki əngəlləri bu fərqli uşaqlarla onların ailələri, yaxınları, yaşıdları, müəllimləri arasından qaldırmaq üçün ayağa qalxıb. Müəllimliyin nüfuzuna güvənərək sözünü insanlara daha tez qəbul etdirə biləcəyinə inanıb və peşəsini bu amala gedən yolda vasitəyə çevirib.

 

Təranə Nağıyevadan danışırıq,  Füzuli rayon 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimindən. Gəncdir, peşəkar, innovativ və yeniliyə açıqdır. Bir çoxları kimi işini tədris proqramı üzrə dərs keçməklə bitmiş hesab etmir. Dərslərini bir nümunəyə çevirdiyi kimi, örnək həyat yaşayır. Axı, müəllim məhz belə olmalıdır, gözüaçıq. Ancaq açıq fikirli, sağlam düşüncəli müəllim ətrafındakıların da yaxşı görməyinə çalışar: “İnsanların münasibəti məni həmişə narahat edib. Küçədə, avtobusda bizdən fərqlənənlərə yönələn baxışları gördükcə, nəyi, necə dəyişə bilərəm deyə düşünmüşəm”.

 

Avtobusda qalxıb sağlamlıq imkanı məhdud bir uşağa yer verməklə işimiz bitmiş ola bilməz. Biz avtobusda yer verdikdən sonrakı baxışımızı, yarıgizli, yarıaşkar nəzərlərimizi dəyişməliyik. Özü  də, sadəcə, yönünü yox, mənasını da. Təranə Nağıyeva bu münasibəti ailədə də görəndə anlayıb ki, vətəndaş olaraq da, müəllim olaraq da o, bu baxışlara biganə qala bilməz: “Onu şagirdimin evinə gedəndə görmüşdüm. Dərs dediyim uşağın qardaşı autizmlidir. Bu səbəbdən ailə onu məktəbə, ümumiyyətlə, evdən kənara buraxmır. Halbuki evdən çıxmaq, ailə üzvlərindən başqa insan görmək, həyata qarışmaq onların da haqqıdır. Yaşıdları kimi məktəbə getmək, dərsdənkənar hər hansı məşğuliyyət tapmaq onlar üçün də mümkündür. Autizm xəstəlik deyil, fərqlilikdir. Bunu cəmiyyətin anlaması üçün əvvəlcə ailəsinin qəbul etməsi lazımdır. Düşündüm ki, biz buna nail ola bilsək, belə uşaqların tamamilə məhdudlaşdırılmış həyatına rəng qatarıq. Bu fikirlə harada sağlamlıq imkanı məhdud bir uşaq gördümsə, bir bəhanə tapıb valideyni ilə danışmağa cəhd etdim. Bu barədə onlarla söhbət eləməkdən bezmədim, yorulmadım. Onların müqavimətini, etirazlarını aşa bilmək üçün müəllimliyimdən istifadə etdim. İndi müəllimə inananların sayı artıb. Hətta inanmayanlar belə, müəllimin fikrinə hörmətlə yanaşır, dərhal etiraz etmir, heç olmasa, axıra qədər dinləyirlər. Bu söhbətlərin bir gün işə yarayacağına inanıram. Hesab edirəm ki, şagirdimin ailəsində, nəqliyyatda, məktəbimizdə, küçədə gördüyüm hər bir uşaq sağlamlığı səbəbindən məktəbdən kənarda qalmamalıdır. Əksinə, təhsil onları elə əhatə etməlidir ki, mövcud məhdudiyyətlərini unutsunlar. Ancaq onlardan əvvəl biz unutmalıyıq. Onlara indiyə qədər göstərdiyimiz münasibəti unutmalıyıq. Məncə, ailələr belə uşaqlarını nəinki gizlətməlidir, əksinə, onlara normal insan münasibəti göstərməli, öz bacarıqlarını ortaya qoymalarına imkan yaratmalıdırlar”.

 

Daha bir vasitə qrant müsabiqəsidir

 

Bu imkanları uşaqlara məktəb yaradır. Uşağı məktəbə qoymaqla valideyn, sadəcə, öz övladını cəmiyyətə qazandırmır, başqalarının uşaqlarını da tərbiyələndirir. Sağlamlıq imkanı məhdud bir uşağın məktəbə getməsi digər uşaqların sevmək, paylaşmaq, bölüşmək hisslərini tərbiyə edir, münasibətini formalaşdırır. Ona görə də Təranə müəllim belə bir çıxış yolu fikirləşib: “Harda sağlamlıq imkanları məhdud uşağa rast gəlsəm, valideyninə onu məktəbə aparmalı olduğu barədə tövsiyə verirdim. Məktəbimizdə belə bir imkana, onun övladının da sağlam təhsil alması üçün hər cür şəraitimizin olduğuna inandırmağa çalışırdım”.

 

Dərs dediyi Füzuli rayon 5 nömrəli tam orta məktəbdə inklüziv təhsil üçün imkanların olması müəllimin əlini gücləndirib. Valideynlərə sadəcə məsləhət verməyib, bir çıxış yolu, real variant təklif edib: “Öz sinfimdə indiyə qədər sağlamlıq imkanı məhdud şagirdim olmayıb. Ancaq məktəbimizdə belə şagirdlər təhsil alıb və alır. “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” qəbul olunandan sonra isə biz müəllimlərin, məktəblərimizin imkanları daha da genişlənib. Artıq ölkəmizin hər yerində sağlamlıq imkanı məhdud uşaqlarımıza təhsil vermək iqtidarında olan müəllimlərimiz, hər cür şəraiti olan məktəblərimiz var. Valideynlər də bu imkanları dəyərləndirməlidirlər. Bu imkanları ilk növbədə məktəbimizdə təhsil alan şagirdlərimizin valideynlərinə göstərmək istədim. İnandırmağa onlardan başlamaq qərarına gəldim. İnandırmaq, mövcud imkanları onlara göstərmək üçün dövlət mənə də hər cür vasitəni təmin edib. Dediklərimizin sözdə qalmaması, fikirlərimizi həyata keçirə bilmək üçün hər il qrant ayrılır. Öz layihəsini təqdim edib maraqlı, fərqli fikirlərini reallaşdırmaq biz müəllimlərin öz əlindədir. Buna inandığım üçün “Əlillik əngəl deyil” adlı layihə işlədim. Məni çoxdan narahat edən problemlə bağlı etmək istədiklərimi layihələndirdim”.

 

Bir layihənin gücü

 

Əvvəlcə müəllimliyinə güvənib, sonra isə dövlətinə. Gənc və qabaqcıl müəllimin fikri də,  bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinə təqdim etdiyi layihə də dəyərləndirilib. Ona bu məqsədlərini həyata keçirməsi üçün vəsait ayrılıb: “Tərəddüd etmədən təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinə müraciət etdim və təşəbbüsüm çoxsaylı layihələr arasından bəyənilərək seçildi”.

 

“Hesab edirəm ki, əlillik əngəl olmamalıdır”, - deyən gənc müəllim bunu insanlara qəbul etdirmək üçün Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Füzuli rayon 5 nömrəli tam orta məktəbdə təşəbbüsünü reallaşdırır. İndiyədək əlilliyin əngəl təşkil etmədiyinə insanları inandırmağa bir adamdan, bir ailədən başlayıb. Artıq layihəsi ilə bir məktəbdə davam edəcək. Təranə Nağıyeva kimi müəllimlərin sayı artdıqca isə fərqliliklər evləri, küçələri, məktəbləri, daha sonra kəndləri, şəhərləri aşacaq və müasir dünyada onlara münasibət kökündən dəyişəcək.

 

Ruhiyyə DAŞSALAHLI



04.10.2019 | 10:25