Astrofizika üzrə Azərbaycanda ilk fizika-riyaziyyat elmləri doktoru

Azərbaycanın görkəmli astronom alimi, astrofizika üzrə elmlər doktoru, professor Rəhim Əyyub oğlu Hüseynovun bu günlərdə 95 yaşı tamam olub.  R.Hüseynovun ömür yolu heç də hamar olmayıb, çox keşməkeşlərdən keçib. Alimin zəngin və mənalı həyatı bugünkü müstəqil Azərbaycanın gəncliyi üçün bir məktəbdir. Rəhim müəllim ağır şəraitdə yüksək səviyyəli, alicənab bir şəxsiyyət kimi formalaşdı və dəyərli alim kimi astronomiya elminin ölkəmizdə təbliğində və inkişafında öz rolunu oynadı. Azərbaycan ziyalıları sırasında öz mövqeyi və şəxsiyyəti, dəst-xətti ilə tanınmış böyük alim, astrofizika üzrə Azərbaycanda ilk fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, Beynəlxalq Astronomiya İttifaqının üzvü, respublikanın Əməkdar müəllimi, professor R.Hüseynov bu sahənin inkişafına böyük töhfə verib.

 

Professor Rəhim Hüseynov 1924-cü ilin sentyabrında Şuşa şəhərində dünyaya gəlib. Vaxtında məktəbə getmək imkanı olmadığı üçün özündən 3 yaş böyük qardaşının kitablarından istifadə etməklə əvvəlcə təhsilini evdə alıb, öyrəndiklərini isə yaşlılar  “yoxlayıb” qiymət veriblər. 1933-cü ilin payızında ailəsi ilə Ağdam şəhərinə köçüb və xalq arasında böyük nüfuza malik Mirkazım müəllimin direktor olduğu 1 nömrəli natamam orta məktəbin IV sinfinə qəbul olunub. O,  1937-ci ildə bu məktəbin VII sinfini bitirərək təhsilini Bakıda davam etdirməyə başlayıb. 1940-cı ildə orta məktəbi əla qiymətlərlə başa vuraraq həmin il imtahansız Azərbaycan Dövlət Universitetinin (ADU) fizika-riyaziyyat fakültəsinə daxil olub. 100 illik yubileyini qeyd etməyə hazırlaşdığımız BDU-nu 1946-cı ildə fərqlənmə diplomu ilə bitirib.

 

İstedadlı məzun aspiranturada oxumaq üçün universitetdə saxlanılır və  1946-cı ilin yayında Azərbaycan Elmlər Akademiyası və ADU-nun  respublikada Astrofizika Rəsədxanası üçün əlverişli yerin seçilməsi məqsədilə birgə elmi ekspedisiyasının iştirakçısı olur. 1953-cü ildən Pirqulu Astronomiya stansiyası və 1956-cı ildən fəaliyyət göstərən Astrofizika Rəsədxanasında “Günəş fizikası” şöbəsinin rəhbəri olan R.Hüseynov, eyni zamanda Rəsədxanada elmi hissə üzrə direktor müavini təyin edilir. Rəsədxana yaranan ili onun baş planında nəzərdə tutulan və bir neçə il öncə Leninqradda xüsusi zavodda sifariş edilən Üfiqi Günəş Teleskopu alınaraq qurulub və müvəffəqiyyətlə işə salınıb. Bu işlərdə Rəhim müəllimin böyük rolu olub. Rəsədxanada işlədiyi 20 ildən çox müddətdə bu elm ocağının yaranması və inkişafında R.Hüseynov böyük əmək sərf edib. Buraya rəsədxananın elmi-texniki bazasının yaradılması, yüksək ixtisaslı kadrların hazırlanması, dünyanın başqa rəsədxanaları və astronomiya ilə məşğul olan elmi mərkəzlərilə əlaqəsinin yaradılması, elmi istiqamətlər üzrə tədqiqatların aparılması kimi kompleks məsələlər də daxil idi. 1957-ci ildə Yerin ilk süni peyki buraxılan ərəfədə R.Hüseynov həmin peyki müşahidə etmək məqsədilə universitetdə xüsusi stansiyanın yaradıcısı, rəhbəri və əsas aparıcısı olub.

 

Rəhim müəllim 1953-cü ildə astrofizika üzrə elmlər namizədi, 1971-ci ildə isə elmlər doktoru dərəcələrini alıb. Professorun elmi istiqamətinə Astrofizika və radioastronomiya, Günəşin radiooptik şüalanma xüsusiyyətləri və relyativist elektronların Günəşin məhəlli maqnit sahələrində şüalanması, Günəşin alışmalarının ilk mərhələsində güclü nöqtəvi partlayış nəzəriyyəsinin tətbiqi, planetar dumanlıqların əsas parametrlərinin təyini üsullarını əhatə edib.

 

Alimin tədqiqat işlərinin nəticələri dünyanın ən mötəbər elmi mərkəzlərində məşhur alimlər tərəfindən xüsusi qeyd olunub.

 

1969-cu ildə Rəhim Hüseynov Beynəlxalq Astronomiya İttifaqının üzvü seçilir. O, astronomiya sahəsində Çexoslovakiyada, İngiltərədə keçirilən qurultaylarda iştirak edib. Pulkovo Rəsədxanasında, Krım Astrofizika Rəsədxanasında, Moskva, Sankt-Peterburq, Kiyev universitetlərində, Rumıniya, Çexoslovakiya və Türkiyənin elm-təhsil mərkəzlərində və müəssisələrində dəfələrlə məruzələr edib.

 

Professor R.Hüseynov 1975-ci ildə Bakı Dövlət Universitetində təşkil olunmuş Astrofizika  kafedrasının 17 il rəhbəri olub. 1992-ci ildən ömrünün sonuna qədər BDU-nun professoru vəzifəsində çalışıb. Səmərəli pedaqoji fəaliyyəti nəzərə alınaraq ona 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adı verilib.

 

Ömrünün 65 ilini Rəhim müəllim elmi-pedaqoji fəaliyyətə həsr edib, bir neçə namizədlik dissertasiyasının rəhbəri, bir doktorluq işinin məsləhətçisi olub, 70-dən çox elmi məqalənin, 6 elmi-kütləvi kitabın, bir neçə monoqrafiyaların, ali və orta məktəblər üçün dərsliklərin müəllifidir. “Astronomiya Terminləri Lüğəti”nin işıq üzü görməsi də professor Rəhim Hüseynovun adı ilə bağlıdır. Birinci həmmüəllifi və redaktoru olan doqquz min söz və ya sözbirləşmələrindən ibarət bu üçdilliyin - Azərbaycanca-Rusca-İngiliscə lüğətin sonunda Günəş və Ay təqvimləri haqqında daha dəqiq hesablamalara əsasən mühüm əlavələr verilib.

 

Bir alim kimi professor R.Hüseynovu səciyyələndirən əsas cəhət onun məşğul olduğu problemləri dərindən bilməsidir. O, xalqını, Vətəni Azərbaycanı böyük məhəbbətlə sevirdi. “Günəş”in tədqiqatçısı olan Rəhim müəllim özü Günəşin bir parçası kimi hərarətli və nurlu bir şəxsiyyət idi.

 

Böyük alim olmaqla yanaşı, R.Hüseynov ziyalı bir ailənin başçısı olub. Rəhim müəllimin yeganə övladı - oğlu Fərhəng Hüseynov görkəmli bəstəkar idi. Respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüşdü. O, 2010-cu ilin əvvəlində 60 yaşında gözlənilmədən vəfat etdi. Bu itki Rəhim müəllimi həddindən artıq sarsıtmışdı.

 

Taleyin ağır zərbəsini bu müdrik insan mətanətlə qarşıladı, əyilmədi, sərtləşmədi, ürəyi daşa dönmədi. O, ipək kimi yumşaq xasiyyətə malik insan idi. İstedadlı alim, Rəhim Əyyub oğlu Hüseynov 2012-ci il avqustun 21-də ömrünün 88-ci ilində dünyasını dəyişdi.

 

Rəhim müəllim elm, təhsil sahəsindəki zəngin fəaliyyəti ilə onu tanıyanların qəlbində möhtəşəm bir abidə qurdu. O, şirin bir xatirətək onu sevənlərin qəlbində  daim yaşayacaqdır.

 

Məhəmmədəli RAMAZANOV,

BDU-nun Fizika fakültəsinin dekanı, professor



05.10.2019 | 10:34